Hələlik gizli saxlanılan planın icrasına başlanıb, mümkün müqavimət ocaqları söndürülür, ərəb ölkələri yeni planın icrasına dəstək verir
Bir tərəfdə Həmas və Mahmud Abbas hökuməti arasında Qahirədə Misir hökumətinin vasitəçiliyi ilə danışıqlar davam edir, digər tərəfdə isə İsrail ordusu Qəzza zolağına təzyiqləri artırır. Eyni zamanda bütün bunların baş verdiyi bir dövrdə Fələstin hökumətinə aid qüvvələr İslami Cihad kimi müqavimətçi təşkilatların fəallarını həbs etməyə başlayıb.
Bu arada İsrail mətbuatı yazıb ki, ABŞ İordaniya və Fələstinin birləşməsi təklifi ilə çıxış edib. Virtualaz.org yazır ki, Vaşinqton administrasiyasının xüsusi nümayəndəsi Mahmud Abbasa “İordaniya ilə konfederasiyanın xeyrinə müstəqil Fələstin dövləti ideyasından imtina etməyi” təklif edib.
Fələstin lideri Mahmud Abbas isə yalnız İsrailin bu konfederasiyanın tərkibində olacağı halda təklifi qəbul edəcəyini deyib. İordaniya tərəfi isə bildirib ki, konfederasiya haqda məsələ “müzakirə mövzusu deyil”.
Son aylarda Fələstində baş verənlər Vaşinqtonun, daha dəqiqi Trampın Fələstin münaqişəsinin həlli ilə bağlı hansısa planının olduğunu göstərir. Daha dəqiqi, mətbuat müxtəlif vaxtlarda fərqli “fələstin planlarını” gündəmə gətirir. Hətta bir qədər əvvəl ərəb mediası Vaşinqton və Qahirə Misirin Sina bölgəsində fələstinlilər üçün yeni yaşayış məntəqəsinin qurulması mövzusunda razılaşdığı haqda yazıb. Hətta İsrail də Qəzzanın Sinaya doğru genişləndirilməsini nəzərdə tutan planı dəstəkləyib və bölgənin gələcəkdə Fələstin dövlətinə çevrilməsi ilə razılaşıb. Hətta bölgəyə baxış keçirildiyi, yeni infrastruktur layihələri üçün qaynaqları ərəb ölkələrinin təmin edəcəyi bildirilirdi.
Məsələ ondadır ki, ABŞ prezidenti Donald Trampın yəhudi əsilli kürəkəni və müşaviri Cared Kuşnerin də içində olduğu qrup Fələstin məsələsinin kökündən həll olunması üçün hansısa plan üzərində işləyir.
İlk dəfə mətbuatda Fələstin planı barədə ötən ilin noyabrında məlumat yayılıb. Həmin vaxt ərəb mediası Fələstin lideri Mahmud Abbasın ər-Riyada dəvət olunduğunu və ona yeni Fələstin münaqişəsinin həlli planı barədə məlumat verildiyini yazırdı. Hətta həmin vaxt Abbasın bu plandan imtina etdiyi deyilirdi. Çünki bu hadisədən sonra Əmmanda yaşayan və Abbasın əsas sponsorlarından biri hesab olunan iş adamı həbs olunmuşdu.
O zaman bildirilirdi ki, Səudiyyə Ərəbistanı və körfəz ölkələri də Trampın yeni Fələstin planının içərisində yer alır. Hətta bu ilin aprelində Vaşinqtonda səfərdə olan Səudiyyə vəliəhdi Məhəmməd bin Salman fələstinlilərin təklif olunan sülh planı ilə razılaşmalı olduğunu deyib.
Hələliksə planın detalları haqda məlumat verilmir. Ancaq görünən odur ki, ərəb ölkələri, o cümlədən Mahmud Abbas hökuməti yeni sülh planı üçün “qollarını çırmalayıb”. Son günlərdə Fələstində əsas müqavimət qruplarının məskunlaşdığı Qəzzaya hərbi təzyiqin artması, Həmasa məxsus hərbi obyektlərin vurulması, üstəlik, İordan çayının qərb sahilində İslami Cihad kimi silahlı müqavimət təşkilatlarının liderlərinin həbs olunması Fələstində yeni anlaşma üçün zəmin hazırlamağa xidmət edir. Belə görünür ki, Abbas artıq Trampın planı ilə razılaşıb və bu planın icrasına mane olacaq, prosesi poza biləcək silahlı qrupların zərərsizləşdirilməsi üçün güclərini səfərbər edib.
Maraqlıdır ki, Qəzzaya nəzarət edən Həmas da hazırda Misirin vasitəçiliyi ilə Mahmud Abbas hökuməti ilə danışıqları davam etdirir. Ancaq Həmasın bu plandan nə qədər xəbərdar olduğu, bu prosesin içində olub-olmadığı məlum deyil. Lakin bir şey dəqiqdir ki, Fələstində Trampın və ya hazırkı ABŞ administrasiyasının ciddi dəstək verdiyi böyük bir plan hazırlanır. Bu planın Qəzzanın Sina yarımadası hesabına genişləndirilib yeni Fələstin dövləti yaradılması, yaxud da Fələstin və İordaniyanın bir konfederasiyada birləşməsi olduğunu indidən demək mümkün deyil. Bir şey məlumdur ki, bu plan hazırkı İsrail hakimiyyətini qane edir. Əks halda, İsrail buna etiraz edərdi.
Belə anlaşılır ki, amerikalıların israrla iranlıları Suriyanın cənubundan çıxarmaq, Tehran üzərinə təzyiqi artırmasının da bir səbəbi də məhz İsrail-Fələstin münaqişəsi ilə bağlıdır. Ancaq bu planın nə qədər real olduğu, yerli xalqın hansı reaksiyanı verəcəyi dəqiq deyil. Aydındır ki, plan müəllifləri mümkün etiraz və müqavimət ocaqlarını bəri başdan söndürməyə çalışır.(musavat.com)
MilliYol.az