Vaşinqton və Avropanın bir çox paytaxtında verilən əsas sual: Türkiyə Qərb üçün önəmlidir, lakin nə qədər?
ABŞ-dan olan bəzi təhlilçilər məsələni bir az daha sərt qoyaraq Türkiyəni ABŞ-ın strateji tərəfdarı kimi xarakterizə etməyin doğru olub-olmamasını sual edirlər. Türkiyə NATO-nun vacib üzvüdür, türk hərbi bazaları ABŞ-ın Yaxın Şərqdə davam edən hava əməliyyatları üçün vacibdir.
Rusiyanın canlanması nəticəsində Qara dəniz ətrafının strateji əhəmiyyətinin artdığı vaxtda Türkiyə NATO-nun şərq qanadında çox vacib bir zolaqdır. Türkiyə ABŞ üçün də Şərqdəki ən vacib qonşu dövlətlərdən biridir.
Avropa Birliyinə üzvlük məsələsi Türkiyə prezidenti Ərdoğanın getdikcə artan avtoritar idarəetməsinə görə dayandırılıb. Lakin Qərbə qaçqın axınının qarşısını almaqda vacib rolu ilə Ankara hələ də Avropa üçün həyati əhəmiyyətli ortaqdır. Türkiyə hazırda Suriyadan qaçmış 3,5 milyon suriyalıya ev sahibliyi edir. Digər tərəfdən, prezident Ərdoğan Vaşinqtonla və son nəticədə NATO ilə münasibətləri korlayacaq bir çox iqtisadi və diplomatik böhranla qarşı-qarşıyadır.
İqtisadi problemlərin böyük hissəsi Ərdoğanın tamamilə borclarla maliyyələşdirilmiş nəhəng inşaat layihələrinə əsaslanan sürətli böyümə arzusundan da irəli gəlir.
Lakin Ankaranın Vaşinqtonla, ələlxüsus da ABŞ-dan olan keşiş Andre Bransonun azad edilməməsi ilə əlaqələndirilən gərginliyi, bir tərəfdə Ərdoğan, digər tərəfdə isə ABŞ prezidenti Donald Tramp arasında bir iradə döyüşünə çevrilib. ABŞ-ın iqtisadi sanksiyaları da Türkiyənin onsuz da zəif iqtisadiyyatına bir az da zərər vurur.
NATO Türkiyədən imtina edəcəkmi? Vəziyyət nə qədər ağırlaşa bilər? Türkiyənin NATO üzvlüyündən çıxarılma ehtimalı varmı?
“Soyuq müharibə” ərəfəsində Türkiyə nəhəng hərbi gücü ilə NATO-nun şərq qanadında hər zaman vacib nöqtə oldu. Ölkənin yaxın tarixdə Əfqanıstana qarşı keçirilən hərbi əməliyyatlarda da böyük əməyi var. Lakin bir çox hallarda Türkiyə problemli müttəfiq olub. Ege bölgəsindəki tarixi düşməni Yunanıstanla yaşanan mübahisələr gərginliyə gətirib çıxarsa da, ümumiyyətlə hər iki ölkənin NATO üzvü olması bu gərginliklərin elə gərginlik olaraq qalmasına səbəb oldu. Türkiyə zaman-zaman müttəfiqlərinin onu vacib ortaq kimi görmədiyini də hiss etdi.Əslində NATO-da hansısa dövlətin üzvlükdən çıxarılma mexanizmi yoxdur. Belə olan halda, üzvlükdən imtinası üçün yalnız Ankaranın seçim etməsi lazımdır.
1990-1991-ci illər arasında “Səhrada Fırtına” adlandırılan Körfəz müharibəsi zamanı Ankara Səddam Hüseyn rejiminin gözlənilməz hücum ehtimalına qarşı kömək istəsə də, müttəfiqləri sadəcə ikinci xətt hərbi təyyarə göndərmişdilər.
Buna baxmayaraq, Türkiyə Suriyadakı vətəndaş müharibəsinin ilk illərində Əsəd hökumətinə bağlı qüvvələr tərəfindən hədəfə alınacağı narahatlığı ilə NATO-dan yenidən kömək istədi və bu dəfə müttəfiqləri sərhədə raketdən müdafiə sistemi göndərdi.
