“Bu bizim üçün bir könül işidir, könül işi isə pıçıltı ilə, sakit-sakit danışılınca dadı-duzu qaçmır”
Müsahibimizlə bu və ya digər məsələlərlə bağlı söhbət etdik.
- Ötən ayın sonlarında qardaş Türkiyənin Sakarya valiliyinə bağlı Sapanca elində ikinci türk qurultayı keçirildi. Siz də Azərbaycandan olan nümayəndələr sırasında idiniz. Təəssüratınız necədi bu qurultayla bağlı?
- Sapancada keçirilən türk dünyası qurultayı bir ictimai qurum tərəfindən təşkil olunması, təşkili forması etibarı ilə xeyli fərqliliklər daşıyırdı. Bu fikri daha öncələr iştirakçısı olduğum bir sıra oxşar qurultaylarla müqayisədə deyirəm. Əlbəttə, fərqlilik heç də, həmişə daha yaxşı olmaya bilər, lakin bir ictimai qurumun, o qurumun könüllülərinin, türk dünyası həqiqi sevdalılarının fərqli bir tədbir təşkil etmək istəyinin özü cəsarətli addımdır və alqışa layiqdir. Bəlkə də, “həqiqi sevdalı” sözü sizə bir qədər qəribə gələ bilər. Orada Turan yolunda ömür qoymuş ailələrin, nəsillərin övladlarını dinlədikcə, bir daha idrak etdim ki, bu sevda ölməzdir. Yaşlı bir əmi öz başına gələnlərdən danışdı, sonra qurultaya qatılmış, cəfalar çəkmiş doğmalarını, ailə üzvlərini göstərdi, həbsxana divarlarının yaşatdıqlarını və yaşatmadıqlarını anlatmağa çalışdı. Başqası Seyid Yəhya Bakuvinin nəslindən olduğunu dedi, bir başqası Krım kökənli olması barədə, başqa biri babalarının İrəvandan Anadoluya köç etmə səbəblərindən danışdı. Söhbət, eyni qədəri paylaşan, eyni gələcəyə boylanan insanlar birliyindən gedir. Onlar tribunadan danışmırdılar, heç tribuna tərəfə yaxınlaşmırdılar da. Sadəcə fasilə vaxtı bu söhbətləri künc-bucaqda, çay ikramı zamanı edirdilər.
Təsəvvür edin, ev sahibi qurumun – “1978. İstanbul Əhdə vəfa” dərnəyinin başqanını yalnız açılış nitqi söyləyincə və qardaş ölkə təmsilçiləri ilə hədiyyə mübadiləsi zamanı tribunaya, divana yaxınlaşan gördük. O, bəlkə də təkrar çağırışlar olmasa tribuna səmtə gəlməzdi də... Sanki onlar, ömrünü büsbütün türk dövlətçiliyinin əbədi var olması işinə sərf etmiş, tarixdə adı, törəməsi, nişanəsi qalmayan və özlərini “Heç kimlər” kimi təsvir edən dərin fikir və əməl adamlarına bənzəyirdi. Çox təsirli idi. Bilmirəm, bəlkə də bu mənə belə gəlirdi, bəlkə başqa iştirakçılarda da bənzər hisslər oyatdı, ancaq o qurultayı tərtib edənlərə belə gözəlliklər yaraşırdı və şəxsən mən çox yaraşdırdım. Özünü düşünməmək fədakarlıqdır, öz imkanlarını ümumtürk maraqlarına yönəltmək ürək istər.
- Belə qurultaylar türk dünyasına nə verir?
- İlk növbədə, tanışlıqlar, yeni əlaqələr, o tanışlıq və əlaqələrdən irəli gələn ikitərəfli, çoxtərəfli işbirlikləri verir. Eyni zamanda fikir, ideya, təcrübə alış-verişi baş tutur, artıq şüarçılıq, bəlağət dövrünün öz yerini sakit, soyuqqanlı çalışmalara verməli olduğu fərq edilir.
