Kamal Abdulla ADU-da struktur rəhbərlərini dama daşları kimi sürüşdürməklə məşğuldur
Bu dəfə isə Tərcümə fakultəsinin dekanı Bənövşə Məmmədovanı məcburən Filologiya və jurnalistika fakultəsinə dekan göndərməyə çalışan rektora qarşı tələbələr ayağa qalxıb. ADU-nun Təbriz korpusunda həyətdə və foyedə etiraz edən tələbələr fakultə dekanlarının digər fakultəyə dekan göndərilməsini absurd hesab edərək hay-küy qaldırıblar. Hadisədən xəbər tutan Kamal Abdulla əvvəl mühafizəni göndərib, daha sonra özünü Tərcümə korpusuna yetirərək, tələbələrlə razılığa gəlib. Verdiyi qərarı geri götürəcəyini səsləndirərək tələbələrlə şəkil və video çəkdirməyi təklif edib və nəhayətdə tələbələr onun dəyişən qərarını alqışlayıblar. Daha sonra isə xəbərin mediaya yayılmasının qarşısını almaq məqsədilə baş verən insidentə Kamal Abdullanın tələbələrlə həyətdə səmimi görüşü donu geyindirilib və “alqış” videosu universitetin rəsmi səhifəsinə yerləşdirilib.
Qeyd edək ki, Kamal Abdullanın həftə ərzində tələbələrlə görüşü planlaşdırılırdı. ADU-nun rəsmi səhifəsindən əldə etdiyimiz cədvələ əsasən də Tərcümə fakultəsi ilə görüş hələ martın 18-nə planlaşdırıldığı halda, rektor aksiyanın qarşısını almaq üçün 13 marta Təhsil fakultəsi ilə nəzərdə tutulan görüşü təxirə salmalı olub. Onu da əlavə edək ki, tələbələrin aksiyası səhər 10:30-dan sonra baş verib, cədvəldə də göründüyü kimi rektorun Tərcümə deyil, Təhsil fakultəsinin tələbələrilə görüşü isə 13:00-da planlaşdırılmışdı. Hadisədən dərhal xəbər tutan rektorun müşaviri Anar Osmanlı Bənövşə Məmmədovanı danlayaraq, “başları ağrıyacaqlarını” deyib. Daha sonra isə tələbələr səhər saatlarında çəkilmiş videoların silinməsi və yayılmaması ilə bağlı çox ciddi tənbeh olunublar. Əldə etdiyimiz videonun hələlik bir hissəsini və cədvəli təqdim edirik.
Etibarlı mənbənin verdiyi məlumata əsasən, Bənövşə Məmmədova Filologiya və jurnalistika fakultəsinə dekan olaraq göndərildikdən sonra, uzun illər Slavyan Universitetində Tərcümə fakultəsinin dekanı olan Seyfəl Həsənov da Bənövşə xanımın yerinə göndəriləcəkdi. Aksiyadan sonra geri addım atmağa məcbur olan rektor Seyfəl Həsənovu bu dəfə Filologiya və jurnalistika fakultəsinə göndərməyi qərara alıb... O olmasın, bu olsun... Toplananların yerini dəyişəndə cəm dəyişmir... Bu barədə Seyfəl Həsənov könülsüz şəkildə həmkarlarına bildirib. Onun postuna isə kafedra müdiri Məsmə Qazıyevanın qızı Sevinc xanımın göndərilməyi nəzərdə tutulur.
Xatırladaq ki, bu yaxınlarda Kamal Abdulla Filologiya və jurnalistika fakultəsinin dekanı Vüsalə Ağabəylini də vəzifədən azad etməklə medianın qalmaqallı gündəmində yer almışdı.
MilliYol.az