2015-ci ildə İranın nüvə proqramı ilə əlaqədar sazişin bağlanmasında mühüm rol oynamış Amerikanın keçmiş məmurları Donald Trampın bu sazişi ləğv etmək qərarını tənqid atəşinə tutaraq deyiblər ki, belə bir addımın atılması ABŞ-ı beynəlxalq arenada izolyasiyaya salacaq
İranın xəbərdarlığına və həmçinin də, Çin, Fransa, Almaniya, Rusiya və Böyük Britaniyanın xahişlərinə baxmayaraq, Tramp elan etdi ki, o, bu ölkələrin ABŞ-la birlikdə Barak Obamanın prezidentliyi vaxtı imzaladıqları müqaviləni dəstəkləməkdən imtina edir. Tramp söyləyir ki, İran bu müqavilənin şərtlərini pozub, amma digər ölkələrin liderləri və həmçinin BMT və Dövlət Departamentinin nümayəndələri hesab edirlər ki, bu belə deyil. Ekspertlərin sözlərinə görə, bu cür starategiya ABŞ-ın beynəlxalq ictimaiyyət və hətta onun yaxın müttəfiqləri arasındakı mövqeyini əhəmiyyətli dərəcədə pisləşdirəcək.
Obama administrasiyası zamanı prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini işləmiş Ben Roudz deyib: “Əgər ABŞ bu sazişdən çıxarsa və sanksiya tətbiqinə cəhd göstərərsə, onda Avropanın onu dəstəkləyəcəyinə heç bir güman yoxdur. İndi Tramp digər ölkələri də, öz siyasəti səviyyəsinə endirməyə çalışır, lakin digər ölkələrin Trampı dəstəkləmələri üçün tutarlı səbəblər yoxdur. Onun etdiyi hər şey, ABŞ-ı özünün ən yaxın müttəfiqlərindən uzaqlaşdırır”.
Konqresin 2015-ci il may ayında İranın nüvə proqramı müqaviləsinin şərtlərinə yenidən baxılması ilə bağlı qəbul etdiyi qanuna əsasən, prezident hər 90 gündən bir bu müqavilənin şərtlərinin yerinə yetirilməsi faktını təsdiq etməlidir. Tramp administrasiyası İranın müqavilənin şərtlərini pozması barəsində sübut təqdim etməsə də, onlar bildirirlər ki, Tehranın ballistik raketləri sınaqdan çıxarması və bütün Yaxın Şərqdəki şiə müsəlman hərəkatlarına dəstək verməsi, “müqavilənin ruhu”nun pozulması deməkdir.
Rodzun sözlərinə görə, Trampın İranın müqavilənin şərtlərini yerinə yetirməsini təsdiq etməməsi səbəbindən, Konqres 60 gündən sonra İrana qarşı əlavə sanksiyalar barədə qərar çıxara bilər. Bu isə müqavilənin uğursuzluqla başa çatması və həm də, ümumi yekunda İranın qarşısında nüvə silahı əldə etmək yolunda yeni imkanların açılması anlamına gəlir. Yəni, Yaxın Şərqdə daha bir potensial hərbi münaqişə ocağı yarana bilər.
Həmçinin, bu müqaviləni imzalayan digər ölkələr də Trampın qərarını tənqid ediblər. Almaniyanın Xarici işlər naziri Ziqmar Qabriyel deyib ki, bu məsələdə Avropanın yekdilliyi saxlaması çox vacibdir. Onun Britaniyalı həmkarı Boris Jonson bu sənədi “İranın nüvə təhlükəsini neytrallaşdırmağa imkan verən əsas müqavilə” adlandırıb. Fransa prezidenti Emmanuel Makron da müqavilədən çıxmamağı israrla ABŞ-a məsləhət görüb. Belə ki, Vaşinqton, iyun ayında Paris iqlim müqaviləsindən də imtina edib.
ABŞ-ın ənənəvi geosiyasi rəqibləri də Trampın qərarına qarşı çıxıblar. ”TASS” informasiya agentliyi məlumat verir ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibinə deyib ki, Tehran öz öhdəliyini yerinə yetirir və müqaviləni imzalayan digər ölkələrin də buna riayət etməsi gərəkdir.
Çinin Xarici işlər nazirliyinin nümayəndəsi Xua Çunçin bəyan edib ki, İranla bağlanan müqavilə nüvə silahının yayılmaması baxımından mühümdür və bu Yaxın Şərq regionundakı sabitliyin qorunmasında əsaslı rol oynayır. Pekin ümid edir ki, tərəflər şərtlərin yerinə yetirilməsini davam etdirəcəklər.
Dövlət katibinin keçmiş müavini Vendi Şerman hesab edir ki, Trampın qərarı Avropanı bir müttəfiq kimi kənara itələyir. Belə ki, ABŞ-ı Yaxın Şərqdəki aparıcı mövqedən məhrum etmək üçün İran, Çin və Rusiya artıq ciddi addımlar atırlar.
V.Şerman deyib: ”Hərçənd ki, Amerikanın Avropadakı müttəfiqləri İranın bəzi xarici siyasət aspektlərini qətiyyətlə tənqid ediblər, amma buna baxmayaraq, Trampın imzalanmış müqavilə çərçivəsində problemi həll etməyi arzulamaması ABŞ-ın diplomatik nüfuzunu təhlükə altında qoyur. Biz öz mövqeyimizi zəiflədirik və özümüz özümüzü izolyasiyaya salırıq. Bu bizim digər ölkələrlə olan münasibətlərimizə, bizim dürüstlüyümüzə, bizim etibarlılığımıza xələl gətirir. Prezident tərəfindən hədsiz düşüncəsiz addım atılır”.
ABŞ prezidentinin keçmiş müşavirinin Yaxın Şərq, Şimalı Afrika və Fars körfəzi məsələləri üzrə koordinatoru olmuş Robert Molli qeyd edib ki, İranın daha çox güzəştə getməsinin yeganə üsulu ABŞ-ın mövcud öhdəlikləri yerinə yetriməkdən imtina etməsi deyil, diplomatik səviyyədə Tehran ilə qarşılıqlı fəaliyyət qurulmasından ibarətdir.
R.Molli deyib: ”Biz İranın regiondakı davranışlarını dəyişə bilmədik, biz 2015-ci ilə kimi, yəni, müqavilə imzalanana qədər də, İranın nüvə sferasındakı davranışlarını dəyişə bilməmişdik. Amma indi heç bir səbəb olmadan ABŞ administrasiyası əldə etdiyimiz nailiyyətləri şübhə altına alır”.
(“Newsweek”-ABŞ)
MilliYol.Az
Digər xəbərlər
loading...