Əlbəttə, görüşmə, sarılma və kövrəlmələrin, sevdalı, həvəsli, eşqli olmağın da öz yeri, dərəcəsi var. Ancaq iş görmək də lazımdır. Biz türklər istiqanlı xalqıq, hərəkatlarımızda qabarmalar, şahə qalxmalar, ömrümüzdə fəthlər nişan qoyub, ancaq yenidən diriliş, birlik üçün sakit, soyuqqanlı çalışmaq lazımdır.
Bir-iki misal çəkim, türk dünyası ünvanlı tədbirlərin, qurultayların öz izlərini necə saxladığını göstərək. Bizim təşkilatın tədbirlərində tanış olmuş türk dünyası gənclərindən bir-biri ilə ailə həyatı quranlar, necə deyərlər, üzərlərində Bakı, Azərbaycan yazılı tanışlıqlarını ailə dostluğuna çevirənlər, bir-birinin kitablarını öz türkcələrinə çevirib yayımlayanlar, qardaş ölkə və toplumların yeni nəsil yazarlarının güldəstələrini, antolojilərini hazırlayanlar oldu. Yardımlı balası Sərvər Kamranlı ötən il özbək qızımız Şohistə ilə evləndi, bu günlərdə övladları dünyaya gəldi. Deyirəm, adı üstündə Turan övladıdır. DGTYB-nin xətti ilə tatar, qazax, özbək şairlərinin antolojiləri işıq üzü gördü. Astanada qazax yeni nəsil yazarları bizim antolojini yayımladılar. Daşkənddə kitabımız çıxdı, indi qırğız gənc yazarlarının antolojisini hazırlayırıq. Yeri gəlmişkən, qırğız antolojisi barədə çoxdan söhbətimiz olsa da, Sapanca qurultayında qırğız gənc dostlarımız Altınbek və Bekbolatla söhbətlərimiz bu işi nəhayətə yetirdi.
Belə başa düşürəm, bu deyilənlər özü də müəyyən təsəvvür yaradır, elə deyilmi?
- Elədir. Yenidən Sapanca qurultayına qayıtmaq istərdim. Həmin qurultaydakı çıxışınız zamanı türk dilinə, eləcə də, türk xalqları arasında olan çox ciddi problemlərə toxundunuz. Buna hansı zərurəti duydunuz? Qeyd etdiyiniz problemlərin həlli üçün nələr edilməlidir?
- Bəli, ortaq türkcə, ortaq əlifba sahəsində görüləcək çox iş, gediləcək uzun yol var. Bizlərin müstəqil olub, BMT önündə Türkiyə bayrağını qardaş bayraqlarsız qalmaqdan qurtardığımız tarixdən 30 ilə yaxın bir zaman ötüb. Qaldırdığımız problemlər azalmaq xassəsinə malik olsaydı, rahatsız olmazdıq, elə məsələlər var, ya yerində sayır, ya da mənfi yönə doğru artır.
Baxın, türkoloji bir elm sahəsidir, ideoloji axım deyil. Lakin türklər üçün türkoloji elmi, həqiqətləri əldə etmə və gələcəyə daha az itkilərlə, daha dolğun bilgilərlə getməmiz üçün önəm daşımaqdadır. Azərbaycanda türkoloji bir elm sahəsi olaraq sovetlər dönəmində, XX yüzilliyin 20-ci illərində formalaşıb, sonrakı illər boyunca ayrı-ayrı nəşrlərlə, araşdırmalarla məktəbə dönüb. Bu tarix və zaman aşağı-yuxarı digər türk ölkələrinin toplumları üçün də keçərli sayıla bilər.
- SSRİ-nin 1991-ci ildə dağılmasına və bu tarixin üstündən yetərincə zaman keçməsinə baxmayaraq, türkoloji bir elm sahəsi olaraq “sovet türkolojisi” qəlibindən tam, yaxud arzu edilən səviyyədə çıxmış sayıla bilərmi?
