Son günlər bəzi onlayn resurslarda “Bizim Yol” qəzetində jurnalistlər üçün mənzillərin verilməsi üzrə namizədlik üzərində dava düşməsi barədə xəbərlər gedib. Bu xəbərlərdə diqqətimizi cəlb edən maraqlı bir məqam var: O materialların heç birində dava etdiyi deyilən şəxslərin mövqeyi əksini tapmayıb. “Bizim Yol” qəzetinin istənilən əməkdaşı ilə əlaqə saxlamaq təbii ki, rahat bir işdir, amma nədənsə bu qəzetlə bağlı “qalmaqal” xəbərləri yayanlar redaksiyadan heç kimin mövqeyini soruşmayıblar.
O üzdən qərara gəldik ki, bu məsələni həmin media qurumunun özü ilə dəqiqləşdirək. Son yazılardan birində belə ittihamlar yer alıb ki, qəzetin baş redaktoru Bahəddin Həziyev 5 namizəddən ikisini – redaktor Müşfiq Hüseynov və reklam yazarı Gülnarə Məmmədovanın namizədliyini israrla müdafiə edir. Digər namizədlər – baş redaktorun müavini Elçin Rüstəmli, müxbirlər Rəşad Vaqifoğlu və Ramid İbrahimli narazı qalıblar. Həmçinin yazıda qeyd edilib ki, Müşfiq Hüseynov və Gülnarə Məmmədovanın şəxsi mənzilləri var, qalan 3 namizəd isə kirayədə yaşayır. İttihamların bu hissəsi ilə bağlı Müşfiq Hüseynova müraciət etdik və həqiqətən də hazırda mənzilinin olub-olmadığı barədə sorğu verdik.
– Yazıblar ki, hazırda şəxsi mənziliniz olduğu halda namizəd olmusunuz…
– Mənzilimin olması barədə iddialara cavab olaraq deyim ki, mənim və himayəmdə olan ailə üzvlərimin heç birinin mülkiyyətində rəsmi və ya qeyri-rəsmi qaydada heç vaxt mənzil olmayıb və hazırda da yoxdur. Mən bu sıraya hər hansı sənədsiz evi və yaxud başqa şəxsin adına rəsmiləşdirilmiş mənzili də aid edirəm. Yəni bu variantları da nəzərə almaqla, mənim və himayəmdə olan şəxslərin heç vaxt mənzili olmayıb. Deməli, ya mən yalan danışıram, ya da onu yazan və yayan şəxs. O şəxs telefonunu götürüb rahat-rahat mənim fikrimi öyrənməyə cəhd etməyibsə, daha onunla danışmağın normal bir qaydasını təsəvvür eləmirəm. Həmin şəxsə mesajım budur: Gəlin, bu mövzuda yalan danışanın ünvanına oxucularımızın an ağır söyüşlərinə yer verək. Yəni kim yalan danışırsa, o söyüşlər o şəxsin payına düşsün. Əgər o xəbəri yazan şəxs ləyaqət hissini son damlasına qədər itirməyibsə, o zaman mütləq mənim barəmdə yazdıqlarını araşdırmağa qərar verəcək. Əks halda, ertəsi gün biz yalan danışanın ünvanına o təhqirləri real olaraq səsləndirəndə gedib evdə ailə üzvlərinin gözünün içinə dik baxmaq kimi bir problemi ortaya çıxacaq. Onu yazan həmkarımızın müraciətini gözləyirəm…
– Namizədliklə bağlı həqiqətən də dava-dalaş olubmu?
– Mən hər hansı davanın şahidi olmayıb. Redaksiyamızda da hazırda küsülü olan iki nəfər tapa bilməzsiniz.
– Namizədlərin seçimi prosesi necə təşkil olunmuşdu?
