“Deməli, onların gələcəklə bağlı hansısa planları var”
Azərbaycanın Xalq yazıçısı, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov ötən ay “Yeni Müsavat”a müsahibəsində hamımızı narahat edən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi mövzusunda danışmışdı.
Yazıçı təşkilatın qeydiyyatının bərpası prosesinə hansısa dəstək verməsinin mümkünlü barədə sualın cavabında demişdi ki, Ümumrusiya Azərbaycanlıları Konqresi ilə bağlı hansısa fəaliyyət göstərsə, Azərbaycan iqtidarı yenə narazı qalacaq.
Bu mənada o, prosesdə iştirak üçün təklif, müraciət gözlədiyini bildirmişdi. ÜAK-ın prezidenti Fazil Qurbanov isə əməkdaşımızla geniş söhbətində dəstək vermək istəyən hər kəsə təşəkkür etməklə yanaşı, əlavə etmişdi ki, hazırkı dövrdə məsələni hay-küysüz, hüquqi yolla həll etməyə üstünlük verirlər. Elə bu sətirləri yazmazdan əvvəl növbəti dəfə ÜAK prezidenti ilə əlaqə saxlayıb yenilik olub-olmadığını soruşduqda bildirdi ki, apelyasiya şikayətinin hazırlanıb təhvil verilməsi istiqamətində proses davam etdirilir. Bəs kinorejissor Rüstəm İbrahimbəyov bu istiqamətdə hansısa təşəbbüslər göstəribmi?
- Rüstəm bəy, demişdiniz ki, müraciət olunarsa, Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı hansısa təşəbbüslər göstərə bilərsiniz. Düzdür, qurumun rəhbərliyi hələ ki belə təşəbbüslərə ehtiyac görmür. Sizin özünüzün necə, şəxsi təşəbbüsünüz olubmu?
- Yox, mənə bununla bağlı bir zəng olmayıb.
- ÜAK prezidenti Fazil Qurbanovla zəngləşirsinizmi?
- Mən bir dəfə də olsun onunla zəngləşməmişəm. Hərdənbir ictimai yerlərdə görüşürük. Ancaq heç telefonu da yoxdur məndə.
- Bəs hazırda durumun nədən ibarət olması barədə məlumatınız varmı?
- Yox. Məlumatım yoxdur. Zəng edən də olmadı. Gördüm ki, heç mənim müsahibəmə də fikir verən olmadı.
- Diqqətçəkən bir məsələ var ki, bir sıra xarici ölkələrdən prezident Putinə və baş nazir Medvedyevə ÜAK-la bağlı müraciətlər olur. Necə bilirsiniz, Rusiya hakimiyyəti bu müraciətləri nəzərə alıb təşkilatın ləğvi qərarını durdura bilərmi?
- Yox. Çünki Putin dəfələrlə deyib ki, o, belə işlərə qarışmır. Bu, hüquqi məsələdir və nə prezident, nə də baş nazir belə şeylərə müdaxilə etmir.
- Söyün Sadıqov da demişdi ki, imkanlarından istifadə edib Rusiya hakimiyyətindəki ayrı-ayrı çevrələrlə ÜAK barədə müzakirələr apara bilər. Sizin aranızda bununla bağlı müzakirələr olubmu?
- Xeyr. Axır vaxtlar mənim onunla əlaqəm yoxdur. Bir az da xəstəyəm, bağışlayın...
- Allah kömək olsun! Rüstəm bəy, sizinlə əlaqə saxlamışkən bir məsələ barədə də soruşum. Bugünlərdə belə məlumatlar yayıldı ki, Rusiya ərazisində yaşayan talış, kürd və digər milli azlıqların nümayəndələrinə Rusiya pasportu paylanır. Bir sıra müşahidəçilər bunu Azərbaycan üçün növbəti təhdid hesab edir. Bu fakt sizi narahat edirmi?
“Axır vaxtlar mənim Söyün Sadıqovla əlaqəm yoxdur”
- Azərbaycan vətəndaşlarına Rusiya pasportları verilirsə, bu, təhlükəli məsələdir. Deməli, onların gələcəklə bağlı hansısa planları var. Çünki Rusiyada güclə vətəndaşlıq almaq olur, birdən-birə nəyə görə başqa ölkənin vətəndaşlarına pasport paylasınlar? Deməli, bunun bir səbəbi var, elə-belə deyil. Amma Rusiyada yaşayan azərbaycanlılara pasport verilirsə, əksinə, yaxşı haldır. Bu halda o insanlar müəyyən hüquqlar əldə edəcəklər.
- Narahatlıq həm də bununla bağlıdır ki, Rusiya ötən illərdə separatçı Abxaziyada, Cənubi Osetiyada yaşayan insanlara da Rusiya pasportları paylamışdı...
- Mən də onu deyirəm ki, bu, heç vaxt bizim xeyrimizə ola bilməz.
- Rüstəm bəy, separatçıları soruşmaqda məqsədim var. Bir ara Qarabağ ermənilərinə də Rusiya pasportları paylana biləcəyi iddia olunurdu. Bu, nə dərəcədə realdır?
- Rusiyada bu pasportlar paylanırsa, deməli, Rusiyanın məqsədi var. Moskva məqsədsiz belə iş görməz. Ancaq onu deyə bilərəm ki, bu məqsəd Rusiyanın xeyrinə olsa da, bizim milli maraqlarımıza qəti şəkildə ziddir. Mən bundan başqa nə deyə bilərəm? Hardan bilirəm ki, nə məqsədlə aparırlar?
- Necə hesab edirsiniz, Rusiya Azərbaycanla bağlı yeni bir prosesmi başlatmaq istəyir?
- Mən onu deyə bilmərəm.
MilliYol.Az
Digər xəbərlər
loading...