- Elə ora gəlmək istəyirdim. Türkoloqların çözməli olduğu işlərdən biri də bu olsun gərək. Örnəyi, türkoloji dil, qismən də tarix mövzuları ilə sınırlı qalmamalı, digər zəruri sifətlər də əldə etməli, bütün uyğun əməli çalışma sahələri boyu öz sözünü deməlidir.
Bir mövzu da türkcədən türkcəyə uyğunlaşdırmalarla bağlıdır. Yazarlarımız, özəlliklə gənclərimiz bir çox hallarda bu işi çox asan iş sayıb, çox da bərbad hala salırlar. Türkcələrimizdən əsərlərin qarşılıqlı olaraq başqa türkcələrimizə qazandırılması işi son illər xeyli sürətlənib. Lakin bəzən bu qazandırmanın adı tərcümə, çevirmə kimi yazılmaqdadır. Oysa, Mirzə Ələkbər Sabirin hələ 100 ildən də öncə dediiyi şəkildə ifadə etsək, “türkcədən türkcəyə tərcümə nə demək”?
Hələ sovetlər dönəmində mərhum aydınlarımız Xəlil Rza Ulutürk, Məmməd Aslan və başqa şairlərimiz tərcümə yerinə “işləyən”, “uyğunlaşdıran” deyə yazardılar. Bu gün isə, müstəqillik dövrünün uşaqları bir türkcədən digər türkcəyə uyğunlaşdırmaya “tərcümə” deyə bilirsə, bu çox qəribə deyilmi?
- Avqustun 27-də rəhbərlik etdiyiniz təşkilatın təşkilatçılığı ilə Atatürk Mərkəzində “Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının inkişaf modelləri” adlı konfrans keçiriləcək. Tədbir barədə məlumat verərdiniz. Hazırlıqlar necə gedir?
- Qardaş ölkə və topluluqlardan gələcək aydınlarla “Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının inkişaf modelləri”ni müzakirə edəcəyik. Onlar DGTYB tərəfindən icra edilən, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihə çərçivəsində respublikamıza gəlir, bəziləri isə ilk dəfə Azərbaycanda olacaq.
Artıq “Yeni Müsavat”ın da xəbər verdiyi kimi, paytaxt Bakı və “gənclər şəhəri” fəxri ünvanını daşıyan Sumqayıtın görməli yerləri ilə tanış olacaq qonaqlarımız mədəniyyət və təhsil ocaqlarına, o cümlədən Dövlət Pedaqoji Universitetinə, “HƏDƏF” Liseyinə baş çəkəcək, müxtəlif tədbirlərə qatılacaq.
Qardaş Türkiyədən Qocaeli Bələdiyyəsi Xalqla ilişkilər, basın, informasiya müdiri, Qocaeli Şairlər-Yazarlar Dərnəyi başqanı Alptəkin Cevhərli, Kayseri mərkəzli ANASAN ( - Anadolu Sənətçilər, Şairlər, Ozanlar, Elm adamları Birliyi – C.A.) başqanı, tanınmış ədib Sabit İncə, Qazaxıstan Yazıçılar Birliyinin üzvü, Qazax Dövlət Radiosunun əməkdaşı Janar Aylaş, Qırğız Respublikası Yazıçılar Birliyi nəzdindəki “Nur Borbor” gənc yazarlar qurumunun başqan müavini Akjol Doranbekuli, Özbəkistanın “Gənc Yaradıcılar Birliyi”nin eksperti, türkoloq Şahina İbrahim, habelə Moskvadakı “Şəhriyar” Ədəbi məclisinin yetkilisi Afaq Şıxlı, doğma Təbrizimizdən gənc yazar, araşdırmaçı, “Sancaq” qəzetinin əməkdaşı Ümid Nəccar və başqa nümayəndələrin qatılacağı tədbirlərin fəxri qonağı Saxa (Yakutiya) Yazıçılar Birliyinin başqanı, Rusiya Yazıçılar Birliyinin katibi, Saxa prezidentinin keçmiş müşaviri, Xalq şairi Natalya xanım Xarlampyevadır. 