“Ümumiləşmiş şəkildə desək, ümumi vəziyyət yaxşıdır. Əlbəttə, həm qalmış problemlər var, həm də inkişafın özünün doğurduğu problemlər mövcuddur, onları da həll etmək lazımdır”
Milli Məclisin sədr müavini Bahar Muradova parlamentdəki büdcə müzakirələrindəki çıxışı zamanı belə dedi. Vitse-spiker parlamentin 5 komitəsində büdcə ilə bağlı çox faydalı müzakirələrin aparıldığını bildirdi. Eyni zamanda sənədin mükəmməl hazırlandığını vurğuladı.
Vitse spiker bildirdi ki, insan kapitalının inkişafı müxtəlif sahələrdə insanların hüquqlarının qorunmasını zəruri edir: “Bu, olacaqsa, hökumət olaraq qarşıya qoyulan məsələlərinin öhdəsindən gələ bildiyimizi deyə bilərik. Azərbaycanda hakimlərin və vəkillərin sayı ilə bağlı problemlər var. Bu yaxınlarda qəbul etdiyimiz qanunun özü də bu sahədə ciddi addımların atılmasını tələb edir”.
B.Muradova bu mənada hakimlərin sayının artırılmasını zəruri saydı və büdcədə bu məsələnin nəzərə alınmasını təklif etdi: “Vəkillərlə bağlı da məsələ çox ciddidir. Bizim vəkillik rolunu oynayan bir sıra müdafiəçilərlə bağlı qanunverciilik sahəsində atdığımız addımlar bu məsələyə də diqqət yetirilməsini zəruri edir. Mənim təmsil olunduğum komitəyə müraciətlərin çox edildiyini nəzərə alaraq, hesab edirəm ki, bu istiqamətdə addımlar atılmalıdır və gözləmək olmaz. Burada vətəndaşların məqsədli şəkildə hüquqlarının pozulmasından söhbət getmir. İşlərin yaxşı araşdırılmaması, müdafiənin səviyyəli şəkildə təmin olunmaması, istintaqın gedişində bir çox məsələləri aydınlaşdırmağın mümkün olmaması məhkəmə baxışı zamanı prosedurların pozulması hallarına gətirib çıxarır. Təbii ki, nəticəsindən, verilən hökmlərdən, aparılan istintaqdan narazı qalan vətəndaşlar öz hüquqlarının pozulduğu qənaətinə gəlirlər. Hüquqlarının qorunması üçün müvafiq qurumlara müraciət edirlər”.
Vitse-spiker qaçqın və məcburi köçkünlərin mənzillə təmin olunması istiqamətində də addımlara çağırdı: “İlk növbədə qəzalı evlərdə, ayrı-ayrı mənzillərdə, yaxud ofislərdə yaşayan məcburi köçkünlərin təcili şəkildə yeni mənzillərə köçürülməsi lazımdır”.
B.Muradova “Qaçqınkom”un sədri Əli Həsənovdan özəl mülklərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərlə bağlı araşdırma aparmağı xahiş etdi. Bildirdi ki, ayrı-ayrı insanlar dövlətin siyasətinə dəstək vermək əvəzinə, qaçqın və məcburi köçkünləri yerləşdikləri ünvanlardan çıxarmaqla dövlətə problem yaradırlar.(musavat.com)
MilliYol.Az
Digər xəbərlər
loading...