Türkiyənin müdafiə naziri Hulusi Akar və Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan cəmi bir həftəlik fasilə ilə ikinci dəfə Moskvaya səfər ediblər
Onlarla eyni vaxtda xarici işlər naziri Mövlud Çavuşoğlu da Moskvada səfərdədir.
Müdafiə naziri Akar və MİT rəhbəri Hakan Fidan Rusiya müdafiə naziri Sergey Şoyqu ilə danışıqlar aparıblar. Onların prezident Vladimir Putin tərəfindən qəbul ediləcəyi gözlənilir. Ötən həftənin cümə günü Moskvada Şoyqu ilə Türkiyənin müdafiə naziri, habelə MİT rəhbəri arasında danışıqlar olmuşdu. Danışıqların detalları açıqlanmır, amma ehtimal edilir ki, əsas mövzu Suriyadakı vəziyyətdir.
Xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra mətbuat konfransında iki ölkə arasında Suriyadakı vəziyyətə dair intensive müzakirələrin getdiyini təsdiqləyib. Çavuşoğlu bildirib ki, Türkiyədəki suriyalı qaçqınların evlərinə qayıtması və Suriyada terrorçu qrupların məhv edilməsi ilə ölkədə sabitliyin yaradılması müzakirə olunub.
Çavuşoğlunun sözlərinə görə, Rusiya və Türkiyə bir tərəfdən Suriyada döyüşən qruplar arasında atəşkəsin qorunub saxlanılması, digər tərəfdən siyasi nizamlama üçün səyləri artırmalıdır. Nazir deyib ki, İdlibdəki vəziyyətlə bağlı müdafiə nazirləri və xüsusi xidmət orqanlarının rəhbərləri müzakirələr aparırlar.
Suriyanın şimalındakı İdlib bölgəsinə Türkiyədən dəstəklənən müxalif qruplar, o cümlədən”Əl-Nüsra” cəbhəsinin əsasında yaradılmış qruplaşmalar nəzarət edir. Bu, Suriyada müxalifətin nəzarətində qalan yeganə bölgədir və Bəşər Əsəd rejimi İdlib üzərinə Rusiya aviasiyasının dəstəyi ilə hücumlar təşkil edir.
Çavuşoğlunun sözlərinə görə, İdlibə qarşı total hərbi əməliyyatlar “fəlakət olardı” və Rusiya ilə Türkiyənin imicinə zərbə vurardı. “İdlibə hücum etmək əvəzinə orada birlikdə nələr edə bilərik, təhlükəsizliyi necə təmin edə bilərik, buna nəzər salmaq lazımdır”-Türkiyə xarici işlər naziri deyib.
Çavuşoğlu bildirib ki, İdlibdə “mötədil müxalifət” qüvvələri ilə yanaşı radikal qruplar, terrorçular da var. Habelə milyonlarla qaçqın bu bölgədə məskunlaşıb. Ona görə də bölgəyə qarşı total hərbi əməliyyatlar humanitar fəlakətə səbəb ola bilər.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə deyib ki, İdlibdə terrorçular “rus qüvvələrinə qarşı” hücumlar təşkil edir, mülki əhalinin arxasında gizlənir. Ona görə də mülki əhaliyə ən az zərər verməklə oradakı terrorçuları məhv etmək məsələsi ilə bağlı müzakirələr aparılır.
MilliYol.Az