– Bu proses əvvəldən axıra qədər KİVDF nümayəndəsinin gözləri qarşısında baş verib. Namizədliklər irəli sürülüb, əlavə olaraq namizədliyini vermək istəyənlərin olub-olmadığı bir daha soruşulub, yekun olaraq 5 namizəd müəyyən edilib, sonra redaksiya əməkdaşlarının sayına uyğun bülletenlər hazırlanıb, bütün namizədlərin adları o bülletenlərə yazılıb. redaksiya əməkdaşlarına izah edilib ki, onlar heç kimə səs verməyə də bilərlər, yaxud istənilən sayda namizədə və ya bütün namizədlərə səs verə bilərlər. Daha sonra hər bir redaksiya əməkdaşı qonşu otaqda istədiyi namizədin adını işarələyib, geri qayıdaraq hər kəsin gözü qarşısında bülleteni üzüaşağı şəkildə stolun üstünə qoyub. Axırda hamının gözləri qarşısında bülletenlər qarışdırılaraq sıra yerləri dəyişdirilib ki, gizlilik prinsipi pozulmasın, sonra səslər sayılıb. Bir daha xatırladım ki, bütün proses KİVDF nümayəndəsinin müşahidəsi altında baş verib və təbii ki, nümayəndə nəticələrlərlə bağlı öz qeydlərini də götürüb. Nəticələr bəllidir, amma bu artıq redaksiyanın daxili işidir Məhz həmin nəticələr komissiyaya təqdim ediləcək və o zaman hər kəsin xəbəri olacaq. Hazırda bu barədə yazılanlar əsasən uydurmadır.
– Digər namizədlərin mülkiyyətləri barədə yazılanlar doğrudurmu?
– Ümumiyyətlə, o növ xəbərlərdə adları çıxmaqla, əksər təfərrüatlar yalandır. Namizədlərin mülkiyyətləri barədə də yalan məlumatlar yer alıb. Özümlə bağlı hissəyə az əvvəl cavab verdim. Amma yazıblar ki, Elçin, Rəşad və Ramid kirayədə yaşayılar. Biz həqiqəti heç kimdən gizlətmirik. Elçin bəy və Gülnarə xanım kirayədə yaşamırlar, hər ikisinin mülkiyyətində mənzil var, hər ikisi də ipotekadadır. Hər ikisinin ödənişlərlə bağlı ciddi problemləri var və hər iki mənzilin yerləşdiyi binanın sökülməsi ehtimalı var. İpotekada olan mənzillərlə bağlı kompensasiya sistemi isə borclu tərəf üçün itkili bir prosesdir. O üzdən hər ikisinin ehtiyacı var. Digər 3 namizəd – mən, Rəşad və Ramidin isə mülkiyyətində mənzil yoxdur.
– Bahəddin Həziyevin ayrıca olaraq Sizin və Gülnarə xanımın namizədliyini dəstəkləməsi barədə deyilənlərə aydınlıq gətirə bilərsinizmi?
– Əlbəttə. Mənimlə bağlı deyilənlər həqiqətdir. Bahəddin bəy həqiqətən də mənim namizədliyimi dəstəkləyib. Daha doğrusu, ümumi iclasda mənim namizədliyimi məhz Bahəddin Həziyev isrəli sürüb, bu mövqeyini öz arqumentləri ilə hamı üçün izah edib. Burada heç bir prosedur pozuntusu yoxdur, hər bir şəxsin maksimum bir namizəd isrəli sürmək hüququ var və baş redaktor da bu hüququndan bu şəkildə istifadə edib. Yəqin ki, iki və daha çox namizəd irəli sürmək hüququ olsaydı, məndən başqa şəxslərin də namizədliyini verərdi. Gülnarə xanımla bağlı deyilənlər isə yalandır. Bu əməkaşımız özü öz namizədliyini irəli sürüb. Bahəddin bəy onun müdafiəsinə yönəlik heç bir fikir səsləndirməyib. Ümumiyyətlə, Gülnarə xanımın namizədliyi əvvəldən nəzərdə tutulmuş məsələ olmayıb, belə olsaydı, yaxın tarixlərdə gedib ipoteka müqaviləsinə qoşulmazdı. Sadəcə, özü öz namizədliyini irəli sürüb və nəticələrə əsasən səs alıb.
– Bəs narazılıqlar həqiqətən də varmı?
– Deyə bilmərəm kiminsə ürəyində narazılığı var ya yox, amma açıq şəkildə narazılığın şahidi olmamışam. Digər tərəfdən isə narazı qalan istənilən şəxsin KİVFD-ə şikayətlə müraciət etmək hüququ var. Narazı şəxs şikayət edə bilər və qurum proseslərin şəffaflıq və ədalət prinsiplərinə uyğunluğunu araşdırar. Halbuki hazırda belə bir şikayətçimiz də yoxdur. Başqa sözlə, əgər narazılar varsa, tez-gec bunu hamı biləcək. Hazırda redaksiyamızda dava və narazılıq halları müşahidə etmirəm.
Mənbə: Aztoday.az
Digər xəbərlər
loading...