Mixail Petrovski
rosbalt.ru, 27.08.2018
Belarus prezidentinin Putinə qonaq səfəri çox müəmmalı alınıb. Danışıqların yekunları haqda heç bir məlumat yoxdur, “batka”nın özü isə bundan sonra “yoxa çıxıb”.
Bu görüşü çoxdan gözləyirdilər: bu ilin yazından bəri Belarus-Rusiya münasibətlərində nəhəng problemlər qalağı yığılıb. Hər şey Belarus südünün Rusiya bazarından sıxışdırılması şəklində “süd savaşı”ndan, habelə viza və tranzit məsələləri üzrə ixtilafdan başlanıb. Sonra Belarus tərəfinin razılıq vermək istəmədiyi Mixail Babiçin Rusiyanın Minskə yeni səfiri təyin edilməsi üzündən kəskinləşmə olub.
Hər şeyə əsasən, bütün bu müddət boyunca Kremlin Lukaşenkoya basqısı artıb və o, iyunun 22-də “Biz cəbhədəyik. Bu illərə tab gətirməyəcəyik, batacağıq, deməli, ya hansısa dövlətə üz tutmaq lazım gələcək, ya da sadəcə bizi ayaq əskisi edəcəklər. Hələ Allah eləməsin, Ukraynadakı kimi müharibəyə başlasınlar” deyərək üzülüb.
Daha üç ay sonra Putin Lukaşenkoya zəng edib və Soçiyə – “ən yaxın vaxtlarda ikitərəfli münasibətləri müzakirə eləməyə” dəvət edib. Amma Belarus prezidenti dərhal getməyib – əvəzində artıq növbəti gün dünyanın 80 ölkəsi üçün Belarusda vizasız qalmaq rejimini 30 günədək genişləndirib. Əslində, bu hərəkətin RF-nin güc idarələrində və XİN-də hansı əsəbi qıcığın doğuracağını bilə-bilə Moskvanın “burnuna çırtmıq vurub”.
Onlar, doğrudan da, təzədən deməyə başlayıblar ki, Belarus – Rusiyanın qərb sərhədində “qara dəlikdir”.
“Yay sükutu” alınmayıb. Əvvəlcə Lukaşenkonun insultu haqda geniş qəlp məlumatlar Rusiya KİV-lərində göründü, bir-iki gün sonra Belarusun müstəqil KİV-lərinə münasibətdə repressiyalar dalğası: axtarışlar, onlarla jurnalsitin saxlanması, qısa müddətdən sonra isə yeganə müstəqil informasiya agentliyinin qurucusu Ales Lipayın ölümü. Avqustun 10-da məlum oldu ki, Rusiya görünməmiş tədbirlərə əl atıb: Belarus iqtisadiyyatına maddi yardımı kəskin məhdudlaşdırıb. Reuters agentliyi Belarus hökumətinin daxili sənədlərinə isnadən xəbər verib ki, Moskva neftin gömrükxanada təkrar sənədləşməsi mexanizmi üzrə ödənişi dayandırıb, neft məhsullarının tədarükü şərtlərini sərtləşdirmək istəyir və 1,2 milyard $ kreditləşməni dayandırıb.
Habelə Rusiya tərəfi qət edib ki, 2018-in IV rübündən Belarusa (sıxılmış qaz daxil olmaqla) karbohidrogenləri yalnız onun daxili istehlakı üçün tədarük edəcək. “Boz” təkrar ixracatı istisna etmək üçün Rusiya hökumətinin tələbiylə Belarus müəssisələri və dövlət qurumları öz tələbatlarını əsaslandırmalı olacaq. Reuters-in xəbər verdiyi kimi, bütün bunlardan başqa, Moskva 2018-ci ilin başlanğıcından neft məhsulları və sıxılmış qazın təkrar ixracatına görə Minskdən əlavə olaraq əvəz tələb edir.
Moskva “karbohidrogen lüləyini kəskin buraraq” olduqca ağrılı nöqtəni sıxıb – Belarus büdcəsi tam 2,5 milyard $ və ya ÜDM-in 4-5%-i itirə bilər. Bura bunu da əlavə edək ki, Rusiyanın bir milyard dollar dövlət krediti və ASİF-in (Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu-red.) tranşları olmadan (bunlar da dondurulub) 2019-cu ildə xarici borc üzrə xeyli ödəniş edəndə Belarus hökumətinə son dərəcə çətin olacaq.
