Ermənistan müdafiə naziri Seyran Ohanyan son günlər həddindən əsəbi vəziyyətdədir.
ANS PRESS-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan «Joxovurd» qəzeti yazıb. Qəzetin bildirdiyinə görə, son günlər Seyran Ohanyan öz işçiləri ilə danışan zaman tez-tez özündən çıxır və halı pisləşir.
Əvvəllər heç zaman Seyran Ohanyanın bu cür əsəbiləşmədiyini qeyd edən qəzet ehtimal edir ki, bu onun tezlikcə siyasi karyerasının başa çatacağından xəbər verir: "İstisna edilmir ki. hakim elita artıq ona bildirib ki, ən yaxşı halda o, öz vəzifəsində qarşıdan gələn parlament seçkilərinə qədər qala biləcək. Bundan sonra isə onun siyasi karyerası başa çatacaq.
Əgər bu ehtimal doğrudan da gerçəkdirsə, deməli, onun əsəbiləşmək üçün səbəbləri var. Çünki bir zamanlar onun işləri o qədər "yaxşı" gedirdi ki, məhz Ohanyanı Serj Sarkisyanın varisi sayırdılar. Amma bu gün Ohanyanın çiçəklərə laqeyd olmayan arvadının hesabına, həmçinin tətbiq etdiyi idarəetmə üsulları sayəsində onun hətta müdafiə naziri vəzifəsində qalması yolverilməzdir".
Beləliklə, Ermənistanda 1998-ci ildə baş vermiş hərbi çevrilişdən sonra Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə əsası qoyulmuş ənənə başa çata bilər. Həmin ənənəyə görə, Ermənistanda hakimiyyətə yol Qarabağı işğal etmiş erməni birləşmələrinə rəhbərlikdən keçir. Serj Sarkisyandan sonra həmin yolla Seyran Ohanyanın qalxacağı düşünülürdü.
Amma aprel döyüşlərindən sonra Ermənistan ordusunda ortaya çıxan çatışmazlıqlar bu ənənənin qarşısında böyük maneə yaratdı. Baş nazir Ovik Abramyanın orduda başladığı yoxlamalar ciddi korrupsiya faktları aşkarladı. Serj Sarkisyanın və Seyran Ohaynanın yaxını olan bir neçə general həbs edildi. Onların sırasında Serj Sarkisyanın qohumu olması ilə fəxr edən general Mels Çilinqaryan xüsusilə fərqlənir.
Mels Çilinqaryan uzun illər Ermənistan ordusunun silah-sursat təchizatı ilə məşğul olub. Erməni mətbuatı onun həyata keçirdiyi təchizat zamanı qiymət şişirtmələrinin müşahidə edildiyini yazır. Ovik Abramyanın göndərdiyi müfəttişlər dindirmələr zamanı Mels Çilinqaryanı o qədər sıxıblar ki, axırda xəstəxanaya yerləşdirilib.
Beləliklə, aprel döyüşləri Birinci Qarabağ müharibəsi zamanı Rusiyanın yardımından istifadə edərək Azərbaycan torpaqlarını işğal etmiş "Qarabağ" klanı təmsilçilərinin hakimiyyətdən salmaq üçün əsas yaradıb. Bu işin arxasında kimin - Rusiyanın, yoxsa qərbin durduğu qaranlıqdır. Bu proses aprel döyüşlərindən sonra Serj Sarkisyanın əzəli düşməni Levon Ter-Petrosyanın evinə gedərək məsləhət istəməsindən sonra başladı.
Hər halda, Ter-Petrosyan hakimiyyətdən müəyyən ərazilərdən işğal qoşunlarını çıxarmağa razılaşdığı üçün salınmışdı. Bu məsələdə Rusiyanın "Qarabağ" klanına verdiyi dəstək də rol oynamışdı. İndi Ovik Abramyanın, yaxud Ermənistan ermənilərinin digər təmsilçisinin hakimiyyətə gəlməsi də Rusiyanın himayəsi altında olmalıdır. Əgər ermənilər Rusiyanın himayəsindən imtina edərlərsə, onda Azərbaycan ordusuna ərazi bütövlüyünü təmin etməyə mane olan əsas aktyorlardan bir ortadan qalxmış olar. İndi ermənilərin bizə bu imkanı yaradıb, yaratmayacağını yaşayıb görəcəyik.
MilliYol.Az
Digər xəbərlər
loading...