Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
APA-nın məlumatına görə, hakim Əflatun Qasımovum sədrlik etdiyi iclasda bildirilib ki, Ə. İnsanov məhkəməyə ərizə ilə müraciət edib və iclasın onun iştirakı olmadan keçirilməsini istəyib. Tərəflər buna etiraz etməyib.
Ə. İnsanovun vəkili Ağaveys Şahverdi vəsatət verərək, iclasın məhkəmə istintaqı ilə aparılmasını, bəzi sübutların əsassız olduğu üçün maddi sübutlar siyahısından çıxarılmasını, Ə. İnsanovun narkotik vasitə saxlanılan qabda və cırdığı iddia olunan aktda barmaq izinin olub-olmamasını müəyyənləşdirmək üçün ekspertiza keçirilməsini istəyib.
Məhkəmə vəsatətləri təmin etməyib. Proses iyunun 22-də davam edəcək.
Qeyd edək ki, bir müddət əvvəl Qaradağ rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Şikayət həmin hökmdən verilib.
Bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.
Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.
MilliYol.Az
Digər xəbərlər
loading...