Türkiyənin dövlət televiziya və radio şirkəti olan TRT Ankara ilə Vaşinqton arasında davam edən siyasi gərginlik fonunda kovboy filmlərinin yayımını dayandırıb
Telekanalın onillərdir dəyişməyən efir proqramına uyğun olaraq 1980-cı illərdən bəri hər həftənin bazar günü səhər saat 09:55-dən başlayaraq Amerika istehsalı olan uzunmetrajlı kovboy filmləri yayımlanırdı. Lakin son həftələrdə kovboy filmlərinin əvəzinə "Ev Sineması" rubrikası çərçivəsində türk kinosundan seçmələr göstərilir. Hətta telekanalın efir proqramında 2 sentyabrda da türk kinosununun təqdim ediləcəyi əks olunub. Həmçinin “Vestern” rubrikası ümumiyyətlə TRT-nin efir proqramından yığışdırılıb.
Qeyd edək ik, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Ankaraya qarşı yürütdüyü siyasəti kovboyların davranışına bənzətmişdi: “Əgər Vaşinqton kovboy filmlərindəki kimi “nə istəyirəm, onu da edirəm” prinsipi ilə hərəkət etsə, biz də cavab verəcəyik”.
MilliYol.az