“Kriminal avtoritetlər hakimiyyətin yuxarı eşalonları tərəfindən idarə olunur”


Son dövrlərdə ölkə ictimaiyyətinin gündəmini kriminal aləmdə baş verən hadisələr zəbt etməkdədir

Gununsesi.info məlumat verir ki, sonuncu hadisə kimi noyabrın 2-də İstanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Lotu Quliyə qarşı  hücumun   bir neçə ay bundan öncə İstanbulda qətlə yetirilmiş digər məhşur azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”nin qardaşı polkovnik Canıyev Namiq Rafiq oğlu tərəfindən təşkil etdiyi barədə  məlumatlar  yayılıb.

Verilən bəzi məlumatlara görə, “Lənkəranski”nin qardaşı Namiq Canıyev uzun illərdir ki, gömrük orqanlarında çalışır. Hazırda Keşlə Gömrük stansiyasının rəisidir, polkovnik rütbəsi daşıyır.
Kriminal aləmdə baş verən hadisələr və bir polkovnik kimi dövlət məmuru postunda çalışan şəxsin  kriminal “razborkalarda” iştirakı ilə bağlı millət vəkillərinə müraciət etdik.



Deputat Fazil Mustafa saytımıza  açıqlamasında  bildirib ki, bu mövzu ilə bağlı geniş bilgiyə malik olmadığından bir söz deyə bilməyəcək. Millət vəkili sadəcə onun deyib ki, əgər hər hansı dövlət vəzifəsi daşıyan şəxsin belə mübahisələrdə iştirakı təsdiqlənərsə, bu pislənməlidir və həmin şəxs ciddi qaydada cəzalandırılmalıdır.

Millət vəkili Tahir Kərimli isə Gununsesi.info-ya  açıqlamasında ilk olaraq kriminal aləmdə “oğru” dünyasının necə və hansı formada yaradılmasına toxunaraq deyib ki, belə bir  sistem hələ Çar Rusiyası dövründə  olub və SSRİ dövründə də həbsxanalarda  qeyri-rəsmi formada nəzarəti həyata  keçirmək üçün dövlətin üst qatında belə bir sistem yaradılıb. “Yəni “oğru” dünyasını  dövlət ən yüksək səviyyədə özü təşkil edib və öz adamını da bura yerləşdirib. Bunlar həbsxanada haqqı müdafiə etməklə ədalətin mücəssiməsi qismində çıxış ediblər. Yəni dövlətə alternativ olaraq ədalət sistemi rolunda çıxış ediblər. SSRİ-dən fərqli olaraq ABŞ və digər ölkələrdə isə bu cinayətkar aləmə baxış tamamilə başqa cür olub. Onlar fərqli formada fəaliyyət göstəriblər. Odur ki, istər SSRİ dövründə olsun, istərsə də ondan sonra belə qruplaşmalar hakimiyyətin yuxarı eşalonu tərəfindən himayə olunub və olunmaqdadır. Onlar müxtəlif məqsədlər üçün istifadə olunur”- deyə, T.Kərimli vurğulayıb.



Deputat əlavə edib ki, düzdür, belə kriminal avtoritetlərin bir çoxu ədalətli olub və haqqın müdafiəçisi  rolunda çıxış edib. “Belələri istər həbsxanada, istərsə də məhbəsdən kənar həyatda çoxlarına  problemlərin həllində yardımçı olublar. Onları haqsız  təqib və təzyiqlərdən qoruyublar. Bunları etiraf etmək lazımdır. Lakin bütün bunlara baxmayaraq  hüquqi dövlətdə qanundankənar hər hansı ədalət mücəssiməsi rolunda çıxış edən alternativ sistem olmamalıdır və belə qruplaşmaların fəaliyyətinə imkan verilməməlidir. Bu hüquqi dövlətçiliyin və  dövlətin ədalətlilik prinsipinə zidd hərəkətlərdir. Bu yanaşma olmamalıdır və varsa da, yanlışdır. Çünki bu dövlət qanunlara qarşı bir hayqırıdır”- deyə, T.Kərimli vurğulayıb.

