İlham Əliyev daha 3 sərəncam imzaladı

Prezident İlham Əliyev C.Q.Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Cavid Qənbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

***

İlham Əliyev Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)–Biləsuvar avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edirik:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)–Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


***

İlham Əliyev Masallı şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Masallı rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, sənaye məhsulunun həcmi 11,2 dəfə, əsas kapitala yönəldilən vəsait 45,0 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə investisiya 45,5 dəfə artmış, Olimpiya İdman Kompleksi, ”ASAN həyat” Kompleksi, Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi, Uşaq-İncəsənət Məktəbi, Regional Boks və Taekvando mərkəzləri, əlil və şəhid ailələri üçün ümumilikdə 76 mənzilli 3 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, 47 ümumtəhsil müəssisəsi istifadəyə verilmişdir. Bundan başqa, Masallı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, 110/35/10 kV-luq “Tüklə” elektrik yarımstansiyası istismara verilmiş, Masallı Sənaye Məhəlləsi, iri istehsal və emal müəssisələri yaradılmış, 28 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Masallıda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədi ilə qərara alıram:

1. Masallı şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən 10 küçədə əsaslı yenidənqurma işləri aparmaq üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Masallı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

MilliYol.az