İsmayıllıda canavarlar sürüyə hücum etdi, qoyunları parçaladı. Nəticədə bir neçə sakinin təsərrüfatına ziyan dəyib
“ARB Şəki”dən virtualaz.org-a verilən məlumata görə, hadisə rayonun Qoşakənd kəndində qeydə alınıb.
Canavarlar kəndin dağlıq ərazidəki otlaq sahəsinə hücum edərək Nəcəfalı Abdullayev, Səməd Nurməmmədov, Ağasəf Babayev, Həsən Hüseynov, Sadiq Mehriyevə məxsus 15 baş qoyunu parçalayaraq tələf edib, 4-nü ağır yaralayıb. Hava dumanlı olduğu üçün qoyunları otaran kənd sakini canavarları sürüyə yaxınlaşdıqdan sonra görüb və tez kənd sakinlərinə xəbər verib.
Nəzər Abdullayev (zərərçəkən): “4-5 canavar sürüyə hücum çəkdi. Bilmədim hansına qaçam. 50 heyvanı əlimdən alıb böldü. 20-25-ni əlindən aldım, qalanına çata bilmədim”.
Xəsarət alan qoyunlara baytar həkimlər tərəfindən tibbi yardım göstərilib. Məhv olan heyvanlar dezinfeksiya edilərək torpağa basdırılacaq. Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez otlaq sahələrinə və fərdi təsərrüfatlara hücum edərək, iri və xırdabuynuzlu heyvanları, ev quşlarını tələf edir.
Digər xəbərlər
loading...