"Hər birimizin ailə qurmamışdan öncə genetik testdən keçməsi vacibdir".
MilliYol.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov deyib.
Onun sözlərinə görə, bunun üçün yaşın heç bir fərqi yoxdur:
"Müəyyən edilmiş genetik test insandan ömründə yalnız bir dəfə götürülür və ikinci dəfə nə zamansa götürülməsinə ehtiyac olmur. Ailə planlaşdırılmasında tibbi-genetik məsləhət və genetik testlər mühüm rol oynayır. Onlar anadangəlmə xəstəliklərin və ya irsi yolla ötürülə bilən genetik patologiyaların risklərini müəyyən etməyə kömək edir. Həmçinin ailənin gələcək hamiləlikləri ilə bağlı əsaslandırılmış qərarların qəbul edilməsi və doğulacaq uşaqların sağlamlığının qorunması üçün müvafiq üsullar seçməsinə imkan verir. Genetik testlər, eyni zamanda, valideynlərdə mümkün genetik problemləri müəyyən etməyə kömək edə bilər, onlara ailə planlamasında alternativ imkanlardan istifadə etməklə bağlı qərar verməyə şəraət yaradır”.
Mütəxəssis bildirib ki, genetik testlərin əksəriyyəti pasiyentə heç bir ağrı yaşatmadan götürülür:
“Belə ki, nümunəni əldə etmək üçün ağız boşluğundan götürülən yaxma kifayət edir. Bunun üçün pasiyentin hansısa bir toxuması və ya bioloji material (tük soğanağı, dırnaq, dəri, skelet, toxuma parçası və s.) belə yetərlidir. Lakin elə genetik testlər də var ki, onlar klassik üsulla - venoz damardan 2-5 ml qan götürülməklə həyata keçirilir”.
Z.Bayramov həmçinin vurğulayıb ki, onkologiyanın müxtəlif növlərinə irsi meylinin müəyyən edilməsində genetik diaqnoz mühüm rol oynayır. Bu, müəyyən xərçəng növlərinin (döş, yumurtalıq, bağırsağ, prostat, ağciyər, dəri və s.) inkişaf riskinin artması ilə əlaqəli ola biləcək genlərdəki dəyişiklikləri müəyyən etməyə kömək edir.
Mütəxəssis genetik testlərin xəstəliyin diaqnozunu aydınlaşdırmağa və ya mümkün bir xəstəliyin qarşısını almağa kömək edəcəyini də söyləyib: “Lakin bunun üçün genetika mütəxəssisinə müraciət etmək tövsiyə olunur. Genetik testlərin sayı və müxtəlifliyi çox genişdir. Məhz buna görə də bu seçimi mütəxəssis özü etməlidir. Genetik patologiyalara genlərdəki mutasiyalar və ya xromosomlarda struktur və kəmiyyət dəyişiklikləri səbəb ola bilər. Genetik patologiyaları müəyyən etmək üçün müxtəlif genetik analiz üsulları istifadə olunur. Buraya genetik test, sitogenetik analiz, molekulyar diaqnostika, prenatal genetik skrininq, biokimyəvi testlər və s. aiddir”.