Bakıda ərzaq məhsullarının satışı və təchizatı ilə məşğul olan "Sabko" MMC-dən külli miqdarda oğurluq edilib.
MilliYol.az Xitab24.az-a istinadla xəbər verir ki, söhbət 155.378 manatlıq oğurluq hadisəsindən gedir.
Araşdırmalar nəticəsində cinayət əməlini şirkətin üç əməkdaşı - anbardar, sürücü və fəhlə tərəfindən törədildiyi məlum olub. Hər üç şəxsə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Məlum olub ki, işçilər şirkətdən hissə-hissə 46113.84 manat dəyərində 1 5579 ədəd enerji içkisi, fərqli markalardan olan 51040.36 manat dəyərində 2610.76 kiloqram və 12226.06 manat dəyərində 618.42 kiloqram kərə yağı, eləcə də müxtəlif markalara məxsus 6785.86 manat dəyərində 1570.80 kiloqram və 39211.88 manat dəyərində 6502.80 kiloqram yağı gizli yolla çıxararaq oğurlayıblar.
Əlimusa, Məmmədağa və Anar adlı işçilərin oğurluğunun üstü növbəti dəfə anbardan mal götürmək istəyərkən açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hər üç şəxs təqsirli bilinib. Onlardan biri 4 il, digəri 4 il 8 ay, üçüncü təqsirləndirilən şəxs isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2014-cü ildə yaradılan "Sabko" MMC-nin qanuni təmsilçisi Amil Sadıqov olsa da, direktoru Səbuhi adlı şəxsdir. Şirkətin anbarı Nərimanov rayonu, Qarabağ küçəsində yerləşir. Şirkət daha öncə də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən keçirilən yoxlamalarla gündəmə gəlmiş, anbarda məhsulların saxlanma şəraiti ilə bağlı nöqsanlar aşkarlanmışdı.
































