Torpaqlar artıq satışa çıxarılıb..
Dünən axşam saatlarında qaz, işıq və sudan məhrum buraxılan Sovetski sakinləri yolu bağlayaraq, etiraz aksiyasına çıxmışdı. Bundan sonra, icra hakimiyyətinin rəsmiləri vətəndaşlarla səhəri gün, yəni bu gün üçün görüşməklə bağlı vədlər veriblər.
İcra Hakimiyyətindən görüşə gələnlər isə əli boş yox, buldozerlə gəliblər. Heç bir məhkəmə çıxarışının və icraçıların olmadığı "söküntü əməliyyatı"nda evlər içində əşyalar ola-ola dağıdılıb.
Əraziyə gedən hüquq müdafiəçisi Cavad Cavadov Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Nəzаrət şöbəsinin müdiri Zülfəli İsmayılova bununla bağlı suallarını ünvanlasa da, icra nümayəndəsi heç bir suala cavab verməyib və baş verənlərlə bağlı ərazidə bəzi sakinlərin halı pisləşib. Bütün bunlardan sonra, ərazidə vəziyyət təhlükəli hal alıb. Sakinlərin fikrincə, baş verənlər qanunsuzdur, ölkə rəhbərliyi Hacı Cavad məscidinin söküntüsündə olduğu kimi, bu məsələdə də İcra Hakimiyyətini cəzalandırmalıdır.
Qeyd edək ki, hadisədən sonra hüquq müdafiəçisi öz feysbuk səhifəsində bildirdib ki, artıq ərazidəki torpaqlar sotu 408 min AZN-dən elan saytında satışa çıxarılıb.

MilliYol.az