Beynəlxalq Valyuta Fondu (BVF) Belçika hökumətinə iqtisadi artım siyasətinə yönəldilmiş vergi islahatına getməyi təklif edib
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, BVF-nin bu ölkə üçün hazırladığı yeni hesabata görə, Belçika təklif edilən korporativ mənfəət vergisinin aşağı salınmasından yaranacaq itkinin yerini əlavə tədbirlərlə doldurmalı və bununla da, vergi sistemində qalan uyğunsuzluqlar aradan qaldırılmalı, vergi siyasətinin yeni variantları irəli sürülməlidir.
Təkliflərə əsasən, hazırda korporasiya üçün “həmrəylik töhfəsi” adlandırılan yığım da daxil olmaqla 33,99 faiz təşkil edən korporativ vergi 2018-ci ildə 29 faizə, 2020-ci ildə isə 25 faizə qədər aşağı salınacaq. Bundan əlavə, “həmrəylik töhfəsi” də tədricən azaldılacaq. Gələn il bu yığım 3 faizdən 2 faizə salınacaq, 2020-ci ildə isə ümumiyyətlə ləğv ediləcək.
BVF-nin hesabatında kiçik müəssisələr üçün korporativ verginin dərəcəsinin aşağı salınması da nəzərdə tutulur. Hazırkı şərtlərə görə kiçik müəssisələr mənfəətlərinin ilk 100 min avrosu üçün 25 faizlik vergi ödəyir.
Təklifə əsasən, bu verginin dərəcəsi 20 faizə endiriləcək. Bununla yanaşı, kiçik şirkətlərin hər biri mənfəət vergisinin azaldılmasına iddia etmək üçün öz direktoruna ildə ən azı 45 min avro mükafat ödəməli olacaq.
MilliYol.Az