Avstraliyanın Queensland Texnologiya Universitetinin tədqiqatçıları dünyanın nadir dəniz qoruğu olan Böyük Sədd Rifini mühafizə etmək məqsədilə yeni sualtı cihaz - robot hazırlayıblar
Uzaqdan idarə edilən, "Rangerbot" adlanan cihaz mərcan poliplərini yeyən dəniz ulduzlarını məhv edəcək. Bir dalğıcdan təxminən üç dəfə daha artıq müddətdə su altında qala bilən cihaz suyun keyfiyyətini operativ müəyyənləşdirmək, ərazidəki suyun çirklənməsi ilə bağlı məlumat toplamaq qabiliyyətinə də malikdir. Təxminən 15 kiloqram ağırlığında olan "Rangerbot"un uzunluğu 75 santimetrdir.
Xatırladaq ki, Mərcan dənizində 344 min 400 kvadratkilometr sahəni əhatə edən Böyük Sədd Rifinin ərazisində 5 mindən çox canlı, o cümlədən 500-dən artıq balıq növü yaşayır. Son illər qlobal istiləşmə nəticəsində okeanlarda turşuluğun artması riflərin məhvinə gətirib çıxarır.
Bundan başqa, təsərrüfatlarda istifadə olunan kimyəvi maddələrin sulara qarışması nəticəsində çoxalan dəniz ulduzları mərcan poliplərini yeyərək riflərə zərər verir.
İldə 1,6 milyon ziyarətçi ilə Avstraliya iqtisadiyyatına təxminən 5 milyard ABŞ dolları həcmində gəlir gətirən Böyük Sədd Rifi 1981-ci ildən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması siyahısına daxil edilib.(azərtac)
MilliYol.Az