ABŞ prezidentinin media ilə gərgin münasibətinin tarixçəsi və mümkün fəsadları barədə
Son dönəmlər dünyada mediaya, media mənsublarına qarşı soyuq münasibət özünü göstərir. Artıq “dördüncü hakimiyyət” adlandırılan qələm əhlinin müdafiəsi əvvəlki qədər yüksək səviyyədə deyil. Ekspertlərə görə, bu, birbaşa Amerikanın yeni prezidentinin mediaya olan soyuq münasibətinin nəticəsidir. Çünki Tramp hələ hakimiyyətə gəlməmişdən öncə media mənsubları ilə soyuq müharibədə idi və prezidentlik dönəmindən sonra da bu soyuqluq yüksələn xətlə inkişaf etdi.
Tramp hakimiyyətinin ünvanına səsləndirilən ittihamlar isə daha çox onun KİV-lə olan münasibətlərindən qaynaqlanır. O, yeganə ABŞ prezidentidir ki, bu ölkənin tarixində seçkilərin taleyini həll edən media nəhənglərinə qarşı açıq savaş açdı və qalib gəldi. Bu isə həm də nəhəng media qurumlarının arxasında dayanan transmilli korporasiyaların məğlubiyyəti kimi də dəyərləndirilə bilər. Trampa qarşı açılan savaş daha çox media müstəvisindədir və bu prosesin ciddi ictimai dəstək qazanacağı az inandırıcı görünür. ABŞ biznes ölkəsidir. Burada dövlət siyasətini iqtisadi maraqlar tənzimləyir.
Tramp hələ namizəd olan vaxtlarda “The Washington Post”, “The New York Times” kimi qəzetlər də daxil, ölkənin aparıcı nəşrlərini və nəhəng televiziya kanallarını ona qarşı cəbhələşməkdə suçlayırdı. İş o yerə çatmışdı ki, Tramp artıq bir neçə aydır, bəzi jurnalistlərin və media qurumlarının özünün seçki kampaniyası tədbirlərində iştirakına qadağa qoymuşdu. Onun media ilə bağlı sərt sözləri tərəfdarlarını da mitinqlərdə zaman-zaman jurnalistlərə qarşı şüarlar səsləndirməyə həvəsləndirirdu. Hətta oxşar mitinqlərin birində jurnalistin təhlükəsizliyindən ötrü xüsusi xidmət orqanlarının əməkdaşları duruma müdaxilə etməli olmuşdu.
2016-cı il oktyabrın 13-də “The New York Times” qəzetində Trampın bir neçə qadınla qeyri-etik hərəkətləri barədə yazı dərc olunub. Bu yazıdan sonra respublikaçı namizədin media ilə münaqişəsi daha da alovlanıb. Axı bu xəbər dərhal digər media orqanlarında da işıqlandırılıb.
Floridadakı çıxışında Tramp həmin xəbərləri “qurama” adlandırıb. Bunu “rəqibi Hillari Klintonun nəzarətindəki korporativ medianın bir mərkəzdən idarə olunan hücumu” kimi qiymətləndirib. “Ölkəmizdə korporativ media artıq jurnalistika ilə məşğul olmur. Onlar lobbi qrupları, ya da maliyyə dairələri kimi konkret siyasi maraq güdürlər. Bu maraq da kələkbaz Klintonun nəyin bahasına olur-olsun, seçilməsinə nail olmaqdan ibarətdir”, - deyib Donald Tramp.
“Yeni Müsavat” isə xatırladır ki, hələ 2015-ci ildə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından ən real namizəd olan Donald Trampla jurnalist arasında qalmaqal yaranmışdı. Tramp keçirdiyi mətbuat konfransı zamanı növbəsini gözləməyərək yerindən danışan jurnalisti qovmuşdur.
İspan dilli “Univision” kanalının müxbiri Xorxe Ramos bir neçə dəfə yerindən qalxaraq Trampa sual vermək istəsə də, Tramp hər dəfə onun suallarından yayınaraq növbəsini gözləməsini istəyib. Ramosun növbəti sual cəhdi isə siyasətçinin səbir kasasının daşmasına səbəb olub. “Sizə söz vermədilər. Qayıdın öz ”Univision"unuza". Daha sonra isə mühafizəçilərdən jurnalisti otaqdan çıxarmasını istəyib.
Amma bir müddət sonra sakitləşən Tramp Xorxe Ramosun “yerindən duraraq çığırmasından” şikayətlənib və onun təkrar konfransa qatılmasına etiraz etmədiyini bildirib. Geri dönərək Donald Trampa sual vermək hüququndan istifadə edən Xorxe Ramos prezidentliyə namizədin qalib gələrsə, ölkədəki 11 milyon qanunsuz mühaciri dərhal deportasiya edəcəyi ilə bağlı planlarına görə onu sərt tənqid edib.
