"Baloğlan kimi sənətkarlardan məncə çox azdır"
Məşhur türk müğənnisi Sərdar Ortaçın Milli.Az-a müsahibəsini təqdim edirik:
- Sərdar bəy, bir müddət əvvəl Bakıda konsert verdiniz. Bu paytaxtımıza neçənci gəlişiniz idi?
- Vallah artıq sayını itirmişəm, mənə elə gəlir ki, 5-6-cı dəfədir ki, Bakıda qonaq oluram.
- Hər gəlişinizdə Bakıda nələrin dəyişdiyinin şahidi olursunuz?
- Bakını Amerika ilə müqayisə edə bilərəm. Yolları çox gözəl, insanları istiqanlı. İnsanlar bir-birinə sayğı və hörmət göstərirlər. Bir sözlə, Bakıda sözün əsl mənasında "insan" kimi yaşayırlar. Halal olsun! Mən heç vaxt təsəvvür etməzdim ki, 10 ilə Bakı bu qədər dəyişəcək!
- Bizim sənətçilərdən kimləri tanıyırsınız?
Mən gənc olanda hamısını dinləyirdim, indi bir çoxu yaşa dolub. Baloğlan Əşrəfovun "Nədəndir" mahnısını dinləyəndən sonra onu ifa etmək istədim. "Pərişan bir eşqi hara apardın?" adlı bir mahnınızı da əzbərdən bilirəm. Amma kimin oxuduğu yadımda qalmayıb. Sizin pop starı Aygün Kazımovanı da tanıyıram. Yeni ifaçılardan o qədər də yadda qalanları yoxdur. Elsevərin "Dəstəyi qoyma yeri" mahnısı isə Türkiyədə çox sevilir. Bu adlarını çəkdiyim məşhurların hamısını tanıyıram.
- Baloğlan Əşrəfovla görüşünüzü necə xatırlayırsınız?
- Baloğlan Əşrəfov konsertimdə ön sırada oturmuşdu. Sözün əsl mənasında o vaxt çox sevinmişdim. Daha sonra eşitdim ki, xəstələnib. Çox şükür Allaha ki, indi yaxşıdır. Baloğlan kimi sənətkarlardan məncə çox azdır. O həqiqi sənət göstərir. Onun kimi sənətçilərin yanında mən heç kiməm.
- Amma sizin də Azərbaycanda sevənləriniz kifayət qədərdir.
- Azərbaycan uzaqda olsa da bizim qardaş ölkəmizdir. Sabah bir şey olsa biz həmişəki kimi bir-birimizin yanında olacağıq. Bəli, xəbərim var ki, mənim mahnılarımı çox sevirsiniz. Bu bir müğənni kimi məni yalnız sevindirə bilər.
- Şou-biznesimizi yaxından izləyirsiniz?
- Nə sizin maqazin dünyasını, nə də öz maqazinimizi izləmirəm. Çünki o aləmin içindəyəm. Amma bilirəm ki, maqazin dünyası hamıya maraqlıdır. Bizdə sizə nisbətən bu sahə daha çox inkişaf edib.
- Kameralara yaxalanarkən qaçan məşhurlardansınız?
- Xeyr, mən heç vaxt kameralardan qaçmamışam. Mən hər kəslə oturub danışıram. Amma digər məşhurlar bundan qaçır.
- Uğur əldə etmək üçün müğənniyə nələr lazımdır?
- Bu Allahın qisməti ilə bağlıdır. Qismətdən sonra gələnlər artıq insanın öz əlindədir. Hamı ilə səmimi olmalısan, kiməsə yuxarıdan aşağı baxmamalısan. Bunlar olmadığı halda sənin uğurların da itib-batacaq.
- Sizin bəstələrinizi bir çox məşhurlar ifa edib. Sonuncu dəfə kimin üçün mahnı yazmısınız?
- Mən demək olar ki, hər gün mahnı yazıram. Sonuncu dəfə Ajda Pekkan, Demet Akalın üçün mahnı yazmışam.
- Bəstələriniz həmin məşhurlara uğur gətirəndə qısqanclığınız olur?
- Xeyr, heç vaxt! Mən tam başqa xasiyyətli insanam. Onları heç vaxt qısqanmıram.
MilliYol.az