“Cənab prezident regionda gedən proseslərlə maraqlanır və hər bir regionla bağlı onun tam müfəssəl məlumatı var”
Bu sözləri YAP-ın Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Modern.az saytına prezident İlham Əliyevin yeni icra başçıları ilə bağlı təyinatlarından danışarkən bildirib:
“Ağdam və Gədəbəy çox strateji regionlardır. Bir müddətdir ki, həmin yerlərdə icra başçısı vəzifəsi boş idi. Bu rayonlara icra başçısı təyin olunan şəxslər barəsində bir məlumatım yoxdur. Amma bununla belə şübhəm yoxdur ki, cənab prezidentin təyinatı düzgündür və bu insanlar artıq böyük həyat təcrübəsinə malik , siyasi əqidəsi olan, dövlətçiliyə bağlı insanlardır. Onlara fəaliyyətlərində uğurlar arzu edirəm.
Gəncə müstəqil Azərbaycanın ilk paytaxtı , eyni zamanda ölkənin ən böyük sənaye və mədəniyyət mərkəzlərindən biri kimi həmişə diqqət mərkəzində olub. Gəncədə baş verən hadisələr çox təəssüf ki, oranın icra başçısı Elmar Vəliyevin bir müddət sağlamlığı ilə məşğul olmasına gətirib çıxardı. Gəncədə quruculuq işlərində, orda olan problemlərin həllində Elmar müəllimin xidmətlərini qeyd etmək lazımdır. Bundan sonra mən ona tezliklə sağalaraq aktiv fəaliyyətə qayıtmağı arzulayıram”.
Deputat Gəncənin yeni icra başçısından da söz açıb:
“Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun Gəncəyə təyin edilməsini düzgün hesab edirəm. Niyazi müəllimlə artıq neçə illərdir, birgə işləyirəm və onu ancaq müsbət tərəfdən tanımışam. Xaraktercə təmkinli, sakit və çox ziyalı bir insandır. O, insanlarla işləməyi, onları dinləməyi xoşlayır. Niyazi Bayramovun hüquq-mühafizə orqanları ilə münasibətləri çox rəvan, bərabərhüquqludur. Onların fəaliyyətinə həm dəstək olan, həm də hörmətlə yanaşan insandır. Həmçinin o, Mingəçevirin icra başçısı olduğu dövrdə Mingəçevirin həm cari problemlərinin həllinə diqqət edirdi, həm də perspektivi ilə bağlı daim layihələr üzərində işləyirdi. Mingəçevir Tekstil müəssisəsinin işə salınmasında onun da səylərinin böyük rolu var.
Niyazi müəllim abadlıq işlərinə mənzil tikintisinə, sosial qayğıya ehtiyacı olan insanların problemlərinin həllinə böyük diqqət edir, ziyalı təbəqə, universitet və məktəb, səhiyyə kollektivi ilə daim sıx işləyir. Bu sahələrdə problemin olmaması üçün kifayət qədər əhəmiyyətli işlər görür. O, Mingəçevirdən Milli Məclisə iki il deputat seçilib. Bir dəfə olmayıb ki, mənim zəngimə cavab verməsin və ya mənim qaldırdığım hansısa məsələni diqqətdən kənar qoysun. Niyazi Bayramovun Gəncəyə təyinatını düzgün qitmətləndirirəm. Hesab edirəm ki, o, qısa zamanda gəncəlilərin məhəbbətini qazanacaq, Gəncədə gedən quruluculuq işlərini çox uğurla davam etdirəcək. Gəncənin yenə də ölkənin qüdrətli, nüfuzlu şəhərlərindən biri olması üçün bütün təcrübəsini ortaya qoyacaq. Cənab prezidentə Niyazi Bayramova etimad göstərdiyinə görə təşəkkür edir və gəncəliləri təbrik edirəm. Qısa zamanda gəncəlilər Niyazi müəllim haqqında yüksək fikirdə olacaqlar”.
Avqustun 28-də prezident İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
MilliYol.az