Əhalinin əlində nə qədər nağd pul var?

Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 2026-cı ilin sentyabr ayının sonuna 56 milyard 8,1 milyon manata çataraq bu günə kimi qeydə alınan ən yüksək səviyyəyə çatıb.

Yeniavaz.com Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin sentyabr ayının sonu ilə müqayisədə 8 milyard 22,4 milyon manat və ya 16,7% çoxdur. Belə ki, ötən ilin eyni dövründə geniş mənada pul kütləsi 47 milyard 985,7 milyon manat təşkil edib.

Hesabat dövründə manatla pul kütləsinin həcmi də əhəmiyyətli dərəcədə artıb. M2 pul aqreqatı adlanan bu göstərici 2026-cı ilin sentyabr ayının sonuna 45 milyard 117,5 milyon manat olub. Bu, bir il əvvəlki göstəricidən 7 milyard 929,4 milyon manat və ya 21,3% çoxdur.

Banklardan kənarda olan nağd pul kütləsi (M0) isə bir il ərzində 2 milyard 115,2 milyon manat artaraq 19 milyard 126,5 milyon manata çatıb. Beləliklə, banklardan kənarda dövr edən nağd pulun həcmi illik müqayisədə 12,4% artıb.

Tələbli depozitlər və banklardan kənarda olan nağd pulu əhatə edən M1 pul aqreqatının həcmi də artıb. Bu göstərici 2025-ci ilin sentyabr ayının sonundakı 29 milyard 468,4 milyon manatdan 2026-cı ilin eyni dövründə 34 milyard 483,8 milyon manata yüksəlib. İllik artım 5 milyard 15,4 milyon manat və ya 17% təşkil edib.

Manatla tələbli depozitlərin həcmi bir il ərzində 12 milyard 457 milyon manatdan 15 milyard 357,3 milyon manata yüksəlib. Bu, 23,3% artım deməkdir. Manatla müddətli depozitlərin həcmi isə 7 milyard 719,8 milyon manatdan 10 milyard 633,8 milyon manata çatıb. Belə depozitlərdə artım 37,7% olub.

Xarici valyutada olan depozitlərin həcmi isə nisbətən az dəyişib. Bu göstərici 2025-ci ilin sentyabr ayının sonundakı 10 milyard 797,6 milyon manatdan 2026-cı ilin eyni dövründə 10 milyard 890,6 milyon manata yüksəlib. Artım cəmi 93 milyon manat və ya 0,9% təşkil edib.