Şam və Ankara arasında razılaşma üçün Kreml dəridən-qabıqdan çıxır
Aleksey Xlebnikov
“Middle East Eye”
Son aylarda Rusiyanın Suriyadakı siyasəti nisbətən dəyişib. Kreml əsas hərbi qüvvə və Suriya hökumətinin əsas dəstəkçisi olaraq qalır, lakin Rusiyanın münaqişəyə yanaşmasının təbiəti fərqlidir.
Rusiya hərbçiləri məhdud hava dəstəyinə cəmləşərək, terrorçu qruplara qarşı yerüstü əməliyyatlarda az iştirak edirlər. Moskva siyasi prosesə və Suriya hökumətinin hərbi müvəffəqiyyətlərinə daha çox diqqət yetirməyə başlayıb; Şam isə müxalifətlə dialoqa daha çox meyl göstərir və digər terrorçu qrupları məğlub etmək üçün mürəkkəb üsullar nümayiş etdirir.
Bu, barışıq mühiti yaradır və radikal silahlı qrupların çıx-daş ediləcəyinə siqnaldır. Həm də bu, Moskvanın mövqeyini gücləndirir, bölgə aktyorları və Qərbə Dəməşqin müsbət şəkildə dəyişdiyini ifadə edir.
Suriyanı sabitləşdirmək
Ancaq Rusiya Suriyada siyasi sahədə praktik nəticələr göstərməlidir. Moskva öz sərhədlərindən kənarda uğurlu hərbi kampaniya aparmağa qadir olduğunu dünyaya bildirib. İndi siyasi və humanitar aspektlər qüvvəyə minir və onlar daha çətin, davamlı və bahalı olacaq.
Moskva Suriya nümunəsində xaos şəraitində olan ölkəyə yanaşmasının ABŞ-ın yanaşmasından daha uğurlu olduğunu da dünyaya göstərmək istəyir. Suriyanı sabitləşdirmək və yenidən qurmaq – Rusiyanın əsas məqsədidir.
Lakin hətta Çin, İran və Türkiyənin köməyi ilə belə o, Suriyanı yenidən qura bilməyəcəyini anlayıb. Qərb və Körfəz ölkələrini də gəmi göyərtəsinə götürməyə ehtiyac var. Amma Qərb ölkələri, xüsusilə də ABŞ, nağd pul vermək istəmir və Bəşər Əsəd hökumətinin hakimiyyətdə olması fikrinə qatılmır.
Buna görə də, Qərb siyasi keçidə israr edir, bu da son nəticədə Əsədin sıxışdırılmasına gətirib çıxarır – uzun müddət münaqişə tərəfləri arasında müzakirələrin mərkəzində duran problem.
Eyni zamanda, Moskva qərbli tərəfdaşlarla və regional aktyorlarla əməkdaşlığı tələb edən qaçqınların qaytarılması üçün layiqli şərait yaratmalıdır. Bununla bərabər, geniş miqyaslı yenidənqurma prosesi başlamalıdır.
Moskva məqsədlərinə yetişmək üçün yüz minlərlə suriyalı qaçqını gəmisinə götürmüş Aİ ölkələri üçün ən mübahisəli və həssas məsələlərdən birini istifadə edir. O, Avropaya qaçqın yükünü asanlaşdırmaq və suriyalılar üçün evə qayıtma şəraiti yaratmaq təklifini irəli sürüb.
Yenidənqurma prosesi
Avropalı tərəfdaşlarını Suriyanın yenidən qurulmasında iştirak etməyə razı salmaq üçün Kreml əlindən gələni edir. İran burada xüsusi amil ola bilər: Aİ və Körfəz ölkələri yenidənqurma prosesinə qatılmaqdan imtina edirsə, Suriyada İrana daha çox yer ayrılır. Həmçinin, yenidənqurma əməliyyatı bəzi regional və qlobal güclərə Suriyada İranın varlığını məhdudlaşdırma şansı verir.
Körfəz ölkələri bu dinamikanı anlayır, bu da son dövrlərdə Rusiyaya Səudiyyə, BƏƏ və Qətər liderlərinin səfərləri ilə təsdiqlənir. Həmin dövlətlərdə Suriya artıq bitmiş oyundur və onlar iqtisadi vasitələr, İranın məhdudlaşdırılması yolu ilə itkilərini minimuma endirmək istəyir.
bu arada, İdlib ətrafında vəziyyət mürəkkəbləşir. Suriyadakı son hərbisizləşdirilən zona və üsyançılar üçün təhlükəsiz liman bir müddətdir ki, Türkiyənin təsir mərkəzi olub. Ankara orada müxalif qruplara dəstək verməkdədir. Astana müqavilələrinə görə, bu ərazidə təhlükəsizliyi təmin etmək üçün Türkiyə 12 müşahidə postu qurub.
Ankara da Rusiyanın ortağı və Astana prosesinin zaminidir. Moskva Suriya münaqişəsinə öz yanaşmasını təsdiqləmək və Qərb-NATO-nun tənqidlərinə qarşı Ankara ilə uzlaşmaq istəyir.
Amma Suriya siyasətində ardıcıl olmaq üçün Rusiyanın son olaraq İdlibi Suriya hökumətinin nəzarətinə qaytarması vacibdir və eyni zamanda, o, Türkiyə ilə qarşıdurmadan çəkinir.
Son aylarda İdlib əyalətindən Latakiya vilayətindəki Rusiya hərbi personalına qarşı hərbi və aeronavtika hücumları baş verib.
Deməli, Türkiyə və Suriya hökumətlərini məqbul bir plana yönəltmək üçün Moskva qanuni səbəb göstərməlidir.
Ankara ilə əməkdaşlıq
Rusiyanın suriyalı qaçqınların evlərinə dönməsi ilə bağlı yeni prioriteti də nəzərə alınmalıdır. Türkiyə bu məsələdə ən əhəmiyyətli tərəfdaş olaraq görülür, çünki ən çox qaçqın – üç milyon nəfər onun ərazisində məskən salıb.
Rusiya və Şamın İdlibə qarşı geniş miqyaslı hərbi hücumu – son çarədir, çünki bu, Türkiyə sərhədlərində böyük qaçqın axını meydana gətirər.
Çox güman ki, Ankara və Şam arasında razılaşma bölgədəki hər bir tərəfin hərbi varlığının təbiətini təyin edəcək. Ankaranı ABŞ-a yönəldəcək Suriya-Türkiyə hərbi qarşıdurması az ehtimal olunandır.
İdeal olaraq, Rusiya İdlibə dair Türkiyə və Suriya hökumətinin silahlı qruplara qarşı məhdud birgə hücumu və qaçqınların qaytarılması üçün humanitar həll yolu tapmaq istəyir.
Digər mühüm amil Suriyanın şimalında istənilən formulun tərkib hissəsi olan kürdlərdir. Suriya kürdləri ilə Şam arasında və kürd qrupları ilə Rusiya arasında əlaqələr sıxlaşıb. Kürdlər neft-qaz yataqları və neftayırma zavodları gəlirlərinin bölüşdürülməsi, bir növ, muxtariyyət müqabilində Dəməşqlə razılaşa bilər.
İdlibdəki vəziyyəti hazırda yolayrıcı kimi xarakterizə etmək olar. Rusiya və tərəfdaşlarının status-kvonu saxlaya biləcəyi və ya yeni, daha mürəkkəb reallıqla üzləşəcəyi tezliklə aydın olacaq.
Tərcümə: strateq.az
MilliYol.Az