Bakıda mənzildən oğurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sadiq Heybətov və Röyal Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olaraq Nərimanov rayonu ərazisində Samir Qulubəyovun mənzilindən oğurluq ediblər.
Hadisə 2017-ci ilin yanvar ayında baş verib. İttihama görə, hər iki şəxs Nərimanov rayonu ərazisində 11 mərtəbəli binanın damından Samir Qulubəyovun 10-cu mərtəbədəki mənzilinə kəndirlə düşüblər.
Evin yataq otağından 4 min dollar, 30 min avro, qızıl-zinət əşyaları və bir neçə xarici avtomobilin açarlarını götürüblər. S.Heybətov və R.Kərimov ümumilikdə 129 min manatlıq oğurluq ediblər. Əldə edilən məbləği də öz aralarında bölüblər.
Məhkəmədə hər iki şəxs elan edilən ittihamla özlərini təqsirli biliblər.
Təqsirləndirilən Sadiq Heybətov mənzilindən oğurluq etdiyi Samir Qulubəyovla uşaqlıq dostu olduqlarını və oğurluğu ehtiyac üzündən etdiyini söyləyib.
S.Heybətov dostunun evindəki pulu təmir gedən zaman gördüyünü bildirib: "Oğurluğu planlaşdırdıq. 11-ci mərtəbədən düşdük. Pulu aramızda böləndən 6 gün sonra tutulduq".
S.Heybətov pulun bir hissəsini xərclədiklərini, qalan hissəsini isə təhvil verdiklərini deyib.
Digər təqsirləndirilən Röyal Kərimli də əməlindən peşman olduğunu deyib: "Ehtiyac olduğu üçün etmişəm. İşi yox idi. Məcbur qalıb etdik".
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslərlə zərərçəkmiş arasında barışıq olub. Samir Qulubəyov dəymiş zərər ödənildiyi üçün təqsirləndirilən şəxslərdən şikayətini geri götürüb.
MilliYol.Az
Digər xəbərlər
loading...