26 avqustda saat 11-də müvəqqəti olaraq Sumqayıtda yerləşən Qubadlı Mədəniyyət Evində tanınmış sənətçimiz Namiq Mənanın başçılıq etdiyi Azərbaycan Yazıçılar Birliyi Qubadlı bölgə təşkilatının ev sahibliyi ilə görüş planlaşdırılır. Görüşdə Natalya Xarlampyevanın bu günlərdə Bakıda gün üzü görmüş “Mənim rəfiqim aprel” şeirlər kitabı əsasında Qubadlı məktəblilərinin hazırladığı kompazisiyalar da təqdim olunacaq. Bu həm də Qubadlının işğalda olması, ümumən Ermənistan və havadarlarının işğalçılıq siyasəti, işğalın acı sonucları barədə qardaş ölkə təmsilçilərinə bilgi vermək baxımından daha bir fürsət olacaq. – Yəni baxın, insanlar başqa bir şəhərə sığınmaq zorunda qalıb, öz doğma torpaqlarına dönə bilmirlər. Biz buna “Gəldim, gördüm, yazdım” düsturu ilə yanaşırıq, qabaqlar da bənzəri tədbirlərimiz olub və ölkəmizə gələn yazarlar gedib öz medialarında önəmli təəssüratlarını yazıblar, necə deyərlər, Azərbaycanın həqiqi dostlarına çevriliblər.
Həmin gün, saat 15-də Azərbaycan Mətbuat Şurasında mətbuatımızın kapitanlarının iştirakı ilə görüş, müzakirə başlayacaq. Nəzər alsaq ki, gələnlərin çoxu öz ölkələrinin mətbu orqanlarında çalışır yaxud jurnalist qurumlarında üzvdür, bu görüş, bayaq dediyimiz məqamlar da daxil olmaqla, özəl anlam qazanmış olur.
27 avqustda saat 14-də ATATÜRK Mərkəzində, artıq haqqında danışdığımız konfrans keçiriləcək. Konfransda millət vəkilləri, tanınmış QHT, KİV təmsilçiləri, alimlər, yazarlar, Dövlət Dəstəyi Şurasının əməkdaşları iştirak edəcək.
Silsilə tədbirlər çərçivəsində baş tutacaq digər görüşlər barədə ictimaiyyətə əlavə bilgi verəcəyik.
- DGTYB adından da göründüyü kimi dünyanın gənc türk yazarlarını bir araya gətirmək üçün uzun illərdir fəaliyyət göstərir. Bu illər ərzində nələrə nail olmusunuz?
- Bu ilin sentyabrında təşkilatımızın təsis olunmağının, gələn ilin yayında isə dövlət qeydiyyatına alınmasının 20 ili tamam olacaq. DGTYB özünəməxsus yol keçmiş bir qurumdur. Nələrə nail olmuşuq? Böyük-böyük, yaxud yuxarı pərdədən danışmaq istəməzdim. Çünki bu bizim üçün bir könül işidir, könül işi isə pıçıltı ilə, sakit-sakit danışılınca dadı-duzu qaçmır. Çoxsaylı nəşrlərimiz, üzə çıxardığımız yaxud ictimaiyyətə tanıtdığımız imzalar, tanışlıqlarına, işbirliklərinə ortam yaratdığımız yaradıcı şəxslər, onların yaradıcılıq uğurları qeyd edildikcə, bizim də adımız keçəcək. Az-çox ədalət hissi olan araşdırmaçı, tənqidçi türk dünyasında son illərin ədəbi əlaqələrindən danışınca, DGTYB-nin çalışmalarını qeyd etmədən keçməməlidir.
Başqa da, nə deyim? İnşallah qarşıdakı tədbirlərimizə qatılsanız, özünüz əyani şəkildə tanış olarsınız, neynirik, necə edirik, nəyə nail oluruq?(musavat.com)