Ölkədə artıq pambıq yiğımı başlayıb və bir çox mütəxəssislərin fikrincə, bu il pambıq yığımında məhsuldarlıq keçən ilkindən də aşağı olacaq
Rayonlardan əldə etdiyimiz məlumatlardan görünür ki, məhsuldarlığın aşağı olmasını yerli mütəxəssislərin böyük əksəriyyəti məhz yeni rəhbərliyin qeyri-peşəkarlığı ilə əlaqələndirirlər. Yerlərdə deyirlər ki, İnam Kərimov bu sektora bələd olmadığından nəzarəti tam ələ ala bilməyib və mütəxəssislərə də etimadsızlıq nümayiş etdirib.
Pambıq yığımına start verildiyi ilk günlərdə pambıqçılıq rayonlarında təcili müşavirələr çağırılıb. PİA.az-a daxil olan məlumatda bildirilir ki, müşavirələrin çağırılmasına səbəb pambıqçılıq rayonlarının təsərrüfat rəhbərlərinin pambıq yığımına dair əndişələri ilə bağlıdır. Əndişənin səbəbi pambıq sahələrindən məhsul yığımına dair proqnozların doğrulmayacağı ilə bağlı ciddi şübhələrdir.
PİA.az-a Kənd Təsərrfatı Nazirliyindəki mənbədən daxil olan məlumata görə, məhsuldarlıqla bağlı yerlərdən əldə olunan məlumatlar heç də ürəkaçan deyil. Belə ki, bir çox mütəxəssilər həmin məlumatları incələdikdən sonra pambığın builki məhsuldarlığının aşağı düşəcəyini proqnozlaşdırıblar. Bu hesabatın həm Kənd Təsrrüfatı naziri İnam Kərimova, həm də Prezident Adminstrasiyasında aqrar sektorla məşğul olan şəxslərə çatdırıldığı bildirilir. Yaranmış vəziyyətdən isə İnam Kərimov çətin vəziyyətə düşüb. İddialara görə, hesabatda proqnozların yerinə yetirilməməsi daha çox yeni rəhbərliyin naşılığı ilə əlaqələndirilir.
Mütəxəssislərə görə, pambıq tarlalarının vaxtında və lazımi qaydada və səviyyədə suvarılmaması, sahələrdə düzgün, elmi yanaşma əsasında aqrotexniki qulluğun aparılmaması məhsulun toplanması ərəfəsində heç də ürəkaçan olmayan bir mənzərənin ortaya çıxmasına səbəb olub. (Qeyd edək ki, eyni sözləri aqrar sektorun digər sahələri ilə də bağlı da söyləmək olar.). Yerli mütəxəssislərin və monitorinq qruplarının mənfi rəyləri deyilənləri təsdiqləyir. Vəziyyətin ürəkaçan olmadığı barədə ölkə rəhbərliyinin də məlumatlandırıldığı söylənilir və bütün bunlar da İnam Kərimovun narahatlığını daha da böyüdür.
Digər tərəfdən naziri narahat edən məsələlərdən biri də yayın ilk aylarında- hansı ki, pambıq sahələrinə qulluğun vacib olduğu aylarda bu sahəyə məsul mütəxəssislərin pambıq zəhərlənmələri adı altında həbsi və bu ajiotajın oan qarşı çevrilməsi ilə bağlıdır.
İddialara görə, bu zəhərlənmələr təxribat xarakterli olub və bir çox mütəxəssis zəhərlənmə halları ilə bağlı ya işdən uzaqlaşdırılıb, ya da həbs edilib. Hazırda isə pambıq zəhərlənmələri dönəmində sahənin başlı-başına buraxılması və qaydaya uyğun becərmənin həyata keçirilməməsinin məsuliyyətini də İnam Kərimov və ona yaxın şəxslər daşıyacaq. Çünki iddialara əsasən, pambıqçılıq üzrə mütəxəssislərin həbsi üzündən aqrar sahəyə, xüsusən də pambıqçılıq sahəsinə aqrotexniki qulluq məsələləri nəzarətdən çıxıb.
Rayonlardan əldə etdiyimiz məlumatlardan isə görünür ki, yerli mütəxəssislərin böyük əksəriyyəti yaranmış durumu məhz yeni rəhbərliyin qeyri-peşəkarlığı ilə əlaqələndirirlər. Yerlərdə deyirlər ki, İnam Kərimov bu sektora bələd olmadığından nəzarəti tam ələ ala bilməyib və mütəxəssislərə də etimadsızlıq nümayiş etdirib.
Qeyd edə ki, yerlərdən aldığımız məlumatlar onu deməyə əsas verir ki, hazırda kənd təsərrüfatı sahəsində əvvəlki problemlər nəinki qalır, hətta artır da. Builki kənd təsərrüfatı məhsullarının qiymətlərini ötən illə müqayisə etsək, ciddi bahalaşmanın baş verdiyini görərik. Bu yay zəruri kənd təsərrüfatı məhsullarının qiymətində ciddi artımlar müşahidə olunub və Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi isə hələ ki, bahalaşmanın səbəbləri ilə bağlı ciddi arqumentlər ortaya qoya bilmir. Görünür, hələ də bu sahənin öyrənilməsi ilə məşğul olur...
Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.
MilliYol.Az