“Azərbaycanda eşitmə qüsurlu uşaqların sayının artmasına əsas səbəb qohum evliliyi və gizli narkomaniyanın yayılmasıdır”
Bunu Teleqraf.com-a açıqlamasında ATU-nun Tədris Terapevtik Klinikasının həkim-otorinolarinqoloqu Aytən Quliyeva deyib.
Onun sözlərinə görə, uşaqlarda eşitmə probleminin yaranmasının səbəbləri çoxdur: “Hamiləlik dövründə baş verən patologiyalar, vaxtından əvvəl doğuşlar səbəblər sırasındadır. Analar hamiləlik zamanı qrip virusuna yoluxması da doğulan uşağın zəif eşitməsinə gətirib çıxara bilər.
Əgər ana xəstələnirsə, antbiotik qəbul edir. Pensillin qrupu uşağın eşitməsinə heç bir təsir göstərmir. Amma aminoqlikozid qrupuna daxil olan dərmanlar ananın və uşağın eşitməsində zəiflik əmələ gətirir”.
Aytən Quliyeva deyir ki, uşaqlarda eşitmə problemi riskinin azaltmaq üçün qohum evliliyindən qaçmaq gərəkdir: “Qohum evliliyi zaman genetik analizlər vermək tələb olunur. Ailə quran gənclər gələcək uşaqlarını düşünməlidirlər. Bundan başqa, narkotik aludəçisi olan cütlükdən doğulmuş uşaqları da oxşar problemlə üzləşmə ehtimalı var”.
Həkim qeyd edib ki, təzə doğulmuş uşağın eşidib-eşitməməsini ilk öncə valideyn bilir: “Övladını müayinə gətirən valideynlərdən soruşuruq ki, uşaq səsə reaksiya verir, yoxsa yox. Bəzi valideynlər deyir ki, təzə doğulan uşaq səsi eşitmir. Elə şey yoxdur. Hamiləliyin 5-ci həftəsində döldə eşitmə orqanı inkişaf edir. 20-ci həftəsində uşaq ana bətnində səslərə reaksiya verir.
Uşaq anadan olandan 3-4 gün sonra eşitmə qabiliyyəti yoxlanılır. Əgər nədənsə şübhələniriksə, 3 ay sonra yenidən müayinə edirik. Uşağın beynində 2-3 yaşına qədər eşitmə mərkəzi inkişaf edir. Zəiflik varsa, eşitmə cihazlarından istifadə məqsədəuyğundur”.
Aytən Quliyeva deyib ki, bu cür problem xarici ölkələrdə də var: “ABŞ, İngiltərə, Danimarka və Yaponiyada da eşitmə qüsurlu uşaqların sayı çoxdur. Dünyada hər 1000 uşaqdan 8-də eşitmə zəifliyi aşkarlanır”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsi Azərbaycanda eşitmə qüsurlu üzrə sağlamlıq imkanları məhdud və ya əlil statusu almış şəxslərin sayının artdığını açıqlayıb. Keçən il üçün ölkədə ilk dəfə sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı 347 nəfər (2015-ci ildə 268 nəfər) təşkil edib. Həmin şəxslərdən 56,5 faizi kişi, 43,5 faizi isə qadındır.
MilliYol.Az
































