Gürcüstanda 39 nəfər prezident seçkilərində namizəd kimi iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verib.
Onun sözlərinə görə, müraciət edənlərin 20 nəfəri təşəbbüs qrupu, yerdə qalan 19 nəfər isə siyasi partiyalar tərəfindən irəli sürülüb: “Bu günə qədər 39 nəfərin yalnız 4-nün prezidentliyə namizədliyi qeydə alınıb.
Bunlar “Xalqın səsi” Birliyindən Mixail Saluaşvili, “Yeni Gürcüstan-Vətəndaş Platforması”ndan Zviad Baqdavadze, Leyboristlər Partiyasından Şalva Natelaşvili və “Avropalı Gürcüstan” Partiyasından David Bakradzedir”.
Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Prezidentliyə namizədliyini vermək istəyən şəxslər seçki gününə 40 gün qalmış MSK-ya ən azı 23 923 imza təqdim etməlidirlər.
MilliYol.Az