Lukaşenko buna çox kəskin bəyanatla cavab verib: “İndi bizdə ağır dövrdür – rusiyalılar bizə münasibətdə özlərini vəhşi kimi aparırlar, bunu açıq deyirəm. Onlar bizdən elə şey tələb edirlər ki, guya biz vassalıq, bizi dəvət etdikləri AİB çərçivəsində isə öz öhdəliklərini yerinə yetirmək istəmirlər. Budur, qeyri-rəqabət durumunu da onlar yaradırlar”.
Aleksandr Qriqoryeviç bir həftədən sonra hökuməti radikal şəkildə dəyişdirib – Nazirlər Sovetinin rəhbərliyini və bütün iqtisadi bloku. Heç kimin gözləmədiyi halda gənc liberallar və islahatçılar Nazirlər Sovetinə gəliblər ki, Lukaşenkonun özünün islahatları hər cür rədd etdiyini yada salsaq, bu da çox təəccüblüdür. Amma yeni hökumət Moskva ilə fundamental razılaşmalarsız yenə də heç nə edə bilməz – bu lap başdan aydın idi. Belə ki, Belarus başçısının yenə də Putinlə danışqılara getməyi lazım gəlib – dəvətdən bir ay sonra.
Bu dövrə yaxın artıq Rusiya KİV-lərində mülahizələr dalğası keçib ki, Moskva iqtisadi basqı yoluyla Minskin daha üzüyola və Qərblə qarşıdurmada sadiq müttəfiqləri kəskin şəkildə çatışmayan Rusiyanın təsiri altında qalmağa hazır olmasına cəhd edir. Yəni guya Kremldə ya Lukaşenkonun özünü suverenlyin bir qismindən keçməyə məcbur etməyi, ya da, nəhayət, keçmiş sovxoz direktorunu Kremlə daha loyal “effektli menecer”lə əvəzləməyi düşünürlər.
Vladimir Putin və Alerksandr Lukaşenko Soçidə avqustun 22-də nahardan sonra görüşüblər – Rusiya prezidenti belaruslu həmkarından qabaq hələ Finlandiya prezidentini qəbul edib. Onlar “Boçarov irmağı” iqamətgahında təkbətək axşam söhbətinə başlamazdan qabaq hədiyyə mübadiləsi ediblər, Belarus başçısı bundan sonra ikitərəfli münasibətləri telekameralar qarşısında ehtiyatla təsvir edib: “Bizim tez həll edilən, ya da uzun müddət həll olunmayan problemlərimiz var. Analiz etdiyim kimi, xoşbəxtlikdən, son zamanlar yeni problemlər meydana çıxmır”.
Jurnalsitlər artıq sonradan iki prezidentin danışıqardan qabaqkı qısa çıxışlarını incələyərək qeyd ediblər: Lukaşenko öz çıxışında “problem” sözünü 7 dəfə, Putin isə cəmi bir dəfə, onu da beynəlxalq məsələlərdən danışarkən işlədib. İki prezident bundan sonra qapılar arxasında görünməz olublar, bundan sonra Lukaşenkonu çox uzun müddət heç kim camaat içində görməyib. Nəticələr haqda heç bir məlumat olmayıb. Lukaşenko və Putin jurnalistlərin qabağına çıxmayıblar, onların mətbuat xidmətləri nə vaxtdır susur – xeyr, “problemlərin çözüldüyü” haqda qələbə raportları deyil, hətta “danışıqların konstruktiv zəmində keçdiyi” haqda növbətçi açıqlamalar da yoxdur. Yəni, ümumiyyətlə, heç nə yoxdur. Prezidentlər axşam sambo yarışlarına birgə getməyə razılaşmışdılar, amma Putin gecədən xeyli keçmiş ora tək gəlib. Onun mətbuat katibi Peskov isə xəbər verib ki, “Lukaşenkonun başqa planları meydana çıxıb”.
Bir neçə gün keçib və Lukaşenko əsla görünmür. BelTA dövlət informasiya agentliyinin saytında onun iştirakıyla yalınz ayın 22-nin Soçi kadrları var. Xarakterikdir ki, Rusiya ekspertləri baş verənləri sakit qəbul edirlər. “Belarus və Rusiya arasında özəl münaqişə yoxdur. Hansısa mübahisələr var, amma bunların heç biri ikitərəfli münasibətlər üçün kritik önəmli deyil. Aydındır ki, müxtəlif cür problemlər haqda Minsk və Moskvanın müxtəlif fikirləri var, – politoloq, MDBMİ-nin dosenti Kirill Koktış “Rosbalt”a deyib. – Və öz həllini tələb edən məsələlər var. Bu, xüsusən də Rusiyanın növbəti ilə planlaşdırdığı və Belarus büdcəsi gəlirlərinin xeyli aşağı düşməsinə səbəb olacaq “vergi manevridir”. Burada hansısa qərarlar qəbul etmək, hamını qane edəcək formullar hazırlamaq gərəkdir”.
