“Breksit” üzrə danışıqlarda Avropa İttifaqı (Aİ) nümayəndə heyətinin rəhbəri Mişel Barnye Britaniyanın Aİ-dən çıxmaq planının əsas müddəalarını rədd edib
Tərəflər arasında görüşün Avropa Komissiyası tərəfindən dərc olunan stenoqrammasına görə, avropalı siyasətçi Londonun azad ticarət zonasının yaradılması tələbini və gömrük qaydalarına dair təklifini “qəbuledilməz” adlandırıb.
Barnye bildirib ki, planın müddəaları “Avropanın daxili bazarının bütövlüyünü şübhə altına alır”.
Baş nazir Tereza Meyin planında sənaye məhsulları üçün “qaydalar məcmusunun” Aİ tərəfindən qəbulu nəzərdə tutulur. Bu kontekstdə malların maneəsiz istehsalının təmin edilməsi üçün Böyük Britaniya ilə kontinental Avropa arasında yarımfabrikatların daşınmasının zəruriliyi ön plana çıxarılır.
Tereza Meyin planına görə, Aİ vətəndaşlarının qitə ilə Böyük Britaniya arasında sərbəst hərəkəti dayandırılmalıdır. Brüssel isə bunun tam əksini tələb edir. Bundan başqa, London Avropa Gömrük İttifaqını da tərk etmək niyyətindədir.
“Breksit” üzrə danışıqlarda əsas mübahisəli məsələlərdən biri gələcəkdə Aİ ilə Böyük Britaniya arasında sərhəd olacaq İrlandiya və Şimali İrlandiya sərhədində nəzarətin həyata keçirilməsidir. Brüsselin təklifinə görə, Aİ-nin gömrük qaydaları qeyri-müvəqqəti məhdudiyyətlər olmadan Şimali İrlandiyaya şamil olunacaq. Bu, Şimali İrlandiya və Böyük Britaniya arasında gömrük nəzarətinin tətbiq olunması deməkdir. Rəsmi London bu təklifi rədd edir. Barnye növbəti dəfə bəyan edib ki, bu qərar olmadan “Breksit” sazişini imzalamaq mümkün deyil. (modern.az)
MilliYol.Az