Həbs edilən bankirlər apelyasiya şikayətlərində barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər
Ləğv edilmiş “DekaBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və “DekaBank”ın Maliyyə departamentinin sabiq direktoru Bəhram Hüseynovun barəsində olan hökmdən apelyasiya protesti və şikayəti üzrə məhkəmə iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra onların apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib. Onlar apelyasiya şikayətlərində barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.Həmçinin, əmanətlərin sığortalanması fondunun apelyasiya şikayətinin dəlilləri üzrə dinləmə olub. Fond dəymiş ziyanın ödənilməsini tələb edir.
Prokuror da apelyasiya protesti verərək, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edir.
Növbəti proses sentyabrın 4-də davam edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Niyazi Vəliyev və Bəhram Hüseynovun barəsində şərti cəza verilib. Həbsdə olan Niyazi Vəliyev məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.
“DekaBank” ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.
Niyazi Vəliyevin barəsində həbs qətimkan tədbiri seçilib, Bəhram Hüseynovun barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
MilliYol.az