Planet əhalisinin 70,0 faizi kasıblardan ibarətdir və ya dünyanın sərvətinin yarısı əhalinin 1,0 faizinin əlindədir!
"AzPolitika.info"-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, dünya əhalisinin toplam sərvəti 2016-cı ilin ortalarından 2017-ci ilin ortalarına qədərki dövr ərzində 6,4 faiz artaraq, 280 trilyon dollara çatıb. Bu barədə «Credit Suisse» İsveçrə bankının hazırladığı illik «Global Wealth Report» hesabatında söhbət açılır. Artım ahəngi son 5 ildə maksimal olub ki, bunu da dünyada daşınmaz əmlakın və səhmlərin qiymətinin qalxması ilə izah edirlər.
Sərvətin əhali sayından sürətlə artması ilə bağlı, adambaşına bu göstərici rekord həddə – 56,54 min dollara çatıb (orta statistik göstəricidir!). Bir il əvvəl isə göstərici 52,074 min dollar təşkil edib.
Bu zaman, dünya əhalisinin ən təminatlı 1,0 faizi dünyanın sərvətinin yarısı üzərində sahiblik edir. Bu göstərici üzrə onların payı 2008-ci ilin maliyyə böhranı dövrü ilə müqayisədə (42,5 faiz) artaraq, 50,1 faizə çatıb.
Planetin ən kasıb 3,5 milyard nəfər əhalisinin sərvəti isə adambaşına 10,0 min dollar təşkil edib (orta statistik rəqəmdir!). Ümumilikdə, bu kateqoriyadan olan insanların sayı planetin əmək qabiliyyətli əhalisinin 70,0 faizi qədərdir.
Əslində, bu rəqəmlər bəşəriyyəti sarmış qlobal ədalətsizliyin miqyasını açıq şəkildə ortaya qoyur. Qətiyyətlə demək olar ki, son onilliklər boyu dünyada terrorun geniş vüsət alması da məhz dünyanın maddi nemətlərinin bunca ədalətsiz bölgüsünün birbaşa və dolayı nəticəsidir – ədalətsizliyin miqyası genişləndikcə, terror da xərçəng kimi rişələnir. Adını nə qoyurlar, qoysunlar…
Bu günlərdə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də bu fikiri bir qədər başqa formada ifadə edib. Prezident deyib ki, dünyanı sarmış silahlı münaqişələr əslində, bəziləri üçün əlverişli biznesə çevrilib.
Qeyd edim ki, 2001-ci ildə ABŞ-da «iki bacı» qülləsinin vurulmasından dərhal sonra, Amerika Birləşmiş Ştatlarının (ABŞ) hakimiyyəti dünyada «islam terrorçuları» ovuna çıxdığı bir vaxtda, rusiyalı tarixçi Georgi Mirski bu barədə «Nezavisimaya qazeta» nəşrində geniş məqalə ilə çıxış etmişdi. Müəllif göstərmişdi ki, terrorun «dini-imanı» olmaz, onu doğuran səbəb(lər)i isə uzaqlarda yox, məhz dünyanın maddi nemətlərinin ədalətsiz bölgüsündə axtarmaq lazımdır.
İraqın, Suriyanın, Liviyanın, Əfqanıstanın… timsalında bunu açıq-aydın görmək olur…
Azərbaycanda isə vəziyyət tamam başqadır – bizim heç bir problemimiz yoxdur!
Mirzə AĞ
AzPolitika.info
Digər xəbərlər
loading...