Koktışın fikrincə, həm Minskin, həm Moskvanın qorumağa hazır olduğu maraqları var. Və mübahisəli bütün məqamlar üzrə güzəştlər əldə etməyə hazırlıq var. Amma iki ölkənin nazirləri qarşılıqlı təsirin yalnız texniki məsələlərini həll edə bilərlər. Prinsipial razılığa gəlmək isə prezidentlərin vəzifəsidir. Amma, bax, Belarusda başqa cür hesab edirlər: orada əmindirlər ki, Soçidə eşitdikləri “batka” üçün güclü şok olub.
“Lukaşenko Soçiyə getmişdi ki, həmişəki kimi sövdələşib yenə də iqtisadi dəstək əldə etsin. Onun təklif etməyə nəyisə var idi: boruları üzrə Rusiya neftinin üçdə birinin – ildə 50 milyon tondan çox (Avropa NEZ-lərinin istehlakının 10%-i) – AB-yə axdığı “Qomeltransneft Dostluq” ASC. “Transneft” çoxdan Qomel “Dostluq”unun mülkiyyətçisi olmaq istəyir. Rusiya bazalarının Belarusda yerləşdirilməsini də təklif edə bilərdi, bu, hələ üç il qabaq çox aktual idi. Amma, görünür, Belarus prezidenti buz divara rast gəlib, – Belarus politolqu Anton Platonov “Rosbalt” üçün şərhində deyir. – Moskva göstərib ki, Minsklə münasibətləri AİB-in digər ölkələrinin səviyyəsinə endirir, belə ki, indi nefti də, qazı da eksklüziv deyil, ümumi şərtlərlə almaq lazım gələcək. İndiki halda Putinin tələsməyə yeri yoxdur – Minskə münasibətdə onun böyük fəaliyyət seçimi variantları və Rusiya KİV-lərinin Belarusun media məkanında tam üstünlüyü var. Lukaşenkonun iqtisadiyyatı isə Rusiya dəstəyi olmadan “yanır”: tezliklə borcları ödəmək lazımdır, sonra isə prezident seçkiləridir və o, varlı yaşayış daxil olmaqla əhaliyə çox şey vəd edib”.
Belarus prezidenti “radarlardan itincə” Vladimir Putin avqustun 24-də Mixail Babiçin Belarusa səfir və eyni zamanda RF-nin bu ölkədə özəl təmsilçisi təyin edilməsi haqda sərəncam imzalayıb. Belarus XİN “heç nə haqda” nəzakətli şərhlə reaksiya verib və bundan Babiçin Minskdən səfir aqremanı alıb-almadığı hələ də aydın deyil.
Hər şeyə əsasən, Kreml Belarusda hakimiyyəti “birbaşa və açıq şəkildə” dəyişmək niyyətində deyil. Rusiya tərəfi müttəfiq üçün subsidiyaları azaldacaq, amma sıfıra endirməyəcək, sadəcə, Belarus iqtisadiyyatını “pəhriz”ə oturdacaq. Ola bilsin, Lukaşenkonu gərəksiz xərc çəkmədən belə daha üzüyola etmək olar, ya da görərsən ki, belarusların özləri öz rəhbərlərini dəyişirlər. Bu məqamda isə könüllü şəkildə Rusiyanın tərkibinə girməyə çox qalmır.
Aleksandr Lukaşenko hər halda avqustun 25-də axşam telekameraların qabağında görünüb və bildirib ki, avqustun 22-də Soçidə Vladimir Putinlə danışıqlarda ən yaxın vaxtlarda iki ölkə hökumətləri üzvlərinin iştirakıyla görüş haqda razılaşıblar. Bu bildirir ki, prezidentlər, doğrudan da, prinsipial nəsə haqda razılığa gəlməyə nail olmayıblar. Belə ki, qarşıda hər bənd üzrə sövdələşməklə uzun, üzücü danışıqlar var.
MilliYol.Az