“Suriyanın İdlib vilayətinə hücum qırğına səbəb olar”
Bu xəbərdarlıqla Türkiyə prezidenti Rəcəp Tayyip Ərdogan çıxış edib.
Qeyd edək ki, Suriyada hökumət qüvvələri üsyançıların əlində olan sonuncu böyük regiona hücuma hazırlaşırlar.
“Ora raket yağdırılsa, qırğın baş verə bilər”, – Ərdogan sentyabrın 5-də Qırğızıstana rəsmi səfərdən qayıdarkən jurnalistlərə deyib.
Ərdogan İdlibdə çox qəddar prosesin getdiyini deyib, ağır döyüşlərin Türkiyəyə qaçqın axını yaradacağı xəbərdarlığını edib.
Bu məqamda Suriya əsgərləri Türkiyəylə sərhəddə yerləşən vilayətin ətrafına yığışırlar.
Sentyabrın 4-də Suriya prezidenti Bəşər Əsədin əsas müttəfiqi olan Rusiya İdlibə hava hücumlarını bərpa edib. Suriya İnsan Haqlarını Müşahidə Təşkilatının məlumatına görə, azı 12 nəfər öldürülüb. Hava zərbələrinə 22 günlük fasilə verilmişdi.
İdlibdə 3 milyon nəfər yaşayır və BMT xəbərdarlıq edib ki, bura hücum nəticəsində 800 min nəfər evindən didərgin düşə bilər.
İndiyədək müharibədə 400 mindən çox adam həlak olub, milyonlarla adam köçkünə çevrilib.
Türkiyə münaqişədə müxalifət qruplarını dəstəkləyir, amma Rusiya və İranla birlikdə danışıqlara da sponsorluq edir.
Ərdogan sentyabrın 7-də Tehranda Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı Həsən Ruhani ilə görüşəcək, Suriyadakı durumu müzakirə edəcək. (Azadliq.org)
MilliYol.Az