2016-cı il oktyabrın 13-də isə Tramp twitter hesabı vasitəsilə bəzi jurnalistləri kəskin tənqid edib. Yazıb ki, Nyu-York qəzeti onun barəsində şər yazıb. Onun dediyinə görə, sözügedən qəzet “başdan ayağa uydurma”ya yol verib. Digər yazısında isə qeyd edib ki, illər öncə 12 yaşlı bir qıza söz atması barədə yazılanlar isə ağ yalandır.
Ondan öncə Trampla bağlı vulqar bir video yayılmışdı. Həmin videoda Tramp qürrələnərək deyirdi ki, “ulduz” olduğu üçün qadınlar ona öpüşmək və əllərindən tutmaq üçün icazə verirlər. Bundan iki gün sonra “New-York Times” və “Palm Beach Post” qəzetləri Trampın icazəsiz olaraq onlara toxunduğu və əllərindən tutduğunu iddia edən üç qadının bəyanatını çap etdi. Bundan başqa, “People”nin jurnalisti də müsahibə zamanı Trampın onun üstünə hücum çəkdiyini bəyan etdi.
CBS kanalı isə bir qədər də irəliyə gedərək, 20 il öncə çəkilmiş bir videonu gündəmə gətirdi. Həmin videoda Tramp 10 yaşlı bir qıza 10 il sonra onunla görüşəcəyini vəd edir. İlk videodan sonra respublikaçılar ondan namizədliyini geri götürməyi təklif etdilər. Bu isə onsuz da medianı sevməyən Trampın “dördüncü hakimiyyət”ə qarşı nifrətini daha da artırdı.
“Əgər Tramp Amerika mediasına görə özünüidarəni itirirsə, bəs dünya liderləri tərəfindən ona edilən tənqidlərin öhdəsindən necə gələcək?” Bunu isə “The Christian Science Monitorun şərhçisi Piter Qrier seçkilər ərəfəsində yazmışdı. Onun dediyinə görə, əgər təkcə “Ey-bi-si”nin müxbiri ilə fikir mübadiləsinə dözmürsə, Vladimir Putinə necə qarşı çıxacaq? Məsələn, bu ilin 31 mayında keçirilən mətbuat konfransında Donald Tramp veteran təşkilatlarına xeyriyyə yardımı etmədiyi iddiası ilə jurnalistlərin tənqidinə məruz qalmışdı. O, reportyorlardan birini “yaramaz” adlandıraraq, onun səxavətini etiraf etməməkdə ittiham etmişdi. Belə ki, 28 yanvarda Tramp veteranlara kömək məqsədilə 6 milyon dollar yığıldığını, 1 milyon dolları isə öz cibindən bu məqsədlə verdiyini açıqlamışdı. Amma mayın sonunda “The Washington Post” xəbər verdi ki, bəzi veteran təşkilatları həqiqətən də çeklər alıblar. Amma bu, 6 milyon dollar olmayıb. Bundan başqa, Trampın özü bu işə bir sent belə xərcləməyib.
Mətbuat konfransında incimiş, əsəbi və aqressiv şəkildə barəsində yazılanları yalanlayan Trampın bu reaksiyası isə siyasi şərhçilər tərəfindən ciddi tənqid olunub. Onlar təhlillərində Tramp barədə belə yazıblar: “Ümumilikdə Tramp yaralı insan təəssüratı bağışladı. Amma hesab edək ki, o, haqlı idi. Bəs gələcəkdə hansısa xarici ölkənin lideri onun bu reaksiyalarını görəndən sonra şəxsi məqsədləri naminə ABŞ prezidentini qıcıqlandırmaq, hirsləndirmək istəsə, necə olacaq? Şəxsi qarşılıqlı münasibətlər geosiyasətdə ciddi əhəmiyyət daşıyır. Prezident onları düzgün qurmalıdır”. Bunu da siyasi analitik Cey Nordlinqer qeyd edib.
Gördüyünüz kimi, Trampla medianın münasibətləri hər zaman gərgin olub. Və bu, bir günün “məhsul”u deyil. Tramp hələ prezidentliyə namizəd olan gündən azad mediaya qarşı qıcıqlı tövrləri ilə fərqlənib. İndi isə bunu davam etdirir və Ağ Ev üçün hazırda amerikan jurnalistlərin “qara siyahısı” mövcuddur. Bu isə bütün dünya jurnalistləri üçün ciddi təhlükə siqnalıdır. Çünki dünyada söz azadlığını ilk növbədə müdafiə edən Amerika olub. İndiki halda Amerikanın birinci adamı mediaya qarşı soyuq savaş açıbsa, bunun ümumən dünya jurnalistikası üçün müsbət nəticə verməyəcəyi gözləniləndir.
MilliYol.Az
Digər xəbərlər
loading...