Bakıda yol hərəkəti təhlükəsizliyinin daha səmərəli təşkili, qəzaların qarşısının alınması və gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə yol polisi tərəfindən tədbirlər davam etdirilir
MilliYol.Az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, paytaxt ərazisində keçirilən sonuncu belə tədbir əsasən avtomobili sərxoş vəziyyətdə idarə edən, polisin qanuni “Saxla!” əmrinə tabe olmayan, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən və digər kobud qayda pozuntuları törədən sürücülərə qarşı yönəlib.
Tədbir zamanı Binəqədi rayonu ərazisində yol hərəkəti qaydasını pozduğuna görə “Mercedes” markalı avtomobilin sürücüsünə saxlama işarəsi verilib. Amma sürücü polisin əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Yol polislərinin Rəsulzadə qəsəbəsi ərazisində saxladıqları sürücü sənədlərini təqdim etməkdən boyun qaçırıb.
Yol polisinin apardığı profilaktik tədbir zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər da aşkarlanıb. Nəsimi rayonu ərazisində saxlanılan “Dodge” markalı avtomobilin sürücüsü Səhhət Məmmədovun ilkin müayinə zamanı nəqliyyat vasitəsini içkili halda idarə etdiyi məlum olub. Sürücü alkoqol müayinəsindən keçirilməsi üçün tibb məntəqəsinə dəvət olunsa da, bundan imtina edib. Daha sonra tibbi müayinədən keçməyə razılaşan sürücünün sərxoşluq dərəcəsi təyin olunub və bu barədə protokol tərtib edilib.
Yol polisi tərəfindən saxlanılan sürücülərlə maarifləndirici söhbətlər aparılıb, onların sükan arxasında daha məsuliyyətli olmalarının vacibliyi vurğulanıb.
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən belə maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, cari ilin əvvəlindən avqustun 20-dək paytaxt ərazisində yol hərəkəti qaydaları pozuntularına görə inspektorlar tərəfindən 410 min inzibati protokol tərtib edilib. Bu protokollardan 7181-i nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən, 216-sı avtoxuliqanlıq, 1209-u ötmə və manevr qaydalarına əməl etməyən, 19 min 327-si işıqforun qırmızı işığında hərəkətini davam etdirən sürücülər barədə tərtib olunub.
MilliYol.Az