"Azərbaycan dövlətinin apardığı müstəqil siyasəti istəməyən insanlar Rusiya ilə əlaqələrinin pisləşməsinə çalışırlar. Ancaq bu cür cəhdlər Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərə bilməz"
Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "Qasid" firmasının prezidenti Mirkazım Kazımov bildirib.
Deputat deyib ki, Rusiya Azərbaycanın böyük qonşusu və strateji müttəfiqi olan dövlətdir:
"Azərbaycan bütün dövlətlərlə, o cümlədən Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq siyasəti yürüdür. Kimsə Azərbaycanın bu siyasətinə qarşı çıxmaqla heç nəyə nail ola bilməz. Rusiya ilə Azərbaycan arasında bir çox sahələrlə qarşılıqlı əməkdaşlıq mövcuddur. Hesab edirəm ki, Rusiyaya "düşmən dövlət" gözü ilə baxmaq olmaz. Biz Rusiyaya qarşı düşmənçilik siyasəti yürüdə bilmərik. Əksinə, biz Rusiya ilə dostluq, qardaşlıq və tərəfdaşlıq siyasəti aparmalıyıq".
1990-cı ildə Bakıda törədilən qanlı 20 yanvar hadisələrində Moskva hökumətinin rolunun olması məsələsinə də toxunan Mirkazım Kazımov qeyd edib ki, 20 yanvar faciəsinin günahkarı Rusiya dövləti deyil:
"Həmin dövrdə SSRİ rəhbəri olmuş Mixail Qorbaçovun apardığı özbaşınalıq siyasəti nəticəsində Azərbaycanda 20 yanvar hadisələri törədilib.
Mixail Qorbaçovun məqsədi də məhz bu cür yollarla SSRİ-ni dağıtmaq idi. Həmin dövrdə 20 yanvar faciəsinə bənzər hadisələr bir neçə keçmiş SSRİ ölkələrində də törədilmişdi. Məqsəd millətçiliyi gücləndirib SSRİ-ni dağıtmaq olub. Yəni, bu hadisələrini törədənlər indiki Rusiya Federasiyası deyildi. Hesab edirəm ki, 1990-cu ilin 20 yanvar hadisələrini indiki Rusiya hakimiyyəti törətməyib".
Ötən həftə Prezident İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşlə bağlı da danışan deputat bildirib ki, sözügedən görüş Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş addımdır:
"Cənab Prezident hər zaman cəhd edir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. unun üçün də bütün imkanlarından istifadə edir".
MilliYol.Az