Hikmət Hacıyev: “Həssas məsələyə toxunulduğu üçün şərh vermək qərarına gəldik”
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, prezidentliyə keçmiş namizəd Zahid Oruc Fransada yaşayan Vidadi İsgəndərlinin youtube.com-a yerləşdirdiyi təhqirlərlə və silahlı mübarizə çağırışları ilə dolu videoçıxışları ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyini tədbirlər görməməkdə ittiham edib.
Musavat.com-a açıqlamasında Zahid Oruc bildirib ki, məsələyə ən ciddi reaksiyanı verməli olan qurumlardan biri Xarici İşlər Nazirliyidir. İstənilən bir ölkədə hər hansı bir yerli vətəndaşlar və ya əcnəbilər vasitəsilə, məsələn, Fransaya, Almaniyaya qarşı Vidadi İsgəndərlinin səsləndirdiyi fikirlər, hədələr kimi hədələr səsləndirilsəydi, Fransanın, Almaniyanın Xarici İşlər Nazirliyi susmazdı: “Bir Fransa vətəndaşı gəlib Bakıda yerləşdikdən sonra Fransaya, onun hökumətinə qarşı Vidadi İsgəndərlinin dilə gətirdiyi şəkildə fikirlər işlədib internetdə yaysaydı, Fransanın Xarici İşlər Nazirliyi Azərbaycanın Parisdəki səfirliyindən, səfirdən izahat istəyərdi, səfiri dəvət edib ona nota təqdim edərdilər. Bizi topa tutardılar, məsələmizi BMT-yə çıxarardılar, bizi terrora çağırış edən adamlara sığınacaq verməkdə ittiham edərdilər.
Azərbaycandan rəsmi izahat istəyərdilər. İndi isə ortalıqda artıq illərdir ki, sırf kəşfiyyat orqanları vasitəsilə himayə olunan, bəlkə də ayaqlarına müxtəlif nəzarət qurğuları bağlanmış bu adamlar bizim əleyhimizə dini radikallardan daha kəskin fətvalar verməkdədirlər. Azərbaycanın Xarici İşlər Nazirliyi isə bu məsələyə gərəkən reaksiyanı vermir. Hüquq sistemində ən ağır əməl nə sayılırsa, Vidadi İsgəndərli bundan daha ötəsini söyləyir. Xarici İşlər Nazirliyi bundan artıq daha hansı hədələri, təhqirləri görüb işə keçəcəkdir?! Bu nazirlik niyə hərəkətə keçmir?! Axı onların vəzifəsi dövlətin, xalqın, hakimiyyətin üzərinə tuşlanan zərbələrə qarşı çıxmaqdır. Respublika Prokurorluğu və Xarici İşlər Nazirliyi bu məsələdə birlikdə addımlar atmalıdırlar”.
Deputat deyib ki, Azərbaycan XİN Fransanın Bakıdakı səfirliyinə Vidadi İsgəndərli barədə rəsmi müraciət göndərməlidir. Vidadi İsgəndərlinin başdan-ayağa cinayət saçan videoçıxışları fransız dilinə tərcümə edilib, səfirliyə təqdim edilməlidir: “Səfiri və ya səfirlik təmsilçisini dəvət edib, onların qarşısında məsələ qaldırılmalıdır ki, bu cür ağır cinayət xarakterli çıxışlar sizin ölkənizdə sığınacaq verilən birisi tərəfindən edilir və hüquq tələb edir ki, ölkəniz bu məsələ ilə bağlı qanuni tədbir görsün. Azərbaycanda terrorçuluğu Vidadi İsgəndərli təbliğ edir. Respublika Prokurorluğu, Xarici İşlər Nazirliyi hara baxır? Gözləməliyik ki, mütləq silahdan atəş açılsın, onda hərəkətə keçsinlər? Cəmiyyətə izahat verilməlidir ki, Avropadan üzərimizə yağdırılan təhqirlərə, hədələrə qarşı hansı qanuni tədbirlər görülüb və ya görülür”.
Deputatın qaldırdığı məsələ və səsləndirdiyi suallarla bağlı musavat.com Xarici İşlər Nazirliyinə sorğu göndərib. Sentyabrın 6-da XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sorğunu cavablandıraraq bildirib: “Adətən, Xarici İşlər Nazirliyi olaraq fərdi fikirləri şərh etmirik. Amma bu dəfə həssas məsələyə toxunulduğu üçün şərh vermək qərarına gəldik. Sözügedən məsələlər barədə bizim məlumat və təhlillərimiz yalnız youtube-da verilən bir neçə video və sosial şəbəkə postları ilə məhdudlaşmır. Onu əlavə edə bilərəm ki, Xarici İşlər Nazirliyi müvafiq tapşırıqlar və təlimatlar əsasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Amma digər məsul dövlət qurumları kimi əvvəlcədən bir çox məsələlər barədə məlumat və ya şərh verilmir”.
MilliYol.Az