“Bu ölkədə neft hasilatı tamamilə dayansa belə, onun dünya neft bazarına hər hansı bir təsiri olmayacaq”
Dünyada ən böyük qaz ehtiyatlarına sahib ölkələrdən biri olan Qətər son günlər diplomatik baxımdan demək olar ki, təcrid olunub. Ərəb ölkələri bir-birinin ardınca Qətərlə əlaqələrini kəsməsi haqqında bəyanat verir. Bəs görəsən, bu baş verənlər dünya bazarında neftin və qazın qiymətinə təsir edə bilərmi?
Bu sualı cavablandıran Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, Qətər böhranı faktiki olaraq neftin qiymətinə təsir göstərmir: “Neftin son günlərdəki qiymətləri də onu göstərdi ki, Qətər ətrafında yaranmış durumun bu məsələyə heç bir aidiyyəti yoxdur. Söhbət təkcə ondan getmir ki, Qətər çox az neft hasil edir və dünya bazarına az neft çıxarır. Bu ölkənin cəmi 600 min barel neft hasilatı var. Bu, Azərbaycanın hasil etdiyi həcmlərdən kifayət qədər azdır. Ölkəmizin 780 min barel neft hasilatı var. Qətər dünyada qaz hasilatı ilə bağlı mühüm yer tutur. Bu da Cənub Fars yatağının ona düşən hissəsi ilə əlaqədardır. Əgər dünya üzrə qaz hasilatçılarını sıralasaq , İran və Rusiyadan sonra Qətər gəlir".
Ekspertin sözlərinə görə, bu ölkənin neft hasilatı dayansa belə , bazarda ciddi şəkildə hiss olunmayacaq: “Vaxtilə 2008-ci ildə Gürcüstan-Rusiya müharibələri zamanı iki həftə Azərbaycan neftinin dünyaya çıxışı bütün boru kəmərləri üzərindən dayandı. O zaman faktiki olaraq Azərbaycan 800 min barelə yaxın neft ixrac edirdi. Bunu dünya bazarı hiss etmədi. İndi Qətərin neft hasilatının dayanması da bazara təsir edə bilməz. Bunun birjalara informativ təsiri belə olmadı. Cümə günü birjalar 49,95 dollarla bağlanmışdı. Artıq 49, 55 civarındadır. Ancaq bu cüzi ucuzlaşma da Qətərlə bağlı deyil. Amerika faktoru, oradakı neft ehtiyatlarının artırılması ilə bağlı proqnozlarla bağlıdır.
Qətərə qarşı embarqo qoyulması haqqında mətbuatda yazılar dərc olunur. Lakin məsələ burasındadır ki, bu embarqonu Qərb qoymur, Şərq ölkələri, BƏƏ, Misir və digərləri qoyur. Bu ölkələr də özləri neft ölkələridir. Onlar onsuz da Qətərdən neft almırdılar".
İlham Şabanın sözlərinə görə, Qətər qazının dünya bazarına çıxışı ilə bağlı da hər hansı problemin yaranacağı gözlənilən deyil: “İndi ”Qazprom" şirkətinin nümayəndəsi bildirir ki, vəziyyət daha da gərginləşsə, qazın qiymətlərinə təsir edə bilər. Söhbət maye qazın qiymətindən gedir. Ancaq Qətər öz maye qaz tankerlərini yola salıb. Birləşmiş Ərəb Əmirlikləri onun qarşısını almayacaq. Fars boğazının yarısı İrana bağlıdır. İran isə Qətərə dəstək verir. Problem o zaman olar ki, Qətərdən Amerika da üz döndərər. Çünki Qətərin paytaxtında Amerikanın Körfəz üzrə donanmasının qərargahı yerləşir. Onlar üçün heç bir problem yoxdur, təhlükəsizlikləri də qorunur. Həmçinin Qətərin terrorçuları dəstəkləməsi ilə bağlı ciddi bir sübut yoxdur.
Bir məsələni də qeyd etmək lazımdır ki, Qərb üçün bütün müsəlman aləminin yekdil fikirlə çıxış etməsi önəmli deyil. Elə Yaxın Şərq ölkələrinin bir-birinə qarşı antaqonist fikirlərdə olması onların da xeyrinədir. Belə olan halda istər iqtisadi, istərsə də siyasi məsələlərdə öz siyasətlərini çox yaxşı formada həyata keçirə bilirlər".
MilliYol.Az
Digər xəbərlər
loading...