ABŞ Antidopinq Agentliyinin baş direktoru Trevis Tayqart Dünya Antidopinq Agentliyini (DAA) Rusiyanın hüquqlarını bərpa etməməyə çağırıb
Tayqart bildirib ki, hazırda Rusiya ilə DAA arasında fikir mübadiləsi davam edir. Onun sözlərinə görə, yol xəritəsində göstərilən şərtlər yerinə yetirilmədiyi halda DAA-nın Rusiya Antidopinq Agentliyinə statusunu qaytarması hadisələrin 180 dərəcə dəyişməsi deməkdir. Bu addım DAA-ya etimada və vicdanlı rəqabətə inanan milyonlarla idmançının ümid və arzularına sarsıdıcı zərbə olacaq.
Bu yaxınlarda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax CNN televiziya kanalına müsahibəsində deyib ki, “dopinq hər zaman olacaq” və onunla qələbə qazanmaq mümkün deyil.
Tayqart hesab edir ki, BOK prezidentinin bu bəyanatı DAA İcraiyyə Komitəsinin sentyabrın 20-də Seyşel adalarında keçiriləcək iclasında Rusiya Antidopinq Agentliyinin hüquqlarının bərpası üçün zəmin ola bilər. ABŞ Antidopinq Agentliyinin baş direktoru əlavə edib: “Ümid edək ki, bu qərar qəbul olunmayacaq, lakin əks halda biz idmançıların ruhdan düşməsinə imkan verməmək və onların təmiz idmana inamını qorumaq üçün səylərimizi əsirgəməyəcəyik”. (axar.az)
MilliYol.az