Qətər mümkün qıtlıq narahatlığı səbəbindən qida məhsulları və su idxalı üçün Türkiyə, İran və digər ölkələrlə danışıqlar aparır
MilliYol.Az Azərtac-a istinadla xəbər verir ki, ərzaq məhsulları ölkəyə “Qatar Airways” aviakompaniyasının yük təyyarələri ilə gətiriləcək.
Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, Qətər bazarında 4 həftəlik buğda ehtiyatı qalıb. Ölkə hökuməti, həmçinin böyük strateji ərzaq ehtiyatına malikdir.
Qətər Ticarət-Sənaye Palatasının başçısı şeyx Xəlifə ben Casəm Əl Tani Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin boykotunun ərzaq və xammalın ölkəyə çatdırılma tempinə təsir etməyəcəyini bildirib. O, həmçinin strateji istehlak məhsulları ehtiyatının azı 12 ay kifayət edəcəyini vurğulayıb. Ölkəyə daxil olan ərzaq məhsullarının 95 faizi dəniz və hava yolu, yalnız 5 faizi quru sərhədi vasitəsi ilə daşınır.
Bununla belə, ölkədə ərzaq mallarının qıtlaşdığı müşahidə olunur. KİV-lər mağazaların boşalmış piştaxtalarının görüntülərini yayırlar. “Al-İktisadiya” qəzetinin məlumatına görə, Qətər gündəlik tələbat mallarının, ilk növbədə ərzağın təxminən 70 faizini idxal edir. Bu malların əksəriyyəti qonşu Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən gəlir.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviyanın müvəqqəti hökuməti, Maldiv və Mavriki respublikaları “terrora və ekstremist ideologiyasına dəstək verdiyinə görə” Qətərlə diplomatik əlaqələrini kəsmək, bank əməliyyatlarını dayandırmaq, həmçinin bu ölkə ilə dəniz və quru sərhədlərini bağlamaq barədə qərar qəbul ediblər. İyunun 6-da Mavritaniya da embarqoya qoşulduğu barədə məlumat yayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...