“APA agentliyinin bağlanmasının Azərbaycan mediasına təsiri olmayacaq”, bunu BBC News Azərbaycancaya “Ayna” qəzetinin baş redaktoru Elçin Şıxlı deyib
Elçin Şıxlının fikrincə, Azərbaycan mediası ” azı on ildir ki, nəzarətdədir” deyən baş redaktor hesab edir ki, “əksinə, agentliyin bağlanması təbii proseslərin tərkib hissəsidir”.
“Deməli, nəzarətdə olan mediadan gözləntilər özünü doğrutmur, ona görə də bu proseslər gedir. Amma hansı istiqamətdə gedir, düzgün nəticələr çıxarılırmı, bu tamam başqa məsələdir”, Elçin Şıxlı vurğulayır.
Amma cənab Şıxlı onu da əlavə edir ki, “bütün məsələlərə baxmayaraq, agentlik bağlanmamalı” idi:
“Bağlanmamalı idi, əlbəttə. Adı var idi, müəyyən işlər görürdü amma həyatda hər şey baş verir. 24 il işləyən “Zerkalo” məcbur olub bağlandı. Bunlar da onun kimi”.
“Ola bilsin ki, burada bizə məlum olmayan səbəblər var, ancaq mətbuatdan oxudum ki, holdinq fəaliyyətini özü dayandırıb”, millət vəkili Fazil Mustafa BBC News Azərbaycanсaya deyib.
Onun fikrincə, Azərbaycanda medianın “kim tərəfindən maliyyələşdirilməsi” önəmlidir. “Maliyyələşdirən müflisləşdisə, bu yetərlidir ki, media orqanı fəaliyyətini dayandırsın“, deputat deyib.
Faizl Mustafa APA-nın bağlanmasının “xoş hadisə” olmadığını deyir və əlavə edir ki, bu media qurumu “kifayət qədər peşəkar” idi:
“Bizim üçün də çıxış etmək üçün bir platforma idi. Ona görə də boşluq yaranacaq”, o bildirib.
Mətbuat Şurası APA-nın öz fəaliyyətini dayandırmasına təəssüflənir. Qurumun sədr müavini Müşfiq Ələsgərli BBC News Azərbaycanca bildirib ki, agentliyin bağlanması ən azı 150-dən çox insanın işsiz qalması, onun gördüyü missiyanın yarımçıq qalması deməkdir: “Orda kifayət qədər peşəkar kollektiv çalışırdı. Hər yerdə olduğu kimi, orda da yanlışlıqlar olub”.
Cənab Ələsgərlinin sözlərinə görə, APA-nın rəhbəri Vüsalə Mahirqızı Mətbuat Şurasına bildirib ki, müəyyən məsələlərlə bağlı araşdırmanı özləri aparmaq istəyir: “Vüsalə Mahirqızı özü istəmişdi ki, prosesi özü yürütsün, istər araşdırma, istər müdafiə baxımından, sonra da qərarını elan etdi ki, agentlik fəaliyyətini dayandırır. O, nə hüquqlarının pozulması, nə müdafiə, nə də başqa bir məsələ barədə Mətbuat Şurasına müraciət edib. Lazım olsa, özü deyər ki, bizim burda hüquqlarımız pozulur, müdafiəyə ehtiyacımız var və s. Buna, görünür, ehtiyac duymayıb”, o deyir.
Cümə axşamı günü APA-nın rəhbəri Vüsalə Mahirqızı holdinqin fəaliyyətini dayandırdığını bəyan edib və bundan başqa heç bir açıqlama vermək istəmədiyini deyib.
Prezident İlham Əliyevin avqustun 1-də müharibə əlillərinə ev, maşın verilməsi mərasimindəki çıxışının mətnində yol verilən yanlışlığı yol verilib.
Avqustun 1-i axşam saatlarından APA holdinqə daxil olan APA, Lent.az və APA Sport saytlarına girişdə məhdudiyyət yaranıb.
Məhdudiyyət yaranmazdan əvvəl APA agentliyi bir təkzib yaymışdı.
Təkzibdə deyilirdi ki, Prezident İlham Əliyevin müharibə əlillərinə ev, maşın verilməsi mərasimindəki çıxışının mətnində yanlışlığa yol verilib və bunun üçün oxuculardan üzr istəyib.
APA 2004-cü ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib.
Əsasən xəbər agentliyi kimi fəaliyyət göstərən APA sonrakı illərdə nəzdində Lent.az, Kulis.az, Apa Sport kimi ayrıca saytlar, online APA TV yaratmışdı. (azpolitika.info)
MilliYol.az