Qəza zamanı Rusiya istehsalı olan avtomobillərdə ölüm halları daha çox olur
Azərbaycanda yol qəzaları can almaqda davam edir. İllərdir ki, bu məsələ mətbuatda ictimailəşdirilsə də, müvafiq qurumlar tərəfindən çoxsaylı tədbirlər görülsə də, hər il yol nəqliyyat hadisələri nəticəsində xeyli sayda insan dünyasını dəyişir. Daxili İşlər Nazirliyi avqustun 27-dən 28-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb. Məlumatda bu da qeyd olunub ki, respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Avqustun 25-də isə Siyəzən rayonunda minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb.
Rayon ərazisində içərisində Siyəzən sakinlərinin olduğu “VAZ-2107″ və içərisində Bakının Badamdar qəsəbəsinin sakinləri olan ”Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 qadın, 1 uşaq və 3 kişi olmaqla 6 nəfər hadisə yerində ölüb, 1 uşaq isə ağır yaralanıb. 12 yaşlı uşaq Siyəzən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralı uşaqdan ötrü Bakıdan həkim komissiyası çağırılıb.
Ümumilikdə Daxili İşlər Nazirliyinin yaydığı statistikaya görə, avqust ayının 25 günündə respublikanın avtomobil yollarında 110 yol-nəqliyyat hadisəsi baş verib. yol qəzalarında 51 nəfər ölüb, 203 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, iyul ayında respublikanın avtomobil yollarında 133 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 68 nəfər ölüb, 248 nəfər xəsarət alıb.
Statistikalardan belə aydın olur ki, yol nəqliyyat hadisələri zamanı Rusiya istehsalı olan avtomobillərdə (“VAZ 2107″, ”VAZ 2106″ və s. ) ölü sayı daha çox olur. Bu avtomobillər təhlükəsizlik baxımından standartlara cavab vermir. Buna baxmayaraq bu cür avtomobillər Bakı küçələrində, rayon yollarında şütüməyə davam edir.
“Yeni Müsavat”a danışan ekspert Ərşad Hüseynov bildirib ki, bu avtomobillərin yığışdırılması sosial məsələsidir: “Hətta burada deyərdim ki, siyasi iradə də lazımdır. Çünki bu dəqiqə Azərbaycanın fərdi avtomobil parkının təxminən 30-40 faizi həmin avtomobillərdir. Onların yığışdırılması haqqında qərar qəbul edilərsə, bu qədər insan çətinliklə üzləşəcək. Ona görə də məsələ yol hərəkəti proqramı çərçivəsində həll edilməlidir. Bugünkü gününün tələbi belədir ki, yollarda istifadə olunan nəqliyyat vasitələri texniki baxımdan saz olmalıdır. Sazlıq da ”Yol Hərəkəti haqqında” qanunda 1 saylı əlavəsi ilə müəyyən olunur. Məsələn, konstruksiyanın bütün elementləri yerində olmalıdır. Eyni zamanda yol hərəkəti qaydaları, yol hərəkətinin təhlükəsizliyi tələbləri deyir ki, sürücü yolda hərəkət edən zaman həm də özünün idarə etdiyi nəqliyyat vasitəsinin imkanlarını nəzərə almalıdır. Bilməlidir ki, o, nə sürür və bu maşının texniki göstəriciləri necədir. Ümumilikdə yol hərəkəti qaydaları ilə bərabər bu məsələlər də yerində olmalıdır. Sürücü bilməlidir ki, qəza baş verən zaman nə olar. Məsələn, “VAZ-2107″nin tormoz sistemi ilə müasir avtomobillərin əyləc sistemində fərq var. Müasir avtomobillərdə ABS tormoz sistemi var ki, bu sistemin köməkliyi ilə əyləcə basanda avtomobil istiqamətini dəyişmir. Ancaq ”VAZ-2107″ avtomobilinə sərt tormoz verən zaman avtomobil istiqamətini dəyişir, yaxud da aşır. Ona görə də sürücü bunu nəzərə almalıdır”.
Ekspert bildirib ki, bu baxımdan qəzaların baş verməsində sürücülərin üzərinə böyük məsuliyyət düşür:“Azərbaycanda sürət həddi optimal müəyyən olunub. Hətta deyərdim ki, hazırda bizim ölkənin yollarında tətbiq olunan sürət rejimi sovet dönəmində, həmin avtomobillərin dəbdə olan vaxtı müəyyən olunub. Sürət rejimi ilə bağlı heç bir problem yoxdur. Sadəcə olaraq sürücü sürət rejimini özü seçməlidir. Yolda 90 sürət həddi qoyulubsa, o demək deyil ki, sürücü bütün vaxtlarda 90-la getməlidir. Yağışda, qarda, hava qaranlıq olanda və ya başqa problemlər zamanı sürücü sürəti aşağı salmalıdır. Bu da artıq sürücünün özünün qərarına aid olan bir məsələdir. Sürücü hər şeyi hesablamağı bacarmalıdır. Qəzaların bu həddə olmasında Dövlət Yol Polisinin heç bir günahı yoxdur. Dövlət yol polisi nə edə bilər? Hazırkı dövrdə hərəkətin təşkili ilə bağlı müəyyən problemlər var. Bunlar aradan qaldırılmalıdır. Ancaq başlıca məsuliyyət avtomobil idarə edən şəxsin üzərinə düşür. Yol polisinin üzərinə düşən məsuliyyət, sadəcə olaraq hərəkətin təşkili ilə bağlı müəyyən nüanslardır. Sadəcə olaraq əsas məsələ sürücü hazırlığının keyfiyyətini artırmaq olmalıdır ki, yollarda peşəkar sürücülər olsunlar və təsadüfü adamlar sürücülük hüququ qazana bilməsinlər. Bu dəqiqə sürücü hazırlığı məsələsi arzu olunan səviyyədə deyil. Hazırlıq səviyyəsi yüksək olsa, həmin sürücü yollarda bu qədər səhv etməz. Bu gün bəzi yollarımızda işıqlanma problemi də var. İşıq probleminə nədənsə, müvafiq qurumlar diqqət ayırmırlar. Bu da böyük problemdir. Bütün istifadə olunan magistral yollar normal qaydada işıqlandırılmalıdır”.
MilliYol.Az