“EKOMƏKTƏB - Gənclərin Ekoloji Maarifləndirmə Proqramı” layihəsi çərçivəsində seminar keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin təşkilati təşəbbüsü ilə Mingəçevir şəhərində “EKOMƏKTƏB - Gənclərin Ekoloji Maarifləndirmə Proqramı” layihəsi çərçivəsində müxtəlif təhsil müəssisələrində (Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kolleci, Mingəçevir Peşə Məktəbi ) təhsil alan şagird və tələbələr və eyni zamanda Mingəçevir Gənclər evinin könüllü gənclərinin iştirakı ilə seminar və təmizlik aksiyası keçirilib.
Layihənin məqsədi cəmiyyətdə, xüsusilə də yetişməkdə olan yeni nəsil-məktəblilər və gənclər arasında həyata keçiriləcək çoxsaylı ekoloji tədbirlər vasitəsilə geniş ekoloji maarifləndirmə işləri aparmaq və yetişməkdə olan yeni nəsildə ekoloji duyarlılığı formalaşdırmaqdır. Ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən kompleks tədbirlər və əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin aparılması insanların sağlam təbii mühitdə yaşamasına və dünyamızın sağlam gələcəyinə xidmət edir.
Layihənin əsas iştirakçıları müxtəlif təhsil müəssisələrində (Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kolleci, Mingəçevir Peşə Məktəbi ) təhsil alan şagird və tələbələr və eyni zamanda Mingəçevir Gənclər evinin könüllü gəncləri olublar.
Birlikdən verilən məlumata görə, layihənin icrasıyla bağlı layihə icraçıları Mingəçevir şəhərinə ezam olunublar. 03.06.2017-ci il tarixində layihənin icra planına uyğun olaraq Mingəçevir şəhərində “River Side Hotel”- də yuxarıda adları qeyd olunan təhsil müəssisələrinin tələbə və şagirdlərinin iştirakı ilə seminarın açılışı olub. Seminarı giriş sözü ilə layihə rəhbəri Nailə İsmayılova açıq elan edib. O, seminar zamanı layihə və layihə çərçivəsində keçiriləcək təmizlik aksiyası barəsində iştirakçılara və qonaqlara geniş məlumat verib.
Seminarda Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Gənclər Evinin, Mingəçevir Şəhər YAP Gənclər Birliyinin əməkdaşları iştirak edərək layihəyə uğurlar arzulayıblar. Daha sonra “SAF Həyat Naminə” Gənclər İB-nin sədri Dinara Bayramlı gəncləri təmizlik aksiyasında iştiraka dəvət edib. Seminar iştirakçıları ilə birgə Mingəçevir su anbarı və çimərlik ətrafında təmizlik aksiyası keçirilib. Aksiyada şəhər sakinləri və gənclər iştirak ediblər.
Onu da qeyd edək ki, seminar və aksiya iştirakçılarına əyani vəsait olaraq layihə çərçivəsində ekologiya ilə bağlı hazırlanmış kitabçalar paylanıb. Aksiya zamanı yığılmış məişət tullantıları, polietilen paketlər, plasmaq qablar və şüşə qablar ayrı ayrılıqda paketlənərək müvafiq quruma təhvil verilib.
İştirakçılar gərgin və maraqlı aksiyadan sonra yemək süfrəsi arxasında səmimi söhbət ediblər.
MilliYol.Az
Digər xəbərlər
loading...