Rusiya nüvə silahı məsələsində Türkiyəyə qarşı təxribata əl atır
Təhlükəsizlik üzrə ekspert: “Türkiyənin nüvə silahına sahib olmağını gündəmə gətirmək qardaş ölkəni tələyə salmaq deməkdir”
Rusiyalı siyasi ekspert İqor Nikulin Türkiyənin nüvə silahına sahib olma imkanlarından, bu istiqamətdə mütəxəssislər yetişdirə bilməsindən danışıb. Siyasi ekspertin iddiasına görə, Türkiyə təkbaşına 10 ilə, yardım olarsa 5-6 ilə nüvə silahı əldə edə bilər.
Reyting.az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl məsələni Moderator.az-a şərh edib.
- Həqiqətənmi Rusiya Türkiyənin nüvə silahına sahib olmasını istəyir, yoxsa bu cür xəbərlərin yayılması başqa məqsədlərə xidmət edir?
- Məsələni birbaşa şərh etməzdən əvvəl deyim ki, bu, Rusiya tərəfindən verilən təxribat xarakterli ideyadır. Türkiyə-ABŞ və Avropa Birliyi arsında yaşanan son illərin gərginliyindən Rusiya maksimum yararlanmaq istəyir və müəyyən mənada buna nail olub. Türkiyənin Yaxın Şərq və konkret olaraq İsraillə bağlı apardığı siyasət Rusiyanın əlinə oynamaqdır. Rusiya ilə siyasi-iqtisadi yaxınlıq, Rusiyanın mövqeyini beynəlxalq məsələlərdə dəstəkləmək, Putinlə Ərdoğanın şəxsi yaxınlığı, Türkiyənin XİN, MİT, Müdafiə Nazirliyi rəhbərlərinin Putin tərəfindən qəbul edilməsi və tapşırıqlar verməsi ABŞ-ı daha da qıcıqlandırır. Bəzi Qərb siyasi şərhçilərinin Türkiyənin hətta NATO-dan çıxarılmasının mümkünlüyünü dilə gətirməsi Rusiyanın əl-qolunu açıb və bölgənin vacib, strateji əhəmiyyətli bir ölkəsini öz tərəfində tutmaq üçün bütün diplomatik vasitələrə, o cümlədən hiyləgərliyə, təxribata əl atır. Türkiyənin nüvə silahına sahib olmağını gündəmə gətirmək də bu hiyləgər siyasətin tərkib hissəsidir və qardaş ölkəni tələyə salmaq deməkdir.
Birincisi, 12 iyun 1968-ci ildə nüvə silahının yayılmaması haqqında Müqavilə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunub, Türkiyə də bu müqaviləyə imza atan dövlətlərdəndir. Düzdür, müqavilədə göstərilir ki, imza atan dövlətlər ölkənin təhlükəsizliyinə yaranmış qorxunu, konkret təhlükəni əsaslandırıb istədiyi zaman müqavilədən imtina edə bilər. Amma, bu zaman iqtisadi sanksiyalardan tutmuş, digər beynəlxalq təcridolunmaya qədər tədbirlər görüləcəyi də bu müqavilədə əksini tapıb.
İkincisi, bu, çox bahalı bir proyektdir, Türkiyə ABŞ-ın kiçik bir sanksiyası nəticəsində iqtisadi böhrana girdi və hələ sonu bilinmir. Türkiyə bu işi təkbaşına görə bilməz. Başqasından kömək istəsə, yenə qeyd etdiyimiz müqaviləyə əsasən nüvə silahına malik dövlətlər onun yayılmaması üçün, başqa dövlətlərə kömək etməmək üçün öhdəlik götürüb. Bu müqaviləni Hindistan, Pakistan, İsrail və Şimali Koreya imzalamayıb. Heç inandırıcı deyil ki, adları çəkilən bu ölkələr Türkiyəyə bu istiqamətdə kömək edə.
Rusiyalı siyasi şərhçinin dedikləri Türkiyəni tam zəiflətməyə, Rusiyadan asılı etməyə hesablanıb. Türkiyə siyasətindəki bu kəskin dönüş qardaş ölkəyə heç bir yaxşı perspektiv vəd etmir. Rusiyadakı avtoritar rejim və Türkiyədə buna oxşar idarəetmə sistemləri bu gün rejim yaxınlığı yaradıb deyə, Türkiyənin indiki hakimiyyəti Rusiyanın simasında ”dost tapıb”. Türkiyənin Rusiya qarşısında həddən artıq aşağılayacı reveransları da hər zaman qürurlu olan bir dövlətə yaraşan deyil.
- Bəs Pakistanla Türkiyə birgə nüvə silahı yaratmağa nail olsalar, Yaxın Şərqdəki indiyədək davam etmiş oyun qaydaları dəyişərmi?
- Yuxarıda qeyd etdik ki, Pakistan nüvə silahının yayılmaması haqqında müqaviləyə imza atmayıb, amma bu o demək deyil ki, özünü ABŞ-ın, Qərbi Avropanın hədəfinə gətirəcək. İndiyədək cəmi 120 döyüş başlığına malik olan Pakistanın bu sahədə elmi-texnoloji imkanları ABŞ-a bağlıdır. Yaxın Şərqdəki siyasi vəziyyəti dəyişməyə cəhd edən Türkiyənin hansı hücumlara məruz qaldığını görürük, baxmayaraq ki, NATO üzvüdür.
Sonda onu da qeyd edim ki, hal-hazırda Türkiyə ABŞ-a, Qərbə qarşı nə qədər yanlış siyasi xətt aparsa da, bu oyuna getməyəcək, nüvə silahı əldə etməyə cəhd göstərməyəcək.
MilliYol.Az