Avqustun 25-də vəfat edən ABŞ senatoru Con Makkeynin amerikalılara yazdığı son məktub ictimaiyyətə təqdim edilib
Axar.az xəbər verir ki, məktubu Makkeynin keçmiş müşaviri Rik Devis yayımlayıb.
Məktubun tam mətnini təqdim edirik:
“Mənim 60 il ərzində xidmət göstərdiyim həmvətənlərim, xüsusilə Arizonadan olan həmvətənlərim!
Sizə xidmət və dövlət xidmətində keçirdiyim həyat üçün verdiyiniz imtiyaza görə sağ olun. Ölkəmizə şərəflə xidmət etməyə çalışmışam. Səhvlər buraxmışam, amma ümid edirəm ki, mənim Amerikaya olan sevgim bunları üstələyir.
Mən tez-tez qeyd edirdim ki, dünyanın ən xoşbəxt insanıyam. Mən hətta indi – həyatımın sonuna hazırlaşanda da bunu hiss edirəm. Mən bütün həyatımı sevmişəm. 10 həyata bəs edəcək təcrübəm, macəralarım və dostlarım olub və buna görə minnətdaram. Əksər insanlar kimi mən də təəssüflənirəm. Lakin öz həyatımın hansısa yaxşı və pis anlarını digərinin ən yaxşı gününə dəyişmərəm.
Buna görə öz ailəmə olan sevgimə borcluyam. Heç kimin heç vaxt məndən çox fəxr edəcəyi sevimli həyat yoldaşı və övladları olmayıb. Və buna görə Amerikaya borcluyam. Amerikanın azadlığı, bərabərliyi və ədalətinə daxil olmaq, hər bir insanın ləyaqətinə hörmət etmək həyatın müvəqqəti zövqlərindən daha çox xoşbəxtlik gətirir. Bizim identikliyimiz və dəyərlərimiz məhdudlaşmır, əksinə onlar genişlənir. Ona görə ki, bunlar bizim özümüzdən daha çox xeyirli işlərə xidmət edirlər.
“Amerikalılar” – bu söz mənim üçün istənilən digər şeydən daha çox məna ifadə edir. Mən qürurlu amerikalı kimi yaşadım və öldüm. Biz dünyanın ən möhtəşəm respublikasının vətəndaşı, torpaq və qanın əvəzinə idealların yaratdığı millətik. Biz xeyir-dua almışıq və insanlığa da xeyir-dua verib, bu idealların vətənimizdə və dünyada təşviqini dəstəkləyirik. Tarixdə bizim qədər heç kim insanların tiranlıq və yoxsulluqdan xilasına yardım etməyib. Bunun sayəsində böyük zənginlik və güc əldə etmişik.
Biz vətənpərvərliyi dünyanın hər yerində təhqir, nifrət və şiddətə səbəb olan ibtidai rəqabətlə səhv salanda böyüklüyümüzü azaldırıq. Biz divarları dağıtmaq yerinə, onun arxasında gizlənib, öz ideallarımızın gücünə şübhə etdiyimiz və onların böyük dəyişikliklərə gətirib çıxaracaq güclü təkan olacağına inanmadığımız zaman zəifləyirik.
Biz – 325 milyonluq özündənrazı, çoxsəsli fərdlər bəzən mübahisə və rəqabətə girişir, hətta bir-birimizi ictimai debatlarda təhqir edirik, amma bizim hər zaman ümumi maraqlarımızın sayı fikir ayrılıqlarımızdan çox olub. Əgər bunları xatırlasaq, bu çətin zamanları arxada qoymağı bacaracağıq. Biz bunlardan keçəcəyik və əvvəlkindən daha güclü olacağıq. Bunu hər zaman etmişik.
10 il əvvəl mənim prezident seçkisində məğlubiyyətimi etiraf etmək imtiyazım var idi. Sizinlə vidamı amerikalılara səmimi inamımla bitirmək istərdim, hansı ki, bu inamı mən həmin gecə hiss etdim. Mən bu inamı indiyə qədər hiss edirəm.
İndiki çətinliklərdən ümidsizliyə düşməyin, hər zaman Amerikanın perspektivi və böyüklüyünə inanın. Ona görə ki, bu qaçılmazdır. Amerikalılar heç vaxt qaçmırlar. Biz heç vaxt təslim olmuruq. Biz heç vaxt tarixdən gizlənmirik. Biz tarixi yazırıq.
Əlvida, amerikalılar! Tanrı sizi qorusun və Tanrı Amerikanı qorusun”.
MilliYol.Az