Kulis.az "Axşam oxusu" layihəsindən Hədiyyə Şəfaqətin yeni şeirlərini təqdim edi
Bir tutum ot göyərər yıxılıb qaldığım yerdə
Ot göyərər...
Otun gözləri qamaşar günəş işığından
Kirpiklərində bulud göyərər...
Külək göyərər yarpaqlarının taa ucunacan
Köklərində torpaq göyərər...
Sonra bir quanq göyərər otun başı üstündə
Günəş quanqa gülümsər
Külək quanqa gülümsər
Kirpikləri quruyar otun
Bulud torpağın altından quanqın canına keçər
Quanq təzədən budaq-budaq, yarpaq-yarpaq göyərər...
Çay yatağı göyərər quanqın yaxınlığında
Kənd göyərər quanqın yaxınlığında
Dağ göyərər quanqın yaxınlığında...
Quanqın başının üstündə gecə,
Gecənin başının üstündə ay göyərər...
Gümüşü-gümüşü dua göyərər - xışıldaşar quanqın yarpaqları...
Axıb gedən dupduru suların içində
Daşlara toxunar doğulmamış bir körpənin barmaqları...
Sonra...
Sonra...
Sonra kimsə tapa bilməz kim kimdən göyərdi
Yıxılıb qaldığım yerdən...
***
Sərxoş bir kimsəsizliyin gecəsində...
Göy gurultusu
İldırım işığı...
Yağış damcıları çırpınır,
Yağış damcıları parıldayır...
Aynaların sinəsində də...
Qəlbimin pıçıltıları əl uzadır saçlarıma
Başım ana dizinə möhtacdır sərxoş kimsəsizliyin gecəsində...
Onun da xəyalını yaratmışam
Yoxsa sərtdir mənim anam,
Başıma da hələm-hələm sığal çəkməzdi...
Hələm-hələm sevgi duyulmazdı səsində də...
...Kim deyər
Gecə hansıdır, gündüz hansı?
Mənim dediyimdir
Gözlərimi açmağa gərək duymadıqca içimdəki zaman...
Boşluğun azadlığında da,
Doluluğun qəfəsində də...
Qoymadılar xəyallarımıza yetişməyə,
Qoymadılar...
Qaranlıq dünyaya çəkdilər bizi,
dartındıq, çıxdıq əllərindən
Sərxoş ola bildikcə...
Ölmək istədik hər dəfəsində də...
Bacarmadıq....
***
...Eşq şərqiləri
İlahi,
Eşq şərqiləri harda bəstələnir dolur qəlbimizə,
Biz onları yoxluqdanmı yaratdıq?...
Niyə tuta bilmirik getmiş əllərin yaddaşını əllərimizdə,
Onlar
Necə də həsrət rəsmlərinə bənzərdi...
Görəsən
Hansı canı hansı candan qopartdıq...
Küləyin
Susmayan uğultusu
Qürubun sirli cazibəsini titrədir içimizdə
Səslərin yaralarını sarır....
Bir anda coşan tufan kimidir bu,
Hər şeyi,
Hər şeyi
Kökündən qoparıb aparır...
Yolu tut,
Yolu tut ayaqlarının altında,
Gözlərində
Nə olursa olsun yetişmək istədiyin mənzili, ey qərib...
Səni
Kimsə unudub getməyib bu dünyada,
Sevgili, kədərlənmə,
Səni eşq
Yalnız eşq
Uzaqlara göndərir..
MilliYol.Az
Digər xəbərlər
loading...