Vaşinqton çoxqütblü dünyada keçmiş hörmətini itirə bilər və AB bu keçici problemlərdən yaranmış fürsəti dəyərləndirəcək
Suriya müharibəsi Türkiyənin bölgədə vəziyyətinin dəyişməsinin bir göstəricisi oldu. Türkiyə bölgənin ən böyük oyunçularından biri ikən, bəzən Əsəd rejimini dəyişmək arzusuyla Suriyadakı islamçı qruplara dəstək də verdi. İndi bu siyasətin işləmədiyi bir vaxtda Türkiyə Moskva ilə yaxınlaşmaqla, öz maraqlarını qorumağa çalışır. Ankaranın Suriyadakı ABŞ-dan dəstək alan kürd qruplaşmalarına qarşı olmağı da Vaşinqtonla münasibətləri gərginləşdirir. Zaman-zaman Türkiyə ilə ABŞ-ın ortaq dəstəklədiyi qrupların üz-üzə gəlməsi, daha pisi isə ABŞ və Türkiyə ordularının bir-birinin atəşinə məruz qalması da gərginliyə real ehtimallar oldu.
Ankaranın ABŞ-dan 100 ədəd F-35 qırıcı təyyarəsi almasının gözləndiyi vaxtda, Rusiyadan müdafiə sistemi almaq qərarı Türkiyənin müttəfiqləri ilə münasibətlərində həddən artıq yaxınlaşmasına işarə idi. Digər tərəfdən Türkiyənin Vaşinqtonla və bilavasitə NATO ilə yaşadığı indiki gərginliyi hansı həddə olursa olsun, Rusiya ilə quracağı bağın eyni şəkildə etibarlı olacağını düşünmək çətindir.
Bəs Ankara və Avropa Birliyi arasındakı münasibətlər necədir? ABŞ-Türkiyə gərginliyi, Avropa Birliyi ölkələri üçün bir fürsətdirmi?
Bir tərəfdən AB dövlətləri Türkiyədə avtoritarizm və insan haqları pozuntularını sərt şəkildə tənqid edir, digər tərəfdən isə bu ölkələr Türkiyə iqtisadiyyatı ilə əlaqəlidirlər. Bir çox Avropa bankı Türkiyədəki risklərdən narahatdır və türk lirəsi çöksə, bu onlara da təsir edəcək. Bu məqamda konkret məsələlər var. Məsələn, iki yunan əsgərinin və “Amnesty International”ın Türkiyə üzrə direktorunun bu yaxınlarda azad edilməsi də Ərdoğanın Trampla qanlı-bıçaq ikən, bir də Avropa Birliyi ilə böhran yaşamaq istəmədiyini göstərir. Türkiyənin AB-nə üzvlüyü indilik rədd edilsə də, Ərdoğan üçün xüsusilə də Türkiyə sərhədi yaxınlığında İdlib əməliyyatı və yeni qaçqın axını ehtimalı varkən “köç kartı” hələ də vacib amildir.
AB Türkiyə ilə imzaladığı qaçqın anlaşmasının 2016-cı ildən bu yana Avropa şəhərlərinə köçün nə qədər azaltdığının fərqindədir. Türkiyə də bunun qarşılığında önəmli iqtisadi dəstək aldı və iqtisadi böhran ehtimalı varkən, bu münasibətləri axsatmaq istəməyəcək. Qısa müddətdə Vaşinqtonla gərginlik davam edərsə də AB-Türkiyə münasibətləri inkişaf edə bilər.
Vaşinqton çoxqütblü dünyada keçmiş hörmətini itirə bilər və AB bu keçici problemlərdən yaranmış fürsəti dəyərləndirəcək.
Lakin əlindəki kartlar nə qədər güclü olursa olsun, Türkiyənin tutduğu yol Qərbdən, Avropa dəyərlərindən və liberal demokratiyadan uzaqdır. Bu da ölkənin ABŞ-la münasibətlərini aydınlaşdıracaq. (BBC)
MilliYol.Az