Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, I vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev modern.az-a müsahibə verib.
MilliYol.Az xəbər verir ki, Y.Məmmədəliyev müsahibədə bir sıra maraqlı məqamlara toxunub.
- Yusuf müəllim, ölkə başçısının sizinlə bağlı təyinatını necə qiymətləndirirsiniz? Bu barədə fikirlərinizi öyrənmək istərdik.
- İlk növbədə qeyd edim ki, cənab Prezidentin Sərəncamı ilə həyata keçirilən struktur dəyişikliyi yeni situasiyaya və çağırışlara uyğun olaraq ölkənin ali icra orqanının fəaliyyətində dinamikliyin, çevikliyin və optimallığın təmin edilməsi məqsədi daşıyır. Güclü prezidentlik institutu, heç şübhəsiz, sabit və dayanıqlı idarəçiliyin vacib şərtidir. Bildiyiniz kimi, Prezidentin köməkçi vəzifəsinə təyinat alan şəxslər uzun illərin idarəçilik təcrübəsinə malikdirlər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması da cənab Prezidentin müəyyən etdiyi islahatlar kursunu uğurla reallaşdırmaq və qarşıya qoyulan vəzifələri daha effektiv şəkildə icra etmək məqsədi daşıyır. Mən də öz növbəmdə cənab Prezidentə bir daha təşəkkür edir, üzərimə düşən məsuliyyəti dərk edir, göstərilən etimadı doğrultmağa çalışacağam.
- Sizin vəzifəniz yeni təsis olunub. Müvafiq sahə və istiqamətlə bağlı fikirlərinizi bilmək maraqlı olar. Hər hansı yeni layihələr nəzərdə tutulurmu?
- Gənclər və idman məsələləri Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət tərəfindən gənclərə diqqət və qayğı hər il artır.
Gənc nəslin ölkənin innovativ potensialı olduğunu nəzərə alaraq, bu istiqamətdə onların fəaliyyətini təşviq etmək, gənclərlə intensiv fikir mübadiləsi həyata keçirmək, ən əsası isə rəqabətə davamlı kadrların formalaşdırılması, zənnimcə, hazırda qarşıda duran prioritet istiqamətlərdəndir. Dünyanın inkişaf etmiş ölkələrində yeni, enerjili və produktiv gənc nəslin həm zehni, həm fiziki imkanları ölkənin iqtisadi, mədəni və sosial inkişafın əldə edilməsinə təsir göstərir. Hazırda, Azərbaycanda bütün sahələrdə professional mühit cavanlaşır.
Qeyd edim ki, bu gün Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər gənclərin vətənpərvərlik ruhunun yüksək olması, onların yaxşı təhsilə yiyələnməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, idman sahəsində uğurlarının daha da artırılması, məşğulluq, sağlamlıq, sosial və s. problemlərinin həllinə dəstək olmaqdır.
Azərbaycanda həyata keçirilən idman siyasəti nəticəsində ölkə artıq mötəbər beynəlxalq yarışların keçirildiyi məkana çevrilib. Gənclərin özlərinin və gələcək övladlarının gələcəyini məhz Vətəndə görməsi üçün daima onlara dəstək olacağıq.
Dünyanın müasir çağırışlarına adekvat olaraq belə bir strukturun yaradılması, ölkə başçısının və I Vitse-prezidentin dəstəyi ilə fəaliyyətimizin nəticəsində uğur qazanan Azərbaycan gəncliyi olacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...