Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 99 il ötür. Bu tarix müstəqil Azərbaycanın banisi olan M.Ə.Rəsulzadənin adı ilə sıx bağlıdır. Belə bir gündə böyük liderin oğul nəvəsi Rəis Rəsulzadə sfera.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Rəis bəy, Rəsulzadə haqqında bildiklərinizdən danışaq. Bu oxucularımız üçün çox maraqlıdır...
- Rəsulzadədən günlərlə danışmaq olar. İnanın ki, bu bir müsahibəyə yerləşən mövzu deyil. Rəsulzadə şəxsiyyətini öyrənmək xüsusi diqqət tələb edir. Çünki Rəsulzadə fövqəladə bir şəxsiyyətdir, onu sıravi şəxsiyyətlər arasına qoymaq doğru deyil. Onu demək kifayətdir ki, babam Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, ilk Cumhurbaşqanı, Azərbaycan Azadlıq Hərəkatının böyük ideoloqudur. Azərbaycanın dünyada hüquqi dövlət kimi tanınmağı böyük bir nəaliyyətdir və bizim qürurumuzdur.
- Babanız siyasətə yaxın şəxsiyyət olub. Sizi siyasətdən uzaq salan səbəb nədir?
- Heç bir səbəb yoxdur, mən öz işimlə məşğulam. Rəssamam... Demək, bir dəfə AzTV-nin müxbiri haqqımda geniş süjet hazırladı. Üstündən bir neçə müddət keçəndən sonra müxbir mənə zəng edib ağlaya-ağlaya dedi ki, "Rəis bəy, üzrlü hesab edin, süjetin efirə getməsinə icazə vermədilər". Sonra işindən istefa verdiyini eşitdim. Siz də mənim siyasətdən niyə uzaq durduğumu soruşursunuz. Hələ mən siyasətdən uzağam, mənimlə bağlı süjetin efirdə getməsinə icazə vermirlər. Siyasətə yaxın biri olsam, nələr olar, nələr (gülür).
- Səbəb nə idi?
- Mən də anlamadım ki, nəyə görə efirə vermədilər. Buna səbəb nə ola bilər? Burada qeyri-adi nə var idi ki.
- Məhəmməd Əminin Azərbaycan tarixində yerini necə qiymətləndirirsiniz?
- Rəsulzadənin məzarı üstə də yazılıb "insanlara hüriyyət, millətlərə istiqlal". Rəsulzadəni ifadə etmək üçün bu söz kifayətdir. Artıq 22 ildir ki, Azərbaycan müstəqil dövlət kimi qurulub. Rəsulzadə bu dövləti, bayrağı yaradan, varlığını təsdiq edən şəxsdir. Rəsulzadə bizim fikirlərimizdən asılı olaraq və ya olmayaraq artıq tarixdə təsdiq olunub. Rəsulzadənin qiyməti və dəyəri böyükdür. Ən əsası da Rəsulzadə haqqında geniş yazı yazılsa, kütləyə çatdırılsa daha maraqlı və böyük iş görülmüş olar. Azərbaycanın minillik tarixində Rəsulzadənin xüsusi və müstəsna yeri var. Buna uyğun dəyərləndirilməlidir.
- Babanız barəsində daha nələrin edilməsini istərdiniz?
- İstərdim ki, cəmiyyətdə "Rəsulzadə kimdir?" sualını verməsinlər. Bu suallarla babamı alçaldırlar. Heç Türkiyədə "Atatürk kimdir?" sualını verirlər?! Xeyr! Bir dəfəlik anlasınlar ki, Rəsulzadənin tarixdə halal haqqı və nüfuzu var. Rəsulzadə haqqında irsini öyrənmək bizə lazımdır. İrsi geniş şəkildə təbliğ olunsun. Onun irsini araşdıran kitablar dövlət səviyyəsində dərc olunsun. Nə qədər kitab dərc olunarsa, Rəsulzadə irsi o qədər dərindən araşdırılar. Onunla bağlı sənədli filmlər çəkilsin. Çünki Rəsulzadə Azərbaycan xalqının, mədəniyyətinin böyük bir hissəsidir.
- Məzarın Azərbaycana gətirilməsini istərdinizmi və ya rəsmi qurumlara müraciət etmisiniz?
- Bu mövzu heç vaxt gündəmdə olmayıb. Bunu hadisələrin gedişatı göstərəcək. İstərdim gətirilsin, amma bunu zaman göstərər. Müraciətə gəlincə, mən heç vaxt müraciət etmək fikrində olmamışam. Axı mən nəyə görə müraciət etməliyəm ki? Bu məgər tək mənim öhdəliyimə düşən bir məsələdir? Bilirsiniz, bu mövzuya bu cür laqeyd yanaşmaq xalqın problemidir. Rəsulzadə tək mənim babam deyil, o həm də sizin babanızdır. Gərək ictimaiyyət özü bu mövzuya diqqət göstərsin.
- Bakı Dövlət Universiteti Məhəmməd Əmin Rəsulzadənin adını daşıyıb. Yenidən babanızın adının verilməsini istərdinizmi və ya müraciət olunub?
- Tarix nə qədər dərin olsa, bir o qədər şərəflidir. Bu gün Rusiya Akademiyasının alimi M.Ə.Rəsulzadənin rolundan yazır, amma biz nə etdiyimizi, heç özümüz də bilmirik, qalmışıq kənarda. O, BDU-nin təməlini qoyub. Ən başlıcası, onun ədəbi irsini qorumaq, məktəblərdə, universitetlərdə tətbiq etmək lazımdır. Gərək, bu mövzuda geniş təbliğat aparılsın. Yalnız bütün bu məsələlər həll olunandan sonra M.Ə.Rəsulzadənin məzarı ölkəyə gətirilə bilər.
- Bu il müstəqilliyimizin əldə olunmasının 99 illiyini qeyd edirik. Gələn il isə 100 illiyini. Babanız üçün 100 illikdə istəyiniz nədir?
- Müstəqil Azərbaycanımız Rəsulzadənin yaratdığı, əməyinin, fəaliyyətinin nəticəsi olan bir dövlətdir. Sağlıq və sülh bərqərar olsun, müharibələr olmasın. Dağlıq Qarabağ problemi öz həllini tapsın və gələn il bunu təntənəli şəkildə qeyd edək. Eyni zamanda Rəsulzadənin halal haqqı nədirsə, o yerinə yetirilsin. Möhtərəm Prezidentimiz də 100 illiklə bağlı sərəncam imzalayıb. Ancaq ən vacib şərtlərdən biri, Bakıda babamın ev muzeyi yaradılsa daha yaxşı olar.
- Bu yaxınlarda millət vəkili Araz Əlizadə müsahibə verərkən, "Rəsulzadə Azərbaycan üçün heç nə etməyib",- deyə fikir səsləndirib. Millət vəkilinə cavabınız nədir?
- Rəhmətlik Heydər Əliyev kimlərisə tənqid edəndə həmişə deyərdi ki, "bir yerə bir mıx vura bilməyən, bir iş görə bilməyən adam, həmişə yekə-yekə danışır". Getsin, tarixi dərindən öyrənsin, sonra söz deməyə haqqı olar.
- Rəsmilər sizə hansısa imtiyazlar veriblər?
- Əlbəttə... Müəyyən imtiyazları tanıyırlar, amma mən heç vaxt bundan istifadə etməmişəm.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...