Sabiq baş nazir sosial şəbəkədə canlı yayım edəcək; “Siyasətçilər real aləmdə fəaliyyətlərinin daha aktiv olmasına diqqət yetirməlidirlər”
Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn uzun illər sosial şəbəkələrdən kənarda qalsa da, bir müddət öncə facebookda özünə profil açıb. Onun sosial şəbəkəyə gəlişi maraqla qarşılanıb. Bir neçə günə sabiq nazirlə dost olmaq üçün limitin dolması bunu deməyə əsas verir.
P.Hüseynlə facebooka gəlişi, oradakı fəaliyyəti, gələcəkdə bu imkandan siyasi fəaliyyəti üçün necə istifadə edəcəyi ilə bağlı söhbət etdik.
- Pənah bəy, hansı zərurət sizi sosial şəbəkələrə gətirdi?
- Onunla bağlı oldu ki, Azərbaycanda informasiya məkanı getdikdə daralır. Bir sıra hadisələrə mövqeyimi ifadə etmək üçün buna ehtiyac duydum.
- Hazırda facebookda nə işlə məşğulsunuz?
- Hələlik aktiv facebook istifadəçisi deyiləm. Lakin sentyabr ayından başlayaraq burada öz fəaliyyətimin informasiya ilə bağlı olan hissəsini ifadə etmək planım var. Facebookda çağırışlardan tutmuş əsas mahiyyət etibarı ilə analitik xarakterli yazılarımı həm keçmiş, həm də indiki zamanla bağlı yerləşdirmək fikrindəyəm. Hətta facebookun canlı efir imkanlarından istifadə etmək fikrindəyəm.
- Profil açanda çoxmu mesajlar gəldi?
- Sözün doğrusu, gələn mesajları izləmirəm. Sadəcə qısa müddətdə facebookda müşahidə apardım, qaydaları mənimsədim. İlkdə yaxınlarımdan xahiş etdim ki, dostluq göndərənləri qəbul etsinlər. Artıq dostluq limiti bitib. Bir neçə günün içərisində beş min dostluq təklifi gəldi. İndi dostluqlara əl gəzdirmək lazımdır ki, göndərənlərdən bəzilərini qəbul etmək imkanım olsun. Çünki kifayət qədər tanınmış insanlar var ki, dostluq təklifi göndəriblər, lakin qəbul edə bilmirəm. Onları dostluğa qəbul etmək istəyirəm. Texniki baxımdan hələ ki fəal facebook istifadəçisi sayıla bilmərəm. Çalışacam ki, bu qüsurları aradan qaldırım.
- Profilinizdə paylaşımlar daha çox indiki fəaliyyətlə bağlıdır.
- Sadəcə, yaxın dostlarım həm də mənim səhifəmdə tağ edərək bəzi məlumatları paylaşırlar. Çalışacam ki, siyasi tariximizlə, eləcə də, istifadəçilərə maraqlı gələcək materialları paylaşım. Məsələn, 1988-ci il hadisələrinin 31 illiyi gəlir. Bununla bağlı çox maraqlı materiallar var. Həmin materialları paylaşmaqla gündəmə gətirməyi düşünürəm.
- Facebook vaxtı ilə sizə yaxın olan və sonradan əlaqələriniz kəsilən şəxsləri tapmağa da kömək edirmi?
- Sözün doğrusu, o cür araşdırmalar aparmamışam. Bir daha qeyd edirəm ki, hazırda facebooka çox az vaxt ayırıram. Sentyabrdan daha intensiv şəkildə fəal olmağı planlayıram.
- Siyasi fəaliyyətinizin güclənməsində facebook mühüm rol oynaya biləcəkmi?
- Məncə, rolu ola bilər. Amma söhbət təkcə facebookdan getmir. Ümumiyyətlə, digər sosial şəbəkələrin də imkanlarından istifadə etmək fikrindəyəm. Sadəcə, öncəliklə buradan başlamışam.
- Sizin kimi çoxsaylı tanınmış simalar var ki, hələ də sosial şəbəkələrdən istifadə etmirlər. Onlara müraciətiniz varmı?
- Heç bir müraciətim yoxdur. Çünki bu, hər kəsin öz şəxsi işidir. Sadəcə onu deyə bilərəm ki, sosial şəbəkələrə meyllənən tanınmış simalar buna bəzi hallarda məcbur oldular. Hər pis işdə bir xeyir də var.
- Dostluğunuzda tanınmışlardan kimlər var?
Xüsusi olaraq baxmamışam. Amma İsa Qəmbər, Rauf Arifoğlu, Əvəz Zeynallı, eləcə də, sizin qəzetin xeyli əməkdaşı var.Siyasətçilərin çoxu əgər anonim profillərlə facebookda yoxdurlarsa, dostluqda olmayanlar da az deyil. Güman edirəm ki, bu sıra genişlənəcək. Partiya sədrlərindən Tural Abbaslı, Əli Əliyev kimi siyasətçilər dostluğumda var. Xeyli sayda tanınmış şəxslər var ki, axtarıram, amma sosial şəbəkələrdə olmadığını görürəm.
- Azərbaycan və dünyada baş verən hadisələrdən, gedən proseslərdən qısa zamanda məlumat almaq üçün facebookdan yararlanırsızmı?
- Hələ ki facebookdan məlumat almaq üçün istifadə etmirəm. Saytları yenə də yaxından izləyirəm. Rus, ingilis dilli saytlara da böyük önəm verirəm. Bu da dünyada baş verən hadisələr haqqında məlumat almağa kifayət qədər imkan verir. Dünyada aparıcı yerlərdə olan mətbuat orqanlarını, agentlikləri də izləyirəm. Facebook haqqında daha çox məlumat almaq üçün özümə profil açdığımı deyə də bilərəm, yəni xəbər almaq əsas səbəb deyil.
- Digər sosial şəbəkələrdən də istifadə etməyi düşünürsüz?
- Twitterə qoşulmağı düşünürəm. Amma hələlik facebook qane edir. Dostlarım təklif edirlər ki, bloq da yaradım.
- Facebooku bir partiya saymaq olarmı?
- Xeyr. Bura virtual məkandır. Müasir dövrün bir reallığı da odur ki, virtual aləmin kifayət ciddi rolu var. Amma reallıqdan çıxış etsək, heç şübhəsiz ki, real ünsiyyəti, siyasi fəaliyyəti heç cür əvəz edə bilməz.
- Müstəqillik qazandığımız illərdən 2005-ci ilə qədər insanları siyasi proseslərə cəlb etmək üçün daha çox mətbuat əsas rol oynayırdı. İndi bunu sosial şəbəkələr əvəz edə bilirmi?
- Hər dövrün öz reallıqları var. Deyə bilərəm ki, sosial şəbəkələrin televiziyaları əvəz etməsi üçün uzun zaman, inkişaf lazımdır. Saytlar da öz əhəmiyyətlərini saxlamaqda davam edirlər. Siyasətçilər real aləmdə fəaliyyətlərinin daha aktiv olmasına diqqət yetirməlidirlər.
MilliYol.Az