Almaniya kansleri Angela Merkel bu gün Azərbaycana səfərə gəlib
AzVision.az mövzunun aktuallığını nəzərə alaraq Merkellə bağlı oxucuları maraqlandıran məlumatlar toplayıb.
Tərcümeyi-halında qeyd olunub ki, Angela Merkel 17 iyul 1954-ci ildə Almaniyanın Hamburq şəhərində anadan olub. İxtisasca fizikdir, Laptsik universitetinin fizika fakultəsinin məzunudur, Almaniya Elmlər Akademiyasının fizika kimya mərkəzi instutunda çalışıb.
Merkel 1989-cu ildən siyasətə daxil olub. 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi çalışıb. 1990-cı ildə Alman torpaqlarının yenidən birləşdirilməsindən sonra Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilib. 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib. 1994-1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib. 2000-ci ildən Xristian Demokrat İttifaqının lideridir. 2005-ci ildən isə Almaniya Federativ Respublikasının Federal Kansleridir. O, hər iki vəzifəni tutan ilk qadındır.
Merkelin şəxsi həyatı da maraq doğurur. O, uzun illər kirayədə yaşayıb. İki dəfə evlənib, ilk həyat yoldaşının soyadını daşıyır, ilk evliliyində göy rəngli gəlinlik geyinib. Övladı yoxdur. Boşanma zamanı birgə əldə etdikləri daşınmaz əmlakdan onun payına paltaryuyan, ərinin payına mebel dəsti düşüb.
Merkel ikinci dəfə 44 yaşında 1998-ci ildə evlənib. Məktəbdə onun ən çox sevdiyi fənn rus dili olub. Bu səbəbdən də rus dilini əla bilir. Merkel ən çox itlərdən qorxur. O, mesaj yazmağı çox sevir. Ona görə də Merkeli tez-tez öz telefonuna maraqla baxan vəziyyətdə görmək olar. Gün ərzində həmkarlarına dəfələrlə mesaj yazdığı deyilir. Kansler müasir dəbi izləməyi sevmir. O, geniş ətəkləri olan kostyumlara üstünlük verir.
Angela Merkel uzun illər “Forbes” jurnalında dünyanın ən nüfuzlu qadınları siyahısına başçılıq edib.
MilliYol.az