Kriminal qruplaşmalar və avtoritetlər arasındakı toqquşmalara gəldikdə isə deputat bildirib ki,  təbii, bayaq söylədiyim kimi bu qruplaşmalar müəyyən  adamlar tərəfindən öz məqsədləri üçün istifadə edildiyindən  belə hallar olacaq: “Bir çox hallarda bu kriminal qruplaşmalar, dəstələr arasında  düşmənçilik, qarşıdurma, rəqabət olur və bu da sonda qarşıdurmalara  gətirib çıxarır. Elə son hadisəni də bu qəbildən hesab etmək olar”.

Bununla belə T. Kərimli bildirib ki, SSRİ dağılandan sonra MDB məkanında krminal avtoritet dünyası ilə bağlı ən yaxşı vəziyyət Azərbaycandadır: “SSRİ dağılandan sonra  kriminal avtoritetlət Azərbaycanda tüğyan etdiyi bir zamanda mərhum prezident Heydər Əliyevin   kriminal avtoritetlərə qarşı qəti mövqeyi nəticəsində, onların ölkədə fəaliyyəti demək olar sıfıra endirildi. Hətta, Putin kimi güclü bir şəxs bunu Rusiyada edə bilmədi. Onlara qarşı aparılan mübarizəyə baxamyaraq onların  hələ də Azərbaycanda qalıqları qalmaqdadır. Bu gün də, bu, qruplaşmalar arasında qisasçılıq, bir-birindən hayıf çıxma, sıradan çıxarma istiqamətində qanlı mübarizə gedir. Baş verən prosesləri belə dəyərləndirmək olar. 

Çünki SSRİ dağılandan sonra  kriminal dünyasında da bir pərakənədlik hökm sürməyə başladı. Moskva artıq onları vahid mərkəzdən idarə edə bilmədi. Baxmayaraq ki, SSRİ dövründə bütün xətlər gedib Moskvaya çıxırdı. Odur ki, SSRİ dağılandan sonra bu qrupların fəaliyyətində pərakəndəlik yarandı və demək olar ki, bütün MDB ölkələrində belə qrupların fəaliyyətinə rast gəlindi. Bu qruplar da öz aralarında nüfuz uğrunda mübarizəyə girişdiyindən  mütəmadi olaraq qanlı toqquşmalar baş verir. Bir daha təkrar  edirəm ki, hətta Azərbaycanda olan kriminal avtoritetlərin bir qismi öz ədalətli hərəkəti ilə ad qazanıb və bunu etiraf etməliyik. Amma  bunlar hüquqi dövlətçilik prinsiplərinə daban-dabana ziddiyyət təşkil edir. Xüsusən də əgər belə dəstələri hakimiyyətin yuxarı eşalonunda olan  şəxslər himayə edirsə…”.

O deyib ki, dövlət gec-tez bu sahədə məsələni nizama salacaq.

İstanbulda baş verən hadsəyə və  polkovnik rütbəsi daşıyıb yükəsk post tutan şəxsin belə kriminal mübahisələrdə iştirakına gəldikdə isə T. Kərimli dövlət məmurunun belə  hadisələrdə iştirakını qınayıb və yolverilməz hal olduğunu bildirib: “Əgər bu fakt təsdiqlənərsə, ona qarşı sərt ölçü götürülməlidir. Bu bir daha onu göstərir ki, kimlərsə belə qurpları hakimiyyətin yuxarı eşalonunda himayə ediblər. Onların qanunazidd hərəkətlərinə şərait yaradıblar. Hərəkətləri qanunazidd olduğundan, onlara qarşı mübarizə də kəskin formada aparılmalıdır. Hər yerdə qanunların işləməsinə şərait yardılmalıdır. Vətəndaş hüququnun qanunlar çərçivəsində müdafiə olduğunu görəndə belə qüvvələr özləri avtomatik olaraq sıradan çıxmış olacaqlar”.

MilliYol.Az
“Kriminal avtoritetlər hakimiyyətin yuxarı eşalonları tərəfindən idarə olunur